Rusiya sülhməramlıları sanki ermənilərə tabedirlər - Şair Ramaldanov

  • 02 fev 2021, 20:45
İşğaldan azad olunmuş ərazilərimizin sərhəd bütövlüyü, sülhməramlı missiyanın rolu və Laçın dəhlizi vasitəsi ilə işğalçı dövlətin nümayəndələrinin özbaşına hərəkətlərinə yaratdığı imkanlarla müşahidə olunan hallar ölkədə birmənalı qarşılana bilməz.

Ekspertlərin fikrincə, Türkiyə- Rusiya Monitorinq Mərkəzinin fəaliyyəti sülhməramlılarla bağlı yaranan problemlərin və yarımçıq qalan bir çox məsələlərin həllini gerçəkləşdirə bilər. Monitorinq Mərkəzində Türkiyənin iştirak etməsi regionda ədalətin bərpası ilə bağlı balansın yaranacağına dair ümidləri artırıb. Ümumilikdə Monitorinq Mərkəzi regiona nə vəd edir?

Bu məsələ ilə bağlı “Həftə içi” nə müsahibə verən istefada olan polkovnik, hərbi ekspert Şair Ramaldanov maraqlı müanslara diqqət çəkib.

- Şair müəlim, Qarabağda atəşkəs rejiminə nəzarət üzrə yaradılan Rusiya-Türkiyə Monitorinq Mərkəzi, artıq Ağdam rayonunda fəaliyyətə başlayıb. Mərkəz Azərbaycanın işğaldan azad olunan bölgələrində hansı əhəmiyyətə malikdir?

- Üçtərəfli bəyannaməyə əsasən Monitorinq Mərkəzinin yaradılması və orada Türkiyənin tərəf kimi Rusiya ilə birgə fəaliyyətinin nəzərdə tutulması Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində baş tutdu. Bunun əhəmiyyəti çox böyükdür. Hesab edirik ki, Türkiyə işğaldan azad olunmuş torpaqlarda Azərbaycanın maraqlarının obyektiv şəkildə qorunması və sülhün bərqərar olmasına imkan yaradacaq. Monitorin Qrupu, xüsusilə bölgədə sülhməramlı qüvvələrin fəaliyyətinə nəzarət edəcək.

Məlumdir ki, sülhməramlı qüvvələrin fəaliyyəti beynəlxalq normativ sənədlərə əsasən nizamlanır. Azərbaycan tərəfi üzərinə götürdüyü öhdəçiliyi tam şəkildə yerinə yetirib və hal-hazırda Rusiyanın sülhməramlıları Azərbaycan ərazisindədir. Monitorinq qrupu gələnə kimi biz sülhməramlılarla bağlı bir sıra problemlərlə qaşılaşdıq. Bu da ondan ibarətdir ki, Azərbaycan öz ərazilərində gedən proseslərlə bağlı onlardan heç bir məlumat ala bilmir. Rusiya sülhməramlı qüvvələri nəzarətində olan ərazilərdə Azərbaycanın maraqları təmin etmir. Rusiyanın sülhməramlı qüvvələri demək olar ki, özlərinə aid olmayan məsələlərlə məşğul olurdular. Məsələn, Laçın dəhlizi nəzarətsizdir. Laçın dəhlizindən kim gəlir, kim gedir, bilmirik. Unudurlar ki, bura Azərbaycan ərazisidir və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək, Ermənistan və digər ölkələrlə dövlət sərhəddini bərpa edib. Sərhəd xidməti və yaxud sərhəddən keçid digər ölkələrdə necədirsə, o, Ermənistana da şamil olunmalıdır. Ancaq Rusiyanın sülhməramlı qüvvələri Azərbaycanın Laçın dəhlizindən öz bildiyi kimi istifadə edir. Bu barədə heç bir məlumat verilmir və Ermənistanın rəsmiləri, xarici işlər naziri heç bir icazə olmadan Azərbaycan ərazisinə gəlir, separatçı rejimlə görüşür. Nə haqda danışdıqlarını bilmək üçün yanlarında olmaq lazım deyildir. Təbii ki, bu görüş heç də Azərbaycanın xeyrinə olmayan görüşdür.

Digər tərəfdən, faşist Njdenin heykəlinin gətirilib Azərbaycan ərazilərində qoyulması faktının özü də təzadlıdır. Bu, məqsədyönlü şəkildə, Azərbaycanı qıcıqlandırmaq və müəyyən proseslərə təkan vermək üçün atılan addımlardır.

