Dağlıq Qarabağda nə baş verir?

  • 15 may 2020, 23:12
Tanınmamış "Dağlıq Qarabağ Respublikası" təcridə görə beynəlxalq tibbi yardımdan məhrum olub.
Dağlıq Qarabağda aprelin 12-dən qüvvədə olan fövqəladə vəziyyət rejimi mayın 12-də daha bir ay müddətinə uzadılıb, 3 yaşayış məntəqəsində karantin elan olunub.


Tanınmamış qurumun səlahiyyətliləri deyirlər ki, Dağlıq Qarabağda koronavirus testini aparmaq imkanı hələ yoxdur. Burada laboratoriyalar ən yaxşı halda bir-iki aya qurula bilər.
Beynəlxalq Böhran Qrupu keçmiş SSRİ ərazisindəki tanınmamış qurumların, o cümlədən Dağlıq Qarabağın təcriddə qalması səbəbindən beynəlxalq yardımdan məhrum olunduğunu və koronavirusla mübarizə aparmaqda çətinlik çəkdiyini vurğulayır.

Analizlər Yerevana göndərilir

Rəsmi məlumatlara görə, yoluxma hallarının sayı çox deyil, lakin xəstəliyin müəyyən edilməsi üçün testlər Yerevanda keçirildiyindən vəziyyəti dəqiq qiymətləndirmək imkanı yoxdur. Bu da Dağlıq Qarabağda daha ehtiyatlı olmağı və sərt profilaktik tədbirlərin tətbiqini tələb edir.
"Koronavirusla bağlı Dağlıq Qarabağda yaranmış fövqəladə vəziyyətin əhalinin həyatı və səhhəti üçün təhlükə kəsb etdiyi və insanların normal həyat fəaliyyətinin pozulmasına gətirə biləcəyini nəzərə alaraq, 12 aprel 2020-ci il tarixində elan edilmiş fövqəladə vəziyyətin müddəti daha 30 gün müddətinə uzadılır," - tanınmamış Dağlıq Qarabağ Respublikası prezidentinin rəsmi internet səhifəsində deyilir.
"Mayın 13-nə olan rəsmi məlumata görə, Dağlıq Qarabağda fövqəladə vəziyyət elan olunandan bəri son 1 ayda 20 koronavirusa yoluxma halı aşkar edilib. Yoluxanların 8 nəfəri artıq sağalıb,"- Dağlıq Qarabağda yeni koronavirusun yayılmasının profilaktikası və qarşısının alınması üzrə idarələrarası komissiyanın informasiya qərargahının əlaqələndiricisi Tiqran Abrahamyan BBC News Azərbaycancanın müxbirinə deyib.
Tiqran Abrahamyan fövqəladə vəziyyət şəraitində Ermənistanla Qarabağ arasında gediş-gəlişin də məhdudlaşdırıldığını bildirib.
Həm Laçın, həm Kəlbəcər istiqamətində Qarabağa gedən yollar üzərində polis tərəfindən nəzarət edilən buraxılış məntəqələri yaradılıb.
Dağlıq Qarabağa yalnız yükdaşıyan və orada qeydiyyatda olan şəxslər daxil ola bilər.
"Burada yerləşən hərbi hissələrdə qulluq edən hərbçilərin yoluxmasına yol verməmək məqsədilə məzuniyyətlər ləğv edilib, qohum və valideynlərin müddətli hərbi xidmətdə olan əsgərlərə baş çəkməsinə müvəqqəti olaraq qadağa qoyulub," - Tiqran Abrahamyan deyir.
Yerli media rəsmi hərbi mənbələrə istinadən, burada yerləşən hərbi hissələrdə heç bir koronavirusa yoluxma halı qeydə alınmadığını bildirir.
Hazırda Qarabağ ərazisində üç yaşayış məntəqəsində karantin elan edilib və gediş-gəliş ciddi nəzarətə alınıb.
Tiqran Abrahamyanın sözlərinə görə, müşahidə edilən 6 yeni halın "yoluxma ocağı Şahumyan rayonunun Nor Verinşen və Nor Bracur kəndləridir". Ötən həftədən isə bu rayonun Çapni kəndində karantin elan olunub.
İnformasiya koordinatorunun sözlərinə görə, yoluxanların 4 nəfəri bir ailənin üzvləridir və onların ikisi hazırda Şuşada hoteldə, ikisi - kənd evində tədric ediliblər.
Abrahamyanın sözlərinə görə, hazırda başqa yoluxanların da olub-olmadığını müəyyən etmək üçün analiz nümunələri Yerevana göndərilir. Bu günədək ümumən 500-ə yaxın test keçirilib.
"Lakin artıq Stepanakertdə (Xankəndində-red.) müasir avadanlıqla təchiz edilmiş laboratoriya yaratmaq üzərində işlər aparılır və ümid edirik ki, 1 və ya ən geci 2 aydan sonra testləri burada da keçirə bilərik," - Tiqran Abrahamyan deyib.
Onun sözlərinə görə, hələ ki, ehtimal olunan koronavirusla yoluxanların yerli klinikada və bunun üçün qabaqcadan hazırlanmış başqa yerlərdə təcrid və müalicə edilməsi üçün "yetərli sayda çarpayı var".

