Azərbaycan mediası niyə bu günə düşdü? – Azər Niftiyev yazır

  • 16 yan 2021, 00:26
Taleh Yüzbəyov Adil obrazı ilə mövzuya öz möhürünü vurub: “Xaricdən gələn ekspert qardaşımız Azərbaycan yumorunu və məişətini bilmədən Avropasayağı ideyalar təqdim edəcək. Siz də öz növbənizdə bəh-bəhlə o ideyaları bəyənəcəksiniz.
Rəngli və işıqlı reklamlar çəkib sizə verəcək. Bizim müştərilər də reklama baxıb, rəngli paltarlı, evdə ayaqqabı ilə gəzən həmin o personajları özü ilə proyeksiya edə bilməyib, məhsulumuza heç bir doğmalıq hiss etməyəcək. Bir müddət keçəcək, ekspert qardaşımızın müqaviləsi bitəcək və vətəninə dönəcək. Sizi də işdən qovacaqlar. Yerinizə gələn yeni menecer sizi lağa qoyacaq. Və o özü də yeni xarici ekspert dəvət edəcək və eyni taleyi yaşayacaq”.
Son günlər Azərbaycan mətbuatının durumu ilə bağlı müzakiələr yenidən aktuallıq qazanıb. Əslində təbii və gözləniləndir: Mətbuat Prezident İlham Əliyevin də vaxtilə söylədiyi kimi, mübarizə meydanıdır və bu gün də mediadan alət kimi istifadə edilir. Əli Həsənovdan miras qalan, dağıdılmış, param-parça edilmiş mətbuatımızı bu gün də Həsənovun adamları idarə edir. Elə uzağa getməyib PA-da mediaya məsul şöbənin müdir müavini olan Vüqar Əliyevin adını çəkərək “Nə qədər ki, Həsənovun əsas adamları iş başındadır, mətbuat düzəlməyəcək” prizmasından da yanaşmaq olardı. Lakin görünən odur ki, bu gün mətbuatın problemləri daha ciddidir və bu məsələ heç də bəzi yazarların iddia etdiyi kimi, təkcə reketlərin mövcudluğu ilə bağlı deyil.
Reket mətbuat termini sadəcə bəziləri üçün bəhanə rolunda çıxış edir və sətiraltı mənada eyham vurduqları həmin o reketlərin əksəriyyəti dövlət tərəfindən faktiki olaraq maliyyələşir. Mətbuatda iştirakı olan, az-çox hadisələrdən xəbərdar olan hər kəsə məlumdur ki, Azərbaycanda reketlərin hamiləri kimlərdir? Bunun üçün dərin təhlillər aparmağa və uzagörən nəticələr çıxarmağa da ehtiyac yoxdur. Yox əgər doğrudanda, mətbuatı bir əldə cəmləşdirməklə, ümumi tarazlıq yaratmaq istəyirsinizsə, hansısa layihəni həyata keçirmək üçün bundan vasitə kimi istifadə etmirsinizsə, o zaman haralardan və necə başlamaq lazım olduğunu hamıdan yaxşı siz bilirsiniz. Robert Qrinin təbirincə desək, “Dəyişikliklərin zəruriliyindən danış, amma islahatlara çox da aludə olma” tezisi sizin üçün yol xəritəsidirsə, o halda mənasız müzakirələrlə cəmiyyəti yükləməyə dəyməz.
Zatən bu cəmiyyət bir ilə yaxındır koronavirus adlı gözəgörünməz bəlanın doğurduğu nəticələrdən əziyyət çəkir, şəhid qardaşlarının xiffətini çəkir. Belə bir məqamda cəmiyyətin hissləri ilə oynamaq, onu öz monoton müzakirələrinizə qulaq yoldaşı etmək əvəzinə, konkret fəaliyyət planı ortaya qoymaq və ictimai müzakirələr imitasiyasından əməli addımlara keçmək daha yaxşı olmazdımı?
Azərbaycan mətbuatının əsas problemləri hansılardır?
1. Mətbuatda inkişaf strategiyası birmənalı olaraq şəxsi əlaqələrin səviyyəsindən asılıdır.
2. Hər hansı formada kiminsə kurasiyasına daxil ola bilməmisənsə, ondan sonra yerinə gələn də səni qəbul etməyəcək. Çünki formalaşmış siyahıları dəyişmək risk faktoru sayılır.
3. Mətbuatın inkişafı yox, inkişaf imitasiyası həyata keçirilir və konkret nəticələr yox, hansı ki, dövlətin və cəmiyyətin inkişafı üçün zəruri ola bilər, “intizamlı olmaq” və “baş üstə müəllim” sloqanı yetərli sayılır.
4. Ümumi mənada cəmiyyətin, dövlətin və dövlətin rəhbərinin yox, “boss məmur”un maraqlarını qorumaq vacibdir. Birincini yox, “ikincini” qorumaq mütləqdir. Bu halda “ikincinin” himayəsinə sığına bilərsən.
5. Uzun araşdırma və təhlillər aparmağa, təkliflər verməyə gərək yoxdur. Bu heç prestij də sayılmır. Bunun üçün “qara heyət” mövcuddur. Sadəcə protokol xatirinə fəaliyyət göstərmək kifayətdir.
Mətbuatda islahatlar necə həyata keçirilməlidir?
1. Mətbuatda şəxslərin adına ayrılan vəsaitlərin mənimsənilməsi və şişirdilməsi hallarına son qoyulmalıdır!
2. İstedadı olmayan şəxslərin ön planda tutulması əsnasında bacarıqlı qələm adamlarının iyrəndirilməsi prosesinə son qoyulmalıdır!
3. Xəbərçilik fəaliyyəti ilə məşğul olanların xüsusi güzəşt qrupuna aid edilməsi, onlara “yaşıl işıq” yandırılması ənənəsinə son qoyulmalıdır!
4. Mətbuat orqanlarına nəzarət mexanizmi saxta “şoççiklər” və sarı mətbuat üzərindən yox, ictimai rəyə təsir imkanları vasitəsilə həyata keçirilməlidir!
5. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların düzgün təbliği istiqamətində fəaliyyət sxemi hazırlanmalı və təşviq olunmalıdır.
Siyahını uzatmaq da olar. Əgər qeyd olunan problemlərdən birini həll etməyə mətbuata məsul şəxslərin istəyi yoxdursa, bu müzakiələr də mənasızdır.
P.S. 2000-ci ildən peşəkar mətbuatdayam. Üç ay sonra mediaya gəlişimin 23 illiyi tamam olacaq. Aparıcı qəzetlərdə və informasiya agentliklərində rəhbər vəzifələr tutmuş, aparıcı xəbər portallarına rəhbərlik etmişəm. Əgər bir nəfər maraqlanmırsa ki, “Axı sən də mətbuatda varsan, nə iş görürsən”, mediada bu gün də məqsədli şəkildə ayrıseçkilik siyasəti yürüdülürsə, deməli Əli Həsənovun gedişinin mətbuatı ağ günə çıxaracağı barədə təsəvvürlərimiz yanlış imiş.
Azər Niftiyev
Oxşar xəbərlər