Biz nə deyək İranda olmayan qeyrətə! Fars molla rejimi erməniyə "yardım körpüsü" uzadıb

  • 28 apr 2020, 22:40
“İran inşa etdiyi körpülərlə işğal olunmuş Qarabağ ərazilərini de-fakto özünə birləşdirib”
Son günlər sosial şəbəkələrdə İranın Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə çoxlu sayda yük maşınında müxtəlif məhsullar və yanacaq göndərməsinə dair videolar yayılıb. Rəsmi Bakı buna etiraz etsə də, İranın Xarici İşlər Nazirliyi real faktı inkar edərək, həmişə təkrarladığı "İran Qarabağda vəziyyətin gərginləşməsinə qarşıdır" növbətçi cümləsini işlətməkdən uzağa getməyib. Onu da qeyd edək ki, rəsmi Tehran adətən Qarabağla bağlı “işğal” kəliməsini işlətmir və ərazilərimizin Ermənistan tərəfindən işğalını "münaqişə" adlandırmaqla kifayətlənir.çİranın saxta müsəlman təəssübkeşliyi heç kimə sirr deyil və Azərbaycan bunu öz üzərində ən çox hiss edən ölkələrdən biri, bəlkə də birincisidir. İranın Qarabağın işğalı məsələsindəki anti-Azərbaycan mövqeyini sübut edən daha bir fakt isə Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizə Araz çayı üzərindən körpü çəkməsidir. Son günlər İranla Qarabağ arasında 5 körpünün inşa edilməsi faktı ortaya çıxandan sonra ölkəmizin İran tərəfinin bu xain əməlilə bağlı hansı cavab addımları atmalı olduğu məsələsi gündəmə gəlib.

Bu mövzuyla bağlı konfliktoloq Elxan Mehdiyevin "moderator.az" saytında yayımlanan fikir və təklifləri diqqəti cəlb edir. Ekspert bildirir ki, İran hələ Serj Sarkisyanın hakimiyyəti dövründə Horadizdən işğal olunan ərazilərə uzanan 120 km uzunluğunda dəmir yolu relslərini ermənilərdən alıb əridəndə hansı sifətə malik olduğunu göstərib: “İranın Ermənistana etdiyi köməyi hamımız bilsək də, İran hər zaman bunun bütün qonşu ölkələrlə normal münasibət yaratmaq siyasətindən doğduğunu və Azərbaycana qarşı yönəlmədiyini qeyd edirdi. Azərbaycanda bu baxışı qəbul etməsələr də, İranin erməni siyasəti sakit şəkildə qəbul edilmiş görünürdü. İranın ermənilərlə Şuşada birgə layihələr həyata keçirməsi də məlum idi. İşğal edilmiş ərazilərdəki kəndlərimizdən on minlərlə evlərin dəmir darvazaları, evlərin dəmir çatıları və minlərlə ton dəmir və mis məmulatlarının ermənilər tərəfindən sökülüb İrana satılması da hamımıza məlum idi. Azərbaycan dəmir yollarının Horadizdən başlayaraq 120 km uzanan relslərin Serj Sarkisyanın şəxsi razılığı ilə İrana satılması haqqında bu dəqiqə Ermənistan İstintaq idarəsində istintaq getdiyi də məlumdur. Bütün bunları İranın hər yerdə üstün tutduğu “İslam mənəviyyatına” bağlayırıq...”
Konfliktoloq hesab edir ki, Azərbaycan dəmir yolları ilə bağlı bu məsələ beynəlxalq gündəmə gətirməlidir: “Amma Azərbaycanın da mövqeyi təəccüb doğurur, çünki beynəlxalq dəmir yolu xəttinə aid relslərin işğal qüvvələri tərəfindən sökülüb satılması hərbi cinayətdir və bu məsələ niyə beynəlxalq gündəmə (Həmsədrlərin gündəminə yox) çıxarılmır, mən başa düşmürəm...”
Elxan Mehdiyevin fikrincə, Araz cayı üzərindən gizlin şəkildə və bütün beynəlxalq hüquq normalarına zidd olaraq inşa edilən körpülər İranın Azərbaycana qarşı qeyri-dost münasibətilə yanaşı, sanksiyalar altında olan bu ölkənin gizlin və cinayət xarakterli əməllərinin sübutudur: “Bu, dünyada tayı-bərabəri olmayan bir haldır. İran Araz çayı üzərindən işğal edilmiş Cəbrayıl rayonu ərazisini İranla birləşdirən bir neçə avtomobil və yük maşını keçən körpülər salıb, bu körpülər vasitəsilə işğal olunmuş bölgələrə dəhliz açıb və bu bölgələri de-fakto özünə birləşdirib. Bu hal hüquqi baxımdan da yeni şərait yaradır və Azərbaycan torpaqlarının işğalını daha da beynəlmiləlləşdirir. Biz İran ilə ermənilərin işğal edilmiş ərazilərdə nəyi bölüşdüklərini və nə haqda sövdələşdiklərini sona qədər bilmirik. Ortada, əlbəttə, hərbi-strateji məsələlər durur. Və beş körpünün tikilməsi də ilk növbədə hərbi məqsədlərə, o cümlədən Azərbaycanın hər hansı hərbi əməliyyat cəhdi olarsa, İranın erməni qüvvələrinin cənub cəbhə xəttinə dəstək olaraq yeridilməsinə xidmət edir. Biz indiki zamanda həmin cənub bölgələrində İran hərbi qüvvələrinin olduğunu dəqiq bilmirik. Amma hərbi qüvvələrin su anbarı mühafizəsi bəhanəsi altında Cəbrayıl ərazisində yerləşməsi də tamamilə məntiqlidir və körpü yaxınlığında hərbi kazarmalara bənzər böyük obyektlərin olması bu arqumentin sübutuna xidmət edən amildir.”
Elxan Mehdiyev hesab edir ki, Azərbaycan bu məsələni beynəlxalq müstəvidə qaldırmalı və İranın sanksiyalardan yayınmaq üçün Azərbaycanın işğal olunmuş ərazilərindən istifadəsi faktını ortaya qoymalıdır: “İkinci strateji məsələ bilavasitə İranın beynəlxalq sanksiyalar altında olması və nüvə proqramı ilə əlaqəlidir. İranın Ermənistanla Meğri sərhəd keçid məntəqəsində ABŞ-ın təmin etdiyi xüsusi cihazların olduğu haqqında erməni tərəfi bir neçə il öncə məlumatlar yaymışdı. Bu baxımdan Meğridə müəyyən beynəlxalq müşahidə vardır. Ona görə də, düşünürəm ki, İran sanksiyalardan yayınmaq və Ermənistandan, həmçinin Ermənistan vasitəsilə Rusiyadan alacağı sanksiya altında olan strateji materialları nəzarətsiz olan bu körpülər vasitəsilə daşımaq üçün həmin körpüləri inşa edib. Bu körpülər bütün coğrafiyası üzrə müşahidə altında olan İran üçün yeganə nəzarətsiz, gizli yoldur. Biz faktiki olaraq İranın beynəlxalq müşahidədən azad gizli yolunu aşkar etmişik...”