Sülhməramlı qüvvələr obyektiv şəkildə neytral mövqe tutaraq, Azərbaycan ərazisində tərəflər arasında sülhün bərqərar edilməsinə yönələn addmlar atmalıdır. Bəs nə görürük? Azərbaycan ərazisində hansısa balaca erməni kütləsi Kəlbəcərdə yolu bağlayıb yüklərin daşınmasının qarşısını almağa çalışır. Rusiya sülhməramlıları elə davranırlar ki, sanki ermənilərə tabedirlər. Halbuki, Azərbaycanın öz ərazilərində bərpa işləri aparmaq üçün orada yükdaşıyan maşınlar hərəkət etməlidir.

Bundan başqa, gəlin biz ermənilərin kütləvi şəkildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə köçürülməsi prosesinə diqqət çəkək. Azərbaycan ərazisinə Ermənistandan, hansı ki, bu erməni sosial mediasında öz əksini tapıb, məcburi şəkildə ermənilərin kütləvi şəkildə gətirilməsini həyata keçirirlər. Bu, sülhməramlılara aid olan məsələlər deyildir. Məhz Monitorinq Nəzarət Mərkəzi bu cür xoşagəlmz proseslərin ola biləcəyini və gəlcəkdə Azərbaycanın Rusiya sülhməramıları ilə üz-üzə duracağını nəzərə alınaraq təklif olunmuşdu. Ölkə başçısının müdrikliyi ondan ibarətdir ki, məhz Türkiyənin də Minsk Qrupunda olan Rusiya ilə bir yerdə fəaliyyət göstərməsini reallaşdırdı. Düşünürəm ki, Türkiyə qardaş ölkə olaraq beynəlxalq normalar çərçivəsində işğaldan azad edilmiş ərazilərdə sülhün bərqərar edilməsi prosesində bizim maraqlarımızı qoruyacaq. Bu isə o ərazilərə Azərbaycan əhalisinin qaytarılması üçün yeni imkandır. Bölgədə infrastruktirin bərpasına, əhalinin öz yerlərinə qayıtmasına çox illər lazım olacaq. Bu vaxt ərzində ermənilərin orda məskunlaşmasının qabağını almaq üçün Monitorinq qrupu vacib idi. Azərbaycan tərəfi əvvəlcədən də bəyan eləmişdi ki, işğaldan azad olunan ərazilərdə əvvəldən yaşayan erməni ailələri qala bilər. Görürük ki, proses başqa cür gedir. Monitorinq Qrupu işləməyə başlayandan sonra qısa vaxt ərzində bu istiqamətdə də nəticələri görəcəyik. Prezidentin atdığı addımı indiki vəziyətdə dərk edə bilmirik. Zaman keçdikcə Türkiyənin Monitorinq qrupunda təmsil olunmasının əhəmiyyətini görəcəyik. Türkiyə güclü dövlətdir və onun Azərbaycanın yanında olması, Azərbaycanın maraqarını təmin etməsi çox vacibdir. Azərbaycan beynəlxalq hüquqa uyğun hərəkət edir. İstəyir ki, torpaqlarında sülh bərpa olunsun və işğaldan azad olunan ərazilərdə millətindən asılı olmayaq bütün vətəndaşları, qanunlara hörmət edərək bərabər səviyədə yaşasınlar. Monitorinq qrupu bu istiqamətdə də özünəməxsus vacib əhəmiyyətə malikdir.

- Monitorinq qrupunun fəaliyyəti altında Laçın dəhlizini bağlamaqla sərhədin bütövlüyü və sülhün təminatı ilə bağlı istədiyimiz nəticəyə nail ola bilərikmi? Əgər bizim sərhəd bütövlüyümüz təmin olunubsa, qalib ölkə kimi şərtləri biz diqtə ediriksə, Laçında sərhəd nəyə görə açıq saxlanımalıdr? Nəyə görə bu kontekstdə Rusiya sülhməramlılarından asılı vəziyyətdə qalmalıyıq?

- Üçtərəfli bəyannamənin bəndlərinə uyğun olaraq müəyyən öhdəlik götürülüb. Təbii ki, biz sülhməramlılardan asılı deyilik. Sadəcə olaraq vəziyyətlə bağlı olaraq sülhməramlıların ermənilərin sıx yaşadığı Azərbaycan ərazilərində olmasını nəzərə alsaq, onların ermənilərin müəyyən bir təsiri altına düşmələri halları var. Yerlərdə vəzifəni icra edən icraçılardır. Onlar vəziyyəti hansı formada komandanlığa məruzə edirlərsə, o formada da qərarlar qəbul olunur. Monitorinq qrupunda isə iki tərəf - Rusiya və Türkiyənin mütəxəssisləri beynəlxalq normalar çərçivəsində qəbul olunmuş sənədləri analiz edib, Rusiya və Türkiyə prezidentlərinə məruzə edəcəklər, Birinci şəxslər də qərarlar verərək onun icrasını tövsiyə edəcəklər.

