Səlim Müslümovun pensiyasız nəsil projesi:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)
pensiyasız nəsil yetişdirməyə hazırlaşır. Nazirliyin parlamentə təqdim etdiyi
yenu qanun layihəsi ölümü cavanlaşdırmağa hesablanıb.
Politika.Az-ın İqtisadiyyat Şöbəsinin yaydığı xəbərə görə, qadınların təqaüd
yaşının da 65-ə çatdırılması təklifi məhz pensiyasız, səfalət içində yaşayan
ahıl nəsilin formalaşdırılması deməkdir.
Avropa ölkələrində, Asiyanın inkişaf etmiş dövlətlərində, eləcə də Rusiya və
İranda yaşlı nəsilə qayğı var. Təqaüdçülər yüksək pensiya alır, dövlətin sosial
imtiyazları var, onlara hər cür yardım edilir.
Səlim Müslümovun rəhbərlik etdiyi nazirlik isə Azərbaycanda pensiya yaşını
qaldırır və onların taleyini yox, büdcənin təəssübünü çəkir.
S.Müslümov bu qanun layihəsini imza ataraq Milli Məclisə göndərəndə pensiyaçı təbəqəni
düşünmədimi? Onlar yaş senzinə görə işdən azad edildikdən sonra necə dolanacaq?
Bu suallara həmin qanun layihəsində aydınlıq gətirilməyib.
Pensiya islahatları ilə bağlı yeni qanun layihəsinin hazırlanmasının və
parlamentin qarşıdan gələn yaz sessiyasının müzakirələrinə çıxarılaraq qəbulunun
nəzərdə tutulmasının əsl mahiyyəti bəlli olub.
Bu, 2008-cu ildən dünyada başlanan, başladılan və son illər daha kəskin
xarakter alan maliyyə-iqtisadi böhranın Azərbaycana da təsir etməsi, daha
doğrusu, maliyyə çatışmazlığının yaranması ilə bağlıdır.
Qanun layihəsində 3 radikal müddəanın nəzərdə tutulduğunu deyən mənbə bildirib
ki, əsas məsələ ölkədə pensiya yaş həddinin artırılmasıdır.
Bildiyiniz kimi, axırıncı, yəni, bir neçə il öncəki dəyişiklikdən sonra ölkədə
qadınların pensiya yaşı 60-a qaldırıldı. İndisə qadınların pensiya yaş həddinin
daha 5 il artırılması, yəni, kişilərlə bərabər 65 yaşa qaldırılması təklif
olunur.
Politika.Az-ın İqtisadiyyat Şöbəsinin yaydığı xəbərə görə, bu gedişlə ölkədə
pensiya alanların sayında sürətlə azalma müşahidə olunacaq. Hətta belə demək
olarsa, təqaüdçü nəsil kəsiləcək və pensiya yaşına çatanlar barmaqla göstəriləcək.
Bunun bir səbəbi insanların sağlamlığı, qəbul etdiyi qidaların keyfiyyəti və dərmanların
keyfiyyətsizliyidirsə, digər səbəb pensiya yaşının artırılması təklifidir.
Avropada və ABŞ-da təqaüdçülər həm yüksək pensiya alır, həm də uzunömürlüdürlər.
Azərbaycanda isə insan ömrü çox qısadır və dövlət məmurlarının belə bir təklifi
pensiyaçı nəslin kökünü kəsmək anlamına gəlir.
Amma indiki məqamda pensiya yaşının artırılmasının deyil, büdcədən kənar digər
vəsaitlərin cəlb edilməsi yaxşıdır.
DSMF çalışmalıdır ki, cəlb edilən vəsaitlərin digər qiymətli kağızlar və səhm
bazarında yerləşdirilməsini həyata keçirtsin və daha çox büdcədən kənar vəsaitlər,
eləcə də, mövcud vəsaitlərin idarə edilməsi hesabına gəlir əldə etməyə
çalışsın.
Demokratik.Az