Azərbaycanda dövlət qulluğunun inkişafına dair strategiya təsdiqlənib

  • 23 noy 2018, 21:08

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncam dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədi daşıyır.

1. "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın həyata keçirilməsi və icrasının monitorinqi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın icrası üzrə fəaliyyət planlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat versin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın 2022−2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini hazırlayaraq 2021-ci il iyulun 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Oxşar xəbərlər