Demokratik TV
Prezident Beyləqanda taxılçılıq sahəsinə baş çəkib
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində "Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) özəl pilot taxılçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olub.
"Qafqazinfo” xəbər verir ki, son illərdə ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları ölkənin sosial-iqtisadi inkişafının dinamikliyini göstərən amillərdəndəndir. Bu gün Azərbaycanda sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alır. Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların potensialından düzgün istifadə mexanizmlərini də üzə çıxarır.![]()

Dövlət başçısının tapşırığına uyğun olaraq, həmçinin güzəştli kreditlər hesabına maliyyələşdirilən, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına tələbatının ödənilməsinə xidmət edən iri və müasir müəssisələrin yaradılması xüsusi əhəmiyyəti ilə seçilir. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq, ölkəmizdə müasir tipli müəssisələrin yaradılmasının miqyası genişlənib.
Bu da aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq etməyə, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalına, ixrac potensialının və məşğulluğun artırılmasına güclü təsir edib. Digər tərəfdən, belə müəssisələrin yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsinə, milli brendlərin yaradılmasına, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasına, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasına və yeni iş yerlərinin açılmasına geniş imkanlar yaradıb. Belə müəssisələrdən biri də "Qarabağ Taxıl” MMC-nin özəl pilot taxılçılıq təsərrüfatıdır.
Məlumat verilib ki, bu layihənin həyata keçirilməsinə 10 milyon manat dövlət güzəştli krediti verilib. Təsərrüfatda tutumu 20 min ton olan taxıl anbarı kompleksi, gücü saatda 100 ton olan qurutma sistemi və tutumu 6 min ton olan logistik mərkəz yaradılıb. Dövlət investisiyaları hesabına "Yuxarı Mil kanalının tikintisi” layihəsi çərçivəsində ümumi uzunluğu 10,7 kilometr, suötürücülük qabiliyyəti saniyədə 16-18 kubmetr olan beton örtüklü kanal, yığılmış suların ərazidən kənarlaşdırılması üçün iki yeraltı suötürücü hidrotexniki qurğu və 7 kilometr uzunluğunda əsas suaxıdıcı kollektor tikilib. Bundan əlavə, Beyləqan rayonu ərazisində 1500 hektar sahədə qrunt sularının təmizlənməsi üçün kompleks meliorativ tədbirlər aparılıb, 35/10 kilovoltluq "Dostluq” yarımstansiyasından Beyləqan-Xaçınabad yolunun kənarı ilə 7 kilometr uzunluğunda köhnə elektrik xətti tamamilə yenilənib, 35/10 kilovoltluq "Xocavənd” yarımstansiyasından yüksək gərginlikli ikidövrəli elektrik xətti çəkilib. Həmçinin, ərazidən keçən, uzunluğu 23 kilometr olan Daşburun-Beyləqan-Xaçınabad avtomobil yoluna asfalt örtük döşənib.
Dövlət başçısının tapşırığına uyğun olaraq respublikada ilk özəl pilot taxılçılıq təsərrüfatı olan "Qarabağ Taxıl” MMC Ağcabədi və Beyləqan rayonlarının ərazisində müasir suvarma sistemlərinin tətbiqi ilə 4800 hektar sahədə yaradılıb. "Qarabağ Taxıl” MMC "Səba” şirkətinin müəssisəsi və istehsal sahələrindən biridir. Şirkətin səhmlərinin 25 faizi Azərbaycan İnvestisiya Şirkətinə məxsusdur. Bu təsərrüfat dövlət və özəl sektor əməkdaşlığının gözəl nümunəsidir. "Səba” MMC-yə, həmçinin "Səba” quş əti istehsalı müəssisəsi, "Biləsuvar Aqro” MMC-nin süd məhsulları zavodu, "Dəvəçi Broyler Dərin Emal” MMC aiddir.
Prezident İlham Əliyevə təsərrüfatda soya və silosluq qarğıdalı biçini, buğda səpini prosesi nümayiş olunub.
İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına istehsal prosesi haqqında məlumat verib.
Azərbaycan Prezidenti soya paxlasının əkin sahələri, məhsuldarlıq, istehsalı, ixracı, emalı və idxalın əvəzlənməsi imkanlarına dair məlumatları əks etdirən stendlərə baxıb.

"Səba” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Natiq Quliyev dövlətimizin başçısına məlumat verdi ki, müəssisə ölkədə yetişdirdiyi quşları öz yemi ilə bəsləyən yeganə şirkətdir. Burada yetişdirilən qarğıdalı və digər dənli bitkilər, soya məhsulu "Səba” quşlarının əsas yemini təşkil edir. 2013-cü ildən bu müəssisə "Səba” quşçuluq sahəsinin idxal olunan qarğıdalı yeminə tələbatını yerli məhsul hesabına tam aradan qaldırıb. Bu ildən böyük sahədə becərilməyə başlayan soya isə növbəti illərdə soyaya da idxal tələbini aradan qaldıracaq.
Diqqətə çatdırılıb ki, qarğıdalı və ondan alınan məhsullar üzrə respublikanın illik tələbatı təxminən 600 min ton, soyada isə 160 min ton təşkil edir. Bu məhsulların idxalının əvəzlənməsi üçün əlavə olaraq 50 min hektar qarğıdalı, 40 min hektar soya əkilməsinə ehtiyac var.
Sonra dövlət başçısı iri fermer təsərrüfatlarının, aqroparkların, eləcə də "Qarabağ Taxıl” MMC-nin fəaliyyətlərini, həmçinin müəssisənin ilkin və mövcud vəziyyətini, təsərrüfatda dövlət investisiyası hesabına görülən işləri əks etdirən stendlərlə tanış olub.


Bundan əlavə, layihənin ikinci mərhələsi üzrə 1000 başlıq müasir heyvandarlıq kompleksinin yaradılması nəzərdə tutulub. Layihənin icrası nəticəsində 130-dək yeni iş yeri yaradılıb və orta aylıq əməkhaqqı 350 manat təşkil edir. Təsərrüfatda 20 adda 80 kənd təsərrüfatı texnikası və bütün infrastruktura malik özəl aqroservis yaradılıb. Buradakı təsərrüfat texnikası dünyanın aparıcı şirkətlərinin istehsalıdır və yüksək məhsuldarlıq əldə etməyə geniş imkan yaradır. İki hektar sahəsi olan aqroservisdə texniki təmir, yanacaqdoldurma, texnikanın yuyulması məntəqələri və digər infrastruktur var.
Təsərrüfat ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Beyləqan rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin işçiləri ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