Konfliktoloq bildirir ki, Azərbaycan bu yolla özünün işğal olunmuş əraziləri problemini gündəmə gətirə və bunun bütün dünyaya yaratdığı təhlükəni sübut edə bilər: “Bu addımlar Azərbaycanın beynəlxalq sərhədlərinin nəzarətsiz qalmasının beynəlxalq təhlükəsizlik üçün gətirdiyi nəticələri əyani şəkildə ABŞ və böyük dövlətlərə aydınladacaq və məncə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə böyük təkan verəcək. Bu, böyük beynəlxalq qalmaqaldır, çünki İranın gizli yolları ifşa edilib. Və biz bunu “nüvə koridoru” da adlandıra bilərik. Burada hadisələrin gedişi Azərbaycan hökümətinin bacarıq və qabiliyyətindən asılı olacaq. Aparıcı qüvvə Azərbaycan olmalıdır, yoxsa sonucda həmən ABŞ və digər dövlətlər bu məsələni elə ermənilərlə həll etməyə çalışacaq.”
E.Mehdiyev sonda Azərbaycanın sərt diplomatik addımlar atmalı olduğunu bildirərək, hətta İrandakı səfirimizin geri çağırılmasını təklif edib: “İranın erməni işğal qüvvələri ilə birgə bu körpüləri tikməsi Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və siyası müstəqilliyinə yönəlmiş bir qəsddir. İran bu əraziləri körpü ilə özünə birləşdirməklə Azərbaycanın həmin ərazilərini faktiki ilhaq edib. Görəsən, İran qurduğu bu körpüləri və işğal bölgəsindəki fəaliyyətlərini kimin üstünə atacaq? İranın bu xəyənətkar əməlini Azərbaycan cavabsız qoymamalıdır. Ona qarşı ilkin tədbirlər görməlidir. Azərbaycan öz səfirini dərhal İrandan geri çağırmalı, BMT-yə müraciət etməli və mövcud vəzyyəti həmin qurumda müzakirəyə çıxarmalıdır.”
Ekspert həmçinin əlavə edib ki, ölkəmiz bu faktla bağlı beynəlxalq məhkəməyə müraciət etməlidir. /“AzPolitika.info”/
Oxşar xəbərlər