Beynəlxalq Böhran Qrupu narahatdır

Bu arada isə Beynəlxalq Böhran Qrupu (BBQ) keçmiş sovet respublikalarından "ayrılmış və özlərini müstəqil elan etmiş tanınmamış qurumlarda Covid-19-la bağlı" hesabatında sözügedən qurumlarda koronavirusla bağlı vəziyyətin "narahatlıq doğurduğunu" bildirib.
"Tanınmamış qurumlar iqtisadi və diplomatik təcridə düçar olaraq, əlavə çətinliklərlə üzləşirlər və, görünür, qapalı buraxılış məntəqələri virusun sirayət etməsinin qarşısını almaqdan daha çox yardımın çatdırılmasını çətinləşdirir," - BBQ saytında dərc olunmuş hesabatda deyilir.
Bu gün bütün 6 tanınmamış qurumda (Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ərazilərində - red.) Covid-19-a nisbətən az yoluxma halının müşahidə olunduğu bildirilir, hərçənd bu, "test keçirmə imkanlarının məhdudluğu və informasiyaya ciddi nəzarətin əlaməti ola bilər", hesabatda göstərilir.
BBQ hesab edir ki, "Azərbaycanın Dağlıq Qarabağ regionu ağır vəziyyətdədir, çünki hətta əsas tibbi avadanlıq və təcili yardım maşınları köhnəlib və çatışmır".
Hesabatın Dağlıq Qarabağa aid hissəsində deyilir ki, münaqişə illərində bölgənin tibb infrastrukturu dağılıb, lakin erməni diasporunun bəzi etnik təşkilatları tərəfindən əsas tibb avadanlığının təqdim edilməsinə baxmayaraq, çox vaxt tibb heyətində "know-how" (yeni texnologiya və elmi biliklərə əsaslanan iş və idarəetmə üsulu - red.) çatışmır.
"Bilik baxımından geri qalma qismən Dağlıq Qarabağın tanınmamış statusu ilə bağlıdır, bu səbəbdən vətəndaşların xaricdə təhsil almaq və ixtisas üzrə konfranslarda iştirak etməsi mümkün deyil. Vəziyyət xüsusilə Stepanakertdən kənarda ağırdır; burada hətta əsas tibbi avadanlıq və təcili yardım maşınları köhnəlib və çatışmır", - BBQ-nin hesabatında deyilir.

"Tanınmamışlıq beynəlxalq yardımı bloklayır"

Beynəlxalq Böhran Qrupunun qənaətincə, "keçmiş sovet respublikalarından qopmuş qurumların mübahisəli statusu onlara beynəlxaıq yardımı bloklayır".
Qurum əlavə edir ki, xarici xeyriyyəçilərin və diaspor icmalarının əvvəllər göndərdiyi yardımlarla bağlı da indi "gərginlik var, çünki hazırkı vəziyyətdə çoxları öz çətinlikləri ilə mübarizə aparır".
BBQ koronavirus böhranı şəraitində "humanitar fəlakətin qarşısını almaq üçün tanınmamış qurumların de-fakto liderlərinin onları himayə edən və onların ayrılmaq istədikləri ölkələrlə birlikdə beynəlxalq birliklə əməkdaşlıq etməyi" məsləhət görür.
"Beləliklə, heç olmasa səhiyyə böhranı müddətində avadanlıq və müasir texnologiya üsulları üzrə yardım almaq imkanı yaranar".

