Səlim Müslümovla Cavid Qurbanovun qardaşı arasında gərginlik
- 04 fev 2017, 19:35
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində rəhbər
şəxslər arasında gərginlik yaranıb.
Əsas gərginlik nazir Səlim Müslümovla nazirlik yanında Dövlət Tibbi-Sosial
Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov arasında hökm
sürür. Bildirilir ki, İ.Qurbanov nazirin demək olar ki, heç bir sözünü eşitmir,
tapşırıqlarına əhəmiyyət vermir. Buna görə də S.Müslümov sözügedən sahəyə nəzarəti
demək olar ki, itirmək üzrədir. Nazir vəziyyətdən çıxış yolu kimi həmin xidmətin
əhatə dairəsini daraltmaqla İ.Qurbanovun səlahiyyətlərinin azaldılmasına
çalışır.
Müslümovun həmin sahəylə bağlı son vaxtlar bir sıra dəyişikliklər etməsinin də
məhz sözügedən planla bağlı olduğu söylənilir.
Daxil olan məlumatlarda xidmət rəisinin tabeliyində olduğu nazirə qarşı çıxa
bilməsinin səbəbləri də açıqlanır. Bildirilir ki, nazirin söz keçirə bilmədiyi
bu rəis "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri,
millət vəkili Cavid Qurbanovun doğma qardaşıdır.
2015-ci ildən bu postu tutan İ.Qurbanov rəhbərlik etdiyi qurumu tam müstəqil şəkildə
idarə etməyə çalışır. Bu isə onu tabeliyindəki bütün sahələrdə yenilik etməyə
çalışan, buna görə də nazirliyin ən xırda işlərinə belə müdaxilə edən nazir
üçün arzuolunmaz adama çevirib.
Bildirilir ki, hazırda nazirlə tabeliyində olan xidmət rəisi arasında gərginlik
o həddə çatıb ki, S.Müslümov öz işçisindən yuxarı instansiyalara dəfələrlə
şikayət edib.(bakipost.az)
Demokratik.Az
