Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib

  • 08 dek 2016, 19:22
Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib.

"Report"un məlumatına görə, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda F.Şirinovun şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 2015-ci il 29 dekabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, "OON” şirkətinin cavabdeh F.Şirinova qarşı pul tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 2015-ci il 29 dekabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə və Mülki Prosessual Məcəllənin 416-cı və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Oxşar xəbərlər