Yeganə yardımçı beynəlxalq təşkilat

Dağlıq Qarabağda yeni koronavirusun yayılmasının profilaktikası və qarşısının alınması üzrə idarələrarası komissiyasının informasiya qərargahının əlaqələndiricisi Tiqran Abrahamyan deyir ki, hazırda Dağlıq Qarabağa yardım göstərə bilən yeganə beynəlxalq təşkilat Beynəlxalq Qırmızı Xaç Komitəsidir (BQXK).
Beynəlxalq Böhran Qrupunun hesabatına görə, BQXK yaşlı əhaliyə pul qrantları, yerli gənclərin canlı rejimdə tədrisini təşkil etmək üçün planşetlər, xəstəxana, uşaq evləri, penitensiar müəssisə və qocalar evlərinə tibbi maska və əlcəklər, xalat və dezinfeksiya vasitələri verir.
Lakin BQXK Ümumdünya Səhiyyə Təşkilatından fərqli olaraq, pandemiyaya qarşı durmaq üsullarına bələd olan mütəxəssisi əvəz etmək iqtidarında deyil. ÜST-nin coğrafi baxımdan əhatə hüdudları da məhduddur. O yalnız "Dağlıq Qarabağ Muxtar Vilayətinin sovet sərhədləri daxilində fəaliyyət göstərə bilər və onun üçün Covid-19 virusunun ilk yeddi yoluxma halının aşkar edildiyi 17 min insanın yaşadığı ərazilərdə yerləşən məntəqələr əlçatmazdır," - BBQ-nin hesabatında deyilir. - "Stepanakert Yerevanın daimi yardımına ümid etsə də, daha böyük beynəlxalq dəstəyə nail olmaq istərdi".
BBQ Ermənistanın özünün koronavirusa yoluxmadan qorunma səviyyəsinə görə vəziyyətinin, keçmiş sovet ölkələri arasında heç də yüksək olmadığını və Yerevanda ən böyük konsert zallarından birinin Covid-19-dan müalicə palatasına çevrildiyini qeyd edir.
"Beynəlxalq hüquqlara əsasən, Dağlıq Qarabağ Azərbaycan ərazisi hesab edildiyinə görə, burada işləmək üçün beynəlxalq təşkilatlardan Bakının razılığı tələb olunur. Azərbaycanın sanksiyası olmadan heç bir BMT idarəsi, ÜST da daxil olmaqla, burada fəaliyyət göstərə bilməz," - BBQ bildirir və həmçinin xarici donorların "ATƏT-in Minsk Qrupu həmsədrlərinin dürüst siyasi işarəsi və Ermənistanla Azərbaycanın razılığı olmadan öz yardımını" təklif edə bilmədiyini qeyd edir.

"Qarabağa yardım təşkil etmək" ideyası

BBQ-nin hesabatında deyilir ki, aprel ayının əvvəlindən Minsk Qrupunun həmsədrləri tez-tez Yerevan və Bakı rəsmiləri ilə təmasda olub, onların Dağlıq Qarabağda Covid-19-la bağlı münasibətlərinə dair planları haqqında danışıblar. Rusiya xarici işlər naziri Sergey Lavrov isə məsələni müzakirə etmək üçün iki dəfə bakılı həmkarına zəng edib.
"Bu sükut diplomatiyasıMinsk Qrupu həmsədrləri ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında aprelin 21-də birbaşa internet bağlantısı vasitəsilə danışıqlarla başa çatıb. Bundan sonra Qrup bəyanat yayaraq, bütün tərəflərin "siyasi sərhədlər nəzərə alınmadan" yardımın təşkil edilməsini dəstəkləməyə hazır olduqlarını təsdiqlədikləri və bunun "sülh prosesinə yaradıcı və konstruktiv impuls verəcəyinə" ümid etdiyini bildirib".
BBQ bu "ümidverici vədin hələ ki, konkret fəaliyyətə" çevrilmədiyini deyir.
Bununla belə, diplomatların yardım etmək istiqamətində "bir neçə ideya" işləyib hazırladığı bildirilir.
"Variantlardan biri, yardımın Ermənistan vasitəsilə çatdırılmasıdır, hərçənd bunun üçün Bakının razılığı olmalıdır, lakin hələ verməyib. Bunu [yardım göstərməyi] bilavasitə yerli de-fakto hakimiyyət vasitəsilə edilənlər haqqında da demək olar".
Alternativ olaraq, BBQ-nin hesabatında adı aşkar edilməyən bir diplomatın vəziyyəti izləmək və səhiyyə işçilərinin internet vasitəsilə tədrisini təşkil etmək üçün ÜST ilə Stepanakert arasında telefon rabitəsini yaratmağı təklif etdiyini bildirir.
"Yardım təkcə yaxın gələcəkdə lazım gəlməyəcək. Görünür, hələlik de-fakto rəhbərlik (tanınmamış DQR-in rəhbərliyi nəzərdə tutulur - red.) iqtisadi çətiniklərin öhdəsindən gələ biləcəyindən əmindir. Bölgə güclü kənd təsərrüfatı sektoruna malikdir, aprelin əvvəlində isə de-fakto rəhbərlik fermerlər üçün öz dəstək proqramlarını daha da genişləndirib," - deyə BBQ gələcəyin "o qədər də kinsiz" olacağına ümid etməməyi tövsiyə edir:
"Bölgənin maliyyə tələbatının az qala yarısını Ermənistan ödəyir, bu isə o deməkdir ki, məhrumiyyətlər burada çox sürətlə yayıla bilər", - Beynəlxalq Böhran Qrupunun hesabatında vurğulanır.
Oxşar xəbərlər