"Məharət Mustafayev 5 aydır evimi uçurub."

  • 30 dek 2016, 17:53

Gəncə şəhər sakini, Zeynalova Afət Firdovsi qızı "Demokratik.Az"-a şikayət xarakterli videomüraciət göndərib. Şikayətçi öz müraciətində Gəncə çayının kənarında yerləşən mülkünün sabiq icra başçısı Məharət Mustafayev tərəfindən dağıdılmasına diqqət çəkir. Afət Zeynalova bildirir ki, 5 ay əvvəl çay kənarında aparılan bəndsalma işləri çərçivəsində evi plana salınıb. Vətəndaşdan evinin iki otağı tələb olunub, əvəzində Məharət Mustafayev razılaşdırılmış kompensasiyanı ödəməyə söz verib. Lakin indiyədək uçurulmuş evdə yaşamağa məcbur olan şikayətçi evinin hər kvadrat metrinə görə 300 manat təklif edilmiş kompensasiyanı ala bilmir. Vətəndaş aldadılıb, ona küllü miqdarda maddi ziyan dəyib. M.Mustafayev nədənsə qeybə çəkilib. Üzüntülü məqam odur ki, Afət Zeynalova hələ də bu şadara, uçuq evdə yaşadığını bildirir. Çarəsiz qadın ev tamamilə uçmasın deyə, divarlara dayaqlar söykəyib...

Xatırladaq ki, M.Mustafayev bir neçə ay öncəsinədək Gəncə ş, Memarlıq və Şəhərsalma departamentinin rəisi postunda çalışırdı. Xüsusilə, çaykənarı evlərin sökülməsində Elmar Vəliyevin adından çıxış edirdi. Onun bu kimi özbaşınalığı isə təəccüblü deyil. Sabiq icra başçısı hələ Nizami rayon İHB başçısı vəzifəsində olarkən də yarıtmaz fəaliyyəti ilə qalmaqallar yaratmışdı. Əməllərinin nəticəsində prezident cənab İlham Əliyev tərəfindən işdən qovulmuşdu. Amma prezidentdən fərqli olaraq, Gəncənin icra başçısı Elmar Vəliyev özünün (Heydər Əliyev düşmənlərinin də-D.A) ərköyün "sirr tuluğu"nu hələ də himayə edir - Məharət Mustafayevin məmur qiyafəsini əynindən çıxarmaq istəmir. Heç olmasa şəhər rəhbərliyinin sevimli dostunun (M.Mustafayevin-red) bu əməlinə susqun qalmayacağına, yeni ildə bayram sevincini uçurulmuş evində keçirən şikayətçiyə yardım əli uzanacağına ümid edirik. Yoxsa, şikayətçinin "Yeni İl" faciəsi qarşıdan gələn "XORUZ" ilində də davam edəcək...



 

 

 

Demokratik.Az 

Oxşar xəbərlər