Jurnalist “Operativ qərərgahın” yalanını İFŞA etdi

  • 25 avq 2021, 09:19
“Operativ Qərargah”ın 20 avqust 2021-ci il tarixində keçirdiyi və bir başa bütün televiziya kanalları vasitəsi ilə respublikaya yayımlanan brifinqi boş-boş ifadələrlə və qırmızı yalanlarla bir daha on milyonluq Azərbaycan vətəndaşlarını özünə güldürdü. Mövsümovun biri-biri ilə uyuşmayan fikirləri, Hacıyevin pərdəarxası hədyanları, Qarayevanın məntiqə sığmayan yalanı faktik olaraq yalan olduğunu həyatda da sübut etdi.

Qarayeva öz çıxışında bildirdi ki, iki dəfə Çin peyvəndi vurdurub və onun arxasınca üçüncü dəfə Avropa istehsalı olan peyvənd vurdurubdur. O, həmçinin vətəndaşları bu variantda istifadə etməyə çağıraraq öz tövsiyyələrini verməyi də, unutmadı. Mən xanım Qarayevanın söylədiklərini əsas götürərək randevu vasitəsi ilə növbəti, üçüncü vaksini vurdurmağa icazə aldım. Demək, 23 avqust saat 14-00 dan, saat 15-00 dək mənə vaxt təyin olundu. Randevunun verdiyi zamana uyğun olaraq mən Xırdalan şəhəri 5 saylı orta məktəbdə oldum. Arayış üçün qeyd edim ki, birinci və ikinci vaksinləri də müvafiq olaraq bu ilin 15 fevral və 15 mart tarixlərində burda vurdurmuşdum.

Burda məktəbin qarşısında böyük növbə gördüm. Demək olar ki, bir neçə nəfər və üç polis əməkdaşından başqa heç kim tibbi maska taxmamışdır. Mən əvvəlcə nə üçün bu qədər növbənin olması ilə maraqlandım. Dedilər ki, bir nəfər tibb bacısı işləyir. Odur ki, mən Səhiyyə Nazirliyinə zəng etdim və bunun səbəbini aydınlaşdırmaq istədim Çox təəssüflər olsun ki, telefonların heç biri cavab vermədi. Məcburiyyət qarşısında qalaraq Abşeron Səhiyyə İdarəsinin direktor müavini Leyla xanımın, (050) 330-33-77 saylı səyyar telefona zəng etdim və nə üçün bir tibb bacısının işləməsinin səbəbini soruşdum. O, bunun ezamiyyətlə bağlı olduğunu bildirdi. Ancaq bir neçə dəqiqədən sonra tibb bacılarının sayı ikiyə çatdı. Bax, elə bu zaman guya ki, “qayda-qanun” yaradan üç polis əməkdaşının qeyri-etik normaları ilə üzləşdim. Sən demə mənim onlarla qanun çərçivəsində danışmağım və öz hüququmu tələb etməyim xoşlarına gəlməyibdir.

Onlardan biri əli ilə mənim sinəmdən yapışaraq itələyir, digəri üstümə qışqırır, üçüncüsü isə polis idarəsinə aparılaraq dama soxulmağımla bağlı hədə qorxu gəlirdi. Nəhayət ki, Azərbaycan Respublikasının Konstitusiyası haqqında məlumatlı olmağım köməyimə yetişdi. Onlara başa saldım ki, icazə verin kompüterdə olub və ya olmamağımı yoxlayım. Sonda həqiqət qalib gəldi və mənim içəri keçməyimə razılıq verdilər. Kompüterə yaxınlaşıb həkimə müraciət etdim. O, isə “Operativ Qərargah”ın üzvü, TƏBİB-in rəis müavini üçüncü doza peyvənd haqqında tamamilə yalan danışıldığını, ümumiyyətlə, belə bir göstəriş verilmədiyini,-bildirdi

Kor-peşiman evə qayıtdım, ançaq bir tərəfdən Qarayevanın xalqı aldatması, ikinci tərəfdən polis əməkdaşlarının qeyri-etik davranışları, üçüncü tərəfdən havanın isti olması bir şəkərli diabetin ağır formasının daşıyıcıs kimi məni sakit buraxmırdı. Odur ki, məcburiyyət qarşısında qalaraq 102 Xidmətinə zəng edib iradlarımı bildirdim. DİN-nə məsləhət edərdim ki, polisə yalnız boyu uca olanları yox, daha ağıllıları və təmkimliləri qəbul etsinlər...
İnanmaq istəyirəm ki, DİN-nin rəhbərliyi məsələyə diqqətlə yanaşacaq, vətəndaşı qalmaqala təhrik edən və etik normalardan kənar davranış nümayiş etdirən polis əməkdaşlarının layiq olduqları cəzanı verəcəklər.
                                                                                                                  23.08.2021.
Veydəddin Pirəliyev
Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan 
Jurnalistlər Birliyinin üzvü, yazışı-publisist
Oxşar xəbərlər