Hüseynqulu Bağırovun Gəncədəki "ekoloji bəlası" kimdir?
"Ekologiya Nazirinin güvəndiyi adam 10 saylı Ərazi Ekologiya və TS Şöbəsinə necə divan tutub?”
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gəncə ş, 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdir əvəzi Rəhim Qafarov Gəncədə əməlli-başlı ekologiya bəlasına çevrilib. Qəribə səslənsə də, R.Qafarov bu vəzifəyə təyin edildiyi gündən indiyədək özünü həddən artıq xüdpəsənd və lovğa aparıb, öz işini şəxsi maraqları çərçivəsində qurub. Bu adam rəhbərlik etdiyi kollektivdə qeyri-sağlam mühit formalaşdırıb. Ölkənin ikinci böyük şəhəri olan Gəncədə həlli vacib ekoloji problemlər bu yarıtmaz məmurun ucbatından gün-gündən artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və şəxsən nazir Hüseynqulu Bağırovun şəxsi iradəsi isə önəmli məqamlarda məsələlərə loyal yanaşma sərgiləyib. "Demokratik.Az"-ın məlumatına görə, Rəhim Qafarov hansısa qohumluq əlaqələrindən yararlanaraq 10 il öncəsində Gəncə Aeroportundan 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə müavin, bir neçə il əvvəl isə müdir vəzifəsinə təyinat ala bilib. Məlumata görə, R.Qafarovun Ekologiya idarəsində müdir əvəzi kimi işləməsi karyerasında tramplin rolunu oynayır və yaxın gələcəkdə nüfuzlu bir şəxsin köməkliyi ilə daha yüksək vəzifəyə təyinatına hesablanıb.
"Demokratik.Az”-a verilən məlumata əsasən, 10 saylı Regional Ekologiya Şöbəsinin fəaliyyətinə nəzər salsaq görərik ki, burada maaş alan şəxslərin yarısı dövlət qulluğundan keçməyib. Ekologiya nazirliyi məlum "Dövlət Qulluğu Haqqında” qanuna əsaslanmadan, regional şöbədəki ştat vahidlərini vakansiyalar elan edilmədən qeyri-ixtisaslı kadrlarla müqavilə əsasında doldurması diqqətçəkən amillərdəndir. Yəqin ki, bu prosesdə müxtəlif maraqlar var. Həm də istənilən anda müqaviləli işçinin işindən asanlıqla qovulmasına hesablanıb. İdarənin kadr islahatında Rəhim Qafarovun da özəl dəst-xətti var.
R.Qafarovun qızının həyat yoldaşı Quliyev İlkin Rafayıl oğlu işə gəlmədən bu idarədə 3 ildən artıqdır sürücü kimi qeydə alınıb. Müdirin "X” sürücüsü hətta yararsız maşına sürücü ola-ola 2015-ci ilin aprel-may ayınadək maaş alıb. İşə gəlməyib, əvəzində tabel cədvəlinə özü yox, Səmayə adlı katibə imzalar atıb. Lakin sonradan nazirlik şikayət əsasında yoxlama aparmağa məcbur olub, nəticədə "olmayan” maşına yanacaq və digər sərfiyyat xərclərini dayandırılıb, müdirin kürəkəni isə staj xatirinə sürücü ştatında saxlansa da, öz hesabına "məzuniyyətə” buraxılıb.
R.Qafarovun sevimli baş məsləhətçisi İlkin Hacıyev də maraqlı təyinata imza atıb. O, nədənsə hərbi xidmətə yararsız olsa da, bu idarənin işinə yarayıb. Hətta qeyri-ixtisası onu müdirin dəstəyilə ƏETSŞ-nin peşəkar kadrlarından birinə çevrilib.
Rəhim Qafarovun müdir olması qonşusunu da məmur edib. Belə ki, cənab Qafarov Sədrəddin adlı qonşusunun xahişi ilə Vüsal adlı şəxsi idarənin baş məsləhətçisi təyin edib. Bu kadr siyasəti də müqavilə əsasında baş tutub.
Baş mühasib Aybəniz Məmmədova isə, ötən il avtomobil qəzasında ciddi xəsarətlər alıb və ayağı sınıb. Bu səbəbdən 4 ay işə çıxmayıb. Lakin hörmət əlaməti olaraq R.Qafarov onun əməkhaqqını bülletensiz 100 faiz olmaqla ödəyə bilib.
"Demokratik.Az”-ı məlumatlandıran mənbənin dediyinə görə, araşdırılsa idarədə belə maliyyə pozuntuları kifayət qədərdir.
Ötən il Prezident cənab Ilham Əliyevin məlum tapşırığı və sərəncamı əsasında ölkə üzrə sahibkarların fəaliyyətinə mənfi təsir göstərə biləcək qanunsuz yoxlamaların iki il müddətində qadağan olunması kimi rəsmi göstəriş olsa da, Rəhim Qafarov idarənin fəaliyyətini mənfi səmtə yönəldə bilib. "Demokratik.Az”-a bu barədə də müfəssəl bilgilər daxil olub. Məlumata görə, müdirin sərəncamı (göndərişi-O.N) ilə Gəncədə müxtəlif təyinatlı reydlər keçirən ekologiya əməkdaşları restoranlarda, iri mağazalarda, ticarət mərkəzlərində, Kolxoz və Dubay bazarlarında, zavodlarda, təhsil müəssilərində, səhiyyə təşkilatlarında, yeməkxanalarda - bir sözlə əlləri çatan hər ünvanda dövlətin normativlərinə əsaslanmayan ödəniş pulları tələb edirlər. Məlumatlı mənbənin bildirdiyinə görə, son illərdə cərimələrin və dövlət rüsumlarının ödənişi süni xarakter daşıyır. Yüzlərlə sahibkar idarənin nəzarət sektorunun müdiri Mahir Əbdürrəhmanovun və Qafarovun dediyi ilə razılaşmalı olurlar. Bəzən olur ki, "ekologiya başbilənləri” öz maraqları müqabilində dövlət nəfinə ödəmələri belə axsadırlar. Kütləvi halda qeyri-rəsmi qaydada sahibkarlardan pultoplama həyata keçirilir. İnandırıcı olmasa da, funksionerlər bunu Ekologiya Nazirliyinin "plan öhdəliyi ”kimi yozurlar.
Rəhim Qafarovun bezikdirici fəaliyyəti hətta Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin də diqqətini çəkə bilib. Bir neçə dəfə sakinlərin haqlı şikayəti Qafarovu Elmar Vəliyevin hüzurunda pərişan edib. Səbəb isə, şəhərdə təhlükə törədən çürük ağacların kəsilməsinə rəy verilərkən sakinlərin bir çoxundan rüşvət istənilməsi olub.
Bildirək ki, hazırda Gəncədə qanunsuz kömür satışına da rast gəlinir. Məlumata görə, bu gəlirli biznesə göz yummaq da nədənsə Rəhim Qafarovun komandası üçün adi hala dönüşüb.
Hesab edirik ki, göstərilən faktlar aidiyyatı qurumlar tərəfindən ciddi araşdırılmalıdır. Əks halda, hələ uzun müddət Rəhim Qafarovun özfəaliyyəti Gəncədə ekologiya adına qara ləkə olacaq.
Osman Nərimanoğlu
Adıçəkilən hər kəsin söz haqqı var.
Demokratik.Az