O ki qaldı Laçın dəhlizinə, biz onu bağlaya bilmərik. Türkiyənin bununla bağlı çox maraqlı mövqeyi var. Türkiyə Laçında Azərbaycanın Dövlət və Gömrük Sərhədi Xidmətinin funksiyasının bərqərar edilməsi ilə bağlı məsələ qoyub. Yəni, biz o dəhlizi bağlamırıq, o dəhlizdən müəyyən gediş-gəliş olacaq. Ancaq bu dəhliz Azərbaycan ərazisi olduğu üçün orda hərəkət məhz Azərbaycanın müvafiq Gömrük və sərhəd xidmətinin fəaliyyəti ilə təmin olunmalıdır. Yəni əgər Azərbaycan ərazi bütövlüyü təmin olunubsa və sərhəd bütövlüyündən danışırıqsa, deməli beynəlxalq hüquqa uyğun olaraq orda sərhəd xidməti olmalıdır. Mən düşünürəm ki, bu da gələcəkdə öz həllini tapacaq. Monitorinq qrupunun bu sahədə əhəmiyyəti həddən çoxdur. Türkiyə tərəfi məhz beynəlxaq normaların tələblərinə uyğun olaraq bu məsələləri qoyacaq. Biz görünən bu probleməri aradan qaldırsaq, Azərbaycan müəyyən bir şəkildə öz məqsədinə yaxın olacaqdır. Düşünürəm ki, Monitorinq qrupunun yaradılması Ermənistan ərazisindən Naxçıvana çəkilən kommunikasiya dəhlizi ilə bağlı öz əksini tapacaq. Bundan sonra məsələlər də o istiqamətdə inkişaf edəcək. Bu məsələlərdə Rusiyanın Çinin, Türkiyənin maraqlarını nəzərə alınması, Azərbaycanın revanşist erməni ideyalarını üstələməyə imkan verəcək. Monitorinq qrupu da bəyannamədə əksini tapan Ermənistandan Naxçıvana dəhlizin açılmasını yaxınlaşdıracaq.

- Şair müəllim, bəllidir ki, sülhməramlılar bir neçə gün ərzində hərbçilərin dislokasiya məntəqəsinin yerləşdiyi Xankəndi şəhərində Mərkəzin strukturunu, məqsəd və funksiyalarını, işinin təşkili qaydasını, eləcə də yerləşdikləri ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrəniblər. Nəzərə alınsa ki, Xankəndi və digər ərazilərimizə azərbaycanlılar qaytarılmayıb, o zaman yalnız ermənilərin olduğu məkanlarda bitərəfli aparılan monitorinqlərin nə əhəmiyyəti ola bilər?

- Bundan sonra vəziyyət dəyişəcək. Bunun üçün Türkiyədə və Azərbaycanda qəbul olunan hüququ baza hazırdır. İstənilən zaman Türkiyədən əlavə hərbçilərin gəlməsi və onların saylarının artırılması ilə bağlı qərar qəbul oluna bilər. Düşünürəm ki, Rusiya bunu bilir. Rusiya regionda Türkiyə nümayəndələrinin sayının artırılmasını istəmir. Ona görə də onlar öz vəzifə borclarını daha dəqiq yerinə yetirməyə məcbur olacaqlar.

Azərbaycanın qaçqın-köçkünlərinin öz yurdların qaytarılması məsələsinə gəlincə, bu həssas bir məsələdir. Düşünürəm ki, indiki zamanda azərbaycanlıların o yerlərə köçürüb təhlükəsizliyini təmin edə bilmiriksə, bu köçürülmə tezdur. Monitorinq qrupu vəziyyəti incəliyəcək. Qaçqınlarımız öz yerlərinə köçürüləndən sonra onların təhlükəsizliyini qoruyacaq mexanizmlər işləyəndən sonra köçürmələr olacaq. Türkiyənin bu istiqamətdə də missiyası var. Dövlət sərhədində Zəngilan, Qubadlı və Laçın istiqamətindən olan ermənilər Ermənistana köçürülürlər. Azərbaycan bu əraziləri öz nəzarətinə alır. Yəqin ki, Xankəndi şəhərində də bu istiqamətində işlər aparılacaq. Vəzifələrdən biri də budur ki, azərbaycanlılar hansı yaşayış ərazilərində yaşayıblar, onların həmin yerlərə köçürülməsi ilə bağlı baza yaradılsın. Bu şəraiti yarada bilsək sülhün bərqərar olunması üçün çox işlər görmüş olacağıq. Bununla da Azərbaycan ərazilərində olan müəyyən erməni qruplarının mənfur niyyətinin inkişaf etməsini əngəlləyə biləcəyik.
Oxşar xəbərlər