"General təmizləmə" - Zamin Hacı yazır

  • 17 mart 2021, 08:23
“Qulaq asın, görüm nə eləmək lazımdır. Kvartalni Puqovitsin uzun boyludur, şəhərin gözəl görünməsi üçün qoy o körpünün üstündə dayansın. Çəkməçinin yanındakı köhnə hasarı süpürmək lazımdır, ora küləş tayları düzün, görən elə bilsin şəhər planlaşdırılır”
(Qoqol, “Müfəttiş”)
Təzəlikcə Hesablama Palatasından 4 nəfər yoldaş istefa verdilər, bu hadisə iqtisadi-siyasi, ictimai-bioloji mühitimizdə bomba kimi partladı. Axı müfəttişlər hər gün istefa vermir, üstəlik dördü birdən... Demək, burada nəsə vardı. Görünür, onlar büdcə təşkilatlarında hansısa yekəpər yeyintilər üzə çıxarmışdılar. Bu haqda Milli Məclis, hüquq-mühafizə orqanları qarşısında məsələ qaldırmışdılar. Lakin tədbir görülməyəndə dözməyərək istefaya getmişlər. Vicdanları daha o vəzifələrdə qalmağa yol verməmişdir!
Mən yazdım, siz də inandınız, eləmi? Harada idi bizdə o cür vicdanlı, peşəkar işçilər? Əhvalatın sirri ənənəvi, milli mentalitetimizə, tarixi dəyərlərimizə uyğun prosedurdan başqa heç nədə deyildi: adamlar hansısa məmurların qohumlarıydı, həmin qohumlar işdən qovulmuşdu, indi də bunları təmizləməyin zamanı çatmışdı. Məsələn, müfəttişlərdən biri BDU-nun eks-rektorunun - keçənilki toyqırım qurbanlarından Abel müəllimin dost-doğma qardaşından ibarət idi. Başqası AzTV-nin keçmiş müdirinin arvadıydı. Və sairə.
Qanunların icrasına, dövlət büdcəsinin istifadəsinə münasibətdə biz ancaq bu cür prinsiplərlə işləyirik. Örnəklər zibil kimi. İkisini yazıram. Çünki təzədirlər, tozanağı hələ yatmayıb.
Ünlü “videoblogger” Ata müəllimin dələduzluq, şantaj ittihamıyla həbsini bilirsiniz. Ancaq qəzetimizdə onun keçmiş əməlləri haqda maraqlı yazı getdi. Sən demə, bu tip hələ 5-10 il qabaq qanunsuz bilet alverində suçlanıbmış. Özü də aviaşirkətlərin  elektron biletlərindən söhbət gedir, hansısa kənd avtobusuna biletdən yox. Bunu niyə xüsusi vurğulayıram? Çünki aviabiletləri saxtalaşdırmaq bütün dünyada ən ciddi cinayətlərdən sayılır. Səbəb isə beynəlxalq terrorçu qruplaşmaların, cürbəcür radikalların bu bilet əməliyyatları vasitəsi ilə hansısa pis əməllər törətməsi ehtimalının yüksək olmasındadır. Ancaq bizdə nə ediblər? Ata Abdullayevi açıb buraxıblar - sözün hər mənasında. Baxmayaraq beynəlxalq quldur dəstəsinin üzvü imiş. Əgər sənə bu cür əməllərdən sonra yaşıl işıq yandırılırsa, niyə dələduzluğu davam etdirməyəsən? Mən indi burada bir avam sual vermək istəyirəm: həmin işi aparan müstəntiqlərin, hakimlərin də qulağını dartan olacaqmı?
İkinci fakta keçək, maşallah, belə əhvalatlarımız bitib-tükənmir, neft-qazdan fərqli olaraq banditlərimiz tükənməz sərvətlər kateqoriyasına daxildir. Yaxşılıq deyil əlimizdən gəlməsin. General Rövşən Əkbərovu tutublar. İdarədən verilən açıqlamadan belə məlum olur ki, Koroğlunun adaşı olan milli qəhrəmanımıza cinayət işi açılmışdır, 4 aylıq həbs qərarı verilmişdir. Mən bu cızmaqarını yazana qədər həmin işin xırdalıqları uca millətimizə bəyan edilməmişdi, ortada ancaq gümanlar dolaşırdı. Ən böyük ehtimal belə idi ki, general 20 il qabaq Ukraynanın Kiyev şəhərində Azərbaycan əsilli  biznesmen Elçin Əliyevi süngü-bıçaqla qətlə yetirməkdə ittiham olunur. Əliyevin anası mətbuata açıqlamasında artıq prokurorluğa çağırıldığını deyib və bu, həmin ehtimalı gücləndirir. Ancaq başqa əməllər ola bilməzmi? Bir nəfəri bıçaqlayandan sonra 20 il azad dolaşırsansa, üstəlik, bu müddətdə yüksək vəzifələr tutursansa, niyə başqa cinayətlərə də həvəslənməyəsən? Kiyevdəki həmin əhvalat haqda ötən illərdə yüzlərlə yazı çıxıb. Şahidlərin ifadələri vardı. Hətta yanılmıramsa Ukrayna Əkbərovun istintaqı üçün bizə sorğular göndərmişdi. Lakin necə deyərlər, araba yerindən tərpənmirdi. Görünür, daha çox palçığa batması lazım imiş. Bəlkə əksinə, fəxr edirdik haçansa baş kəsib, qan tökübdür, general şalvarını yalandan geyinmir. Sözgəlişi, adamın “Milli Qəhrəman” adı alması da erməni işğalçılarına qarşı döyüşlər səbəbindən deyildi.
Mən heç olmazsa ona ümid edirəm ki, istintaqın sonucunda Rövşən Əkbərovun Ata Abdullayevlə birgə elektron bilet alveri etməsi ortaya çıxmaz.



Zamin HACI
Oxşar xəbərlər