“Omikron”u ev şəraitində necə müalicə etməli?

  • 03 fev 2022, 23:03
“Omikron”u ev şəraitində müalicə etmək mümkündürmü? Bu, nə qədər təhlükəlidir? Hansı risklər yarana bilər?
Media.Az-ın bu suallarını Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov cavablandırıb.
“Omikron” ştammının yaratdığı xəstəliyin gedişi “Delta” ştammı ilə müqayisədə daha yumşaqdır. Əksər xəstələrdə yoluxucu proses yuxarı tənəffüs yollarında lokallaşdırılır, nadir hallarda ağciyər toxumasına təsir göstərir. Bu səbəbdən xəstələr adi mövsümi kəskin respirator infeksiyalar zamanı olduğu kimi müalicə edə bilirlər”, – deyə infeksionist bildirib.
Onun sözlərinə görə, koronavirusun istənilən ştammını yüngül keçirdikdə, onu adi kəskin respirator virus infeksiyaları kimi müalicə etmək olar. Burada söhbət simptomatik müalicədən gedir.
“Vətəndaş PCR testinin müsbət nəticəsini aldıqdan sonra evdə özünü təcrid etməlidir. Xəstəlik boyu mümkün qədər çox maye içmək lazımdır. Yüksək temperatur varsa, qızdırmasalan dərmanlar qəbul etmək tövsiyə olunur. Öskürək və boğaz ağrınız varsa, bal və antiseptiklə su içə bilərsiniz. Öskürək əleyhinə dərmanlara gəlincə, onları nisbətən qısa müddətə qəbul etmək olar”, – deyə həkim izah edib.
Mütəxəssis evdə müalicə zamanı hansı dərmanların əks göstərişli olduğu barədə də xəbərdarlıq edib. O, heç bir halda, həkim resepti olmadan antibiotiklər, hormonal dərmanlar və antikoaqulyantların qəbul edilməməsini xatırladıb.
Həmçinin T.Eyvazov hansı hallarda təcili olaraq həkimə müraciət etməyin lazım olduğunu da aydınlaşdırıb.
“Heç bir dərman vasitəsi ilə keçməyən yüksək hərarətiniz varsa, döş qəfəsində ağrılar varsa, əlavə olaraq nəfəs darlığı və hava çatışmazlığı hiss edirsinizsə, dəriniz mavi rəngə çevrilibsə, dərhal həkimə müraciət etməli və ya təcili yardıma müraciət etməlisiniz. Əgər oksigen aparatınız varsa, o, tibb işçiləri gəlməmişdən əvvəl sizə qanda oksigenin səviyyəsini bildirəcək. Ancaq yalnız mütəxəssislər sizin vəziyyətinizi düzgün təhlil edə və lazım gələrsə, sizi xəstəxanaya çatdıra bilərlər”, – deyə Azərbaycan Səhiyyə Nazirliyinin eksperti yekunlaşdırıb.
Oxşar xəbərlər