İlham Əliyev 1 sərəncam, 2 fərman imzaladı

  • 26 yan 2018, 21:12

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Demokratik.Az" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin maddi-texniki bazasını gücləndirmək, qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək məqsədilə qərara alıram:

1. Bu Sərəncamın 1, 2 və 3 nömrəli əlavələrində qeyd edilən laboratoriyalardan, o cümlədən onların yerləşdiyi inzibati binalardan və maddi-texniki bazalarından ibarət dövlət əmlakı, müvafiq olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin balansından Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) balansına verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. iki ay müddətində:

2.1.1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etsin;

2.1.2. bu Sərəncamın 2 nömrəli Əlavəsində qeyd edilən tikilməkdə olan laboratoriyalar üçün nəzərdə tutulmuş vəsaitin Agentliyə ayrılmasını təmin etsin;

2.2. Agentliklə birlikdə bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən Agentliyə keçəcək ştat sayının və "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəsaitin Agentliyə ötürülməsi üçün zəruri tədbirlər görsün;

2.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncamın 1-ci hissəsinin icrası başa çatana qədər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həmin laboratoriyalardan istifadə ilə bağlı qanunvericilikdə müəyyən olunmuş səlahiyyətlərinin həyata keçirilməsini davam etdirsinlər.

4. Agentlik:

4.1. bu Sərəncamın 1-ci hissəsinin icrası başa çatdıqdan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əsasnamələri ilə müəyyən olunmuş vəzifələrinin icrası ilə bağlı həmin dövlət orqanlarının müvafiq laboratoriyalardan ödənişsiz istifadə etməsini təmin etsin;

4.2. bu Sərəncamın 2 nömrəli Əlavəsində qeyd edilən tikilməkdə olan laboratoriyaların tikintisinin başa çatdırılmasını və fəaliyyətinin təşkilini təmin etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 40-cı hissəsindən "Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi, onun müavini, şöbə müdiri, onun müavini, yerli qurumların rəhbərləri, onların müavinləri,” sözləri çıxarılsın və həmin hissədə "dövlət müfəttişləri” sözləri "vəzifəli şəxslər” sözləri ilə əvəz edilsin.

***
İlham Əliyev "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 aprel tarixli 604 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

"Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 aprel tarixli 604 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 283; 2014, № 10, maddə 1204) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü, 4-cü və 5-ci hissələr ləğv edilsin.

2. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:

"6. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Aparatının işçilərinin say həddi 112 ştat vahidi müəyyən edilsin.”.

3. Həmin Fərmanla təsdiq edilmiş Əlavə I – "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin strukturu”nun 2-ci, 3-cü və 4-cü hissələri ləğv edilsin.

Oxşar xəbərlər