Prezident bu gün də fərman imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında
Dövlət Fitosanitar Nəzarəti Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi
barədə fərman imzalayıb
Dəyişikliklərə əsasən, Əsasnamənin 2-ci bəndi aşağıdakı redaksiyada verilir:
"2. Dövlət Xidməti fitosanitar nəzarəti həyata keçirən icra hakimiyyəti
orqanıdır.”.
8.1-ci, 8.3-cü, 8.4-cü və 8.6-cı yarımbəndlər aşağıdakı redaksiyada verilir:
"8.1. bitki və bitkiçilik məhsulları saxlanılan anbarlarda, bazarlarda, həyətyanı
sahələrdə, fərdi və kollektiv bağ və bostan sahələrində, torpaqlarda, xüsusi
mühafizə olunan təbiət ərazilərində və obyektlərində fitosanitar vəziyyəti
araşdırmaq, müayinələr, müşahidələr aparmaq, profilaktik və bitki mühafizəsi tədbirləri
həyata keçirmək;”;
"8.3. müvafiq qaydada fitosanitar nəzarətinin həyata keçirilməsi ilə bağlı
ekspertiza, tədqiqat və qiymətləndirmə işlərinin aparılmasını, fitosanitar nəzarətində
olan karantin obyektlərinə və karantin nəzarətində olan materiallara baxış
keçirilməsini, nümunələr götürülərək onların yoxlanılmasını həyata keçirmək;
8.4. fitosanitar nəzarətində olan karantin obyektlərində və karantin nəzarətində
olan materiallarda zərərli orqanizmləri vaxtında aşkar edərək onları təcrid etmək,
məhsulun tədqiqi nəticəsində təhlükəliliyi sübut edilmiş bitki və bitkiçilik məhsullarını
müvafiq qaydada götürmək, saxlamaq, zərərsizləşdirmək, təkrar emal etmək və ya
məhv etmək üçün müvafiq tədbirlər görmək;”;
"8.6. bitki və bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan hüquqi və
fiziki şəxslərə bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji
preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və
daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələr vermək;”.
Əsasnaməyə aşağıdakı məzmunda 8.7-ci yarımbənd əlavə edilir:
"8.7. fitosanitar xidmətinə dair təlimatın, qaydaların, uçot, hesabat, akt
və protokol formalarının, icazə xarakterli sənədlərin və digər normativ sənədlərin
qanunvericilikdə nəzərdə tutulan qaydada və müvafiq beynəlxalq təşkilatların tələblərinə
uyğun hazırlanmasını və nəşr edilməsini təmin etmək.”.
Həmçinin 10.1-ci, 10.3-cü, 10.4-cü, 10.5-ci, 10.6-cı və 10.8-ci yarımbəndlər
aşağıdakı redaksiyada verilir:
"10.1. fitosanitar nəzarəti sahəsində dövlət nəzarətini həyata keçirmək;”;
"10.3. sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə
uyğun olmayan anbarlarda və digər istehsalat binalarında, satış yerlərində
bitki mühafizə vasitələrinin, dərmanlanmış toxum və əkin materiallarının
saxlanılmasını və satışını qadağan etmək;
10.4. bitki mühafizəsi tədbirləri mövcud təlimat, texnologiya və reqlamentlərin
pozulması ilə aparıldığı hallarda, bu tədbirləri həmin nöqsanlar aradan
qaldırılana qədər dayandırmaq;
10.5. bitkilərin zərərli orqanizmlərlə sirayətlənmək təhlükəsi müəyyən edildikdə,
bu təhlükəni yaradan subyektlər barədə tədbirlər görülməsi üçün aidiyyəti dövlət
orqanlarına müraciət etmək;
10.6. torpaq istifadəçiləri tərəfindən aqrotexniki, kimyəvi, bioloji və digər tədbirlərin
aparılmasına, bitki mühafizəsi vasitələrinin istifadəsi reqlamentinə riayət
olunmasına nəzarəti həyata keçirmək;”;
"10.8. fitosanitar nəzarəti sahəsində qanunvericiliyin pozulmasına görə
hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb olunması üçün qanunvericiliklə müəyyən
edilmiş qaydada müvafiq tədbirlər görmək;”.
Aşağıdakı məzmunda 10.1-1-ci, 10.1-2-ci, 10.3-1-ci, 10.3-2-ci və 10.8-1-ci
yarımbəndlər əlavə edilir:
"10.1-1. müvafiq qaydada (dövlət sərhədinin buraxılış məntəqələrində
istisna olmaqla) bitki və bitkiçilik məhsullarının istehsalı, emalı, tədarükü,
saxlanılması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə,
habelə dəniz və hava limanlarına, dəmir yolu stansiyalarına, poçtamtlara,
elevatorlara, anbarlara, gəmilərə, mülki təyyarələrə, qatarlara və digər nəqliyyat
vasitələrinə, bazarlara, elmi tədqiqat və sort-sınaq sahələrinə daxil olmaq,
habelə fitosanitar müayinələrin keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına,
hüquqi və fiziki şəxslərə müraciət etmək, obyektin fitosanitar vəziyyəti və
karantin nəzarətində olan materiallar barədə məlumat almaq və həmin
materialların sənədləri ilə tanış olmaq;
10.1-2. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalı,
ixracı, istehsalı, saxlanılması, satışı və tətbiqi ilə məşğul olan hüquqi və
fiziki şəxslərin Azərbaycan Respublikasının Vergilər Nazirliyindən alınmış məlumata
əsasən uçotunu aparmaq;”;
"10.3-1. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin
satışı və istifadəsi ilə məşğul olan hüquqi və fiziki şəxslərdən təhlükəsizlik
qaydalarına riayət edilməsini, ətraf mühitin çirklənməsinə yol verilməməsini və
çirklənmənin ləğv edilməsini tələb etmək, istifadəyə yararsız və yüksək toksiki
xassəyə malik preparatlardan istifadənin qanunvericiliklə müəyyən olunmuş
qaydada qadağan edilməsi və dövriyyədən çıxarılıb məhv olunması haqqında qərar
qəbul etmək;
10.3-2. karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə daxilində bir ərazidən
digər əraziyə yayılmasının qarşısını almaq, həmin ərazidə fitosanitar tədbirləri
həyata keçirmək üçün karantin postlarının qoyulması, onların sayı və yerləşməsi
barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təkliflər vermək;”;
"10.8-1. ölkə ərazisinin fitosanitar vəziyyəti barədə qanunvericiliklə müəyyən
edilmiş qaydada Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə hesabat
vermək;”.