Azərbaycan müharibə hazırlıqlarına başladı

  • 05 noy 2016, 17:44

Bakıdan düşmən və havadarlarına iki mesaj; Ermənistandakı "İsgəndər”lərinin Pakistanın analoji raket sistemləri ilə neytrallaşdırma ehtimalı İrəvanda təlaşı artırıb; erməni hərbi ekspert: "Azərbaycanın ballistik raketlər əldə eləməsi Rusiyanı və İranı da narahat etməlidir...”

 

Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, ordumuz son illərin ən irimiqyaslı hərbi təlimlərinə hazırlaşır. Silahlı qüvvələrin 60 minlik şəxsi heyəti, yüzlərlə raket-artilleriya sistemi, onlarla döyüş təyyarəsi və digər texnikanın cəlb olunduğu səhra təlimləri bir həftə davam edəcək.

Təlimlərin gedişində ordumuzun düşmən tərəfin malik olduğu yeni silah sistemlərini də nəzərə almaqla, onun ərazilərinin dərinliklərində yerləşən hədəflərinin vurulması ilə müşayiət olunan hücum taktikasının sınaqdan keçiriləcəyi gözlənilir. Yəni budəfəki hərbi manevrlər əvvəlkilərdən hərbi-taktiki baxımdan, keyfiyyət etibarilə də ciddi şəkildə fərqlənir.

Bu da məntiqlidir. Ona görə ki, işğalçı ölkə aprel hərbi uğursuzluqlarından sonra açıq-aşkar revanş kursu götürüb və sülh danışıqlarını sabotaj etməyə, mövcud status-kvonu uzatmağa çalışır. Bundan ötrü də son aylar öz siyasi-hərbi müttəfiqi Rusiyadan aldığı bəzi silah sistemləri, ələlxüsus da "İsgəndər” operativ-taktiki (ballistik) raket sistemlərinə arxayın olaraq, Azərbaycanı şantaj etməyə səy göstərir. Cəbhə xəttində qarşı tərəfin artan təxribatları ilk növbədə bunun təzahürüdür.

***

Bu mənada ordumuzun ən iri hərbi manevrləri yerinə düşür və güc nümayişi olaraq təkcə təcavüzkara yox, onun arxasındakı güclərə də bir xəbərdarlıq mesajı təsiri bağışlayır. Rəsmi Bakı düşməni xofda saxlamaq, hərbi üstünlüyümüzü qorumaq üçün paralel şəkildə Silahlı Qüvvələrimizin hərbi parkını modernləşdirməyi də unutmur. 
Bu yöndə bizim yeganə nüvə müttəfiqimiz kimi Pakistanla hərbi-texniki əməkdaşlığımız xüsusi önəm kəsb edir. Diqqətə layiqdir ki, son illər bu sahədə əməkdaşlıq xeyli dərinləşib. Çünki söhbət həm də "İsgəndər” sistemlərinə qarşı balans yarıdıcı silahların alınmasından gedir.

Pakistan baş naziri Məhəmməd Nəvaz Şərifin ötən ay Bakıya etdiyi səfər və səfər çərçivəsində əldə olunan anlaşmalar bu xüsusda ən əvvəl işğalçı Ermənistana özünü yığışdırmaq üçün növbəti siqnaldır. Çünki məhz həmin səfərdən sonra rəsmi İslamabad Azərbaycana yeni və müasir partiya silahların tədarükünü sürətləndirmək qərarı verib. Bu ayın sonunda isə hərbi sənaye naziri Yavər Camalovun Pakistana səfəri nəzərdə tutulur ki, həmin səfər də sözsüz ki, ikitərəfli hərbi əlaqələrin daha yüksək səviyyəyə qalxmasına vəsilə olacaq.

***



Gözlənildiyi kimi, Pakistan baş nazirinin Bakı səfəri və onun yekunları ən çox Ermənistanda, onun ekspert dairələrində ciddi narahatlıq doğurub. Məsələn, erməni hərbi ekspert Arkadi QriqoryanNews.am xəbər portalına saytına açıqlamasında deyib ki, Azərbaycanın Pakistandan hətta ballistik raketlər alması da realdır və bu, bir sıra suallar doğurur.

"Bu - tamamilə mümkün görünür. Lakin söhbət bu tip texnologiyaların yaradılmasından getmir. O ayrı məsələ ki, Azərbaycanın ballistik raketlər əldə eləməsi digər regional oyunçuları - Rusiyanı, İranı, Gürcüstanı narahat etməlidir. Çünki uzaq mənzilli bu raketlər onların ərazilərini də vura bilər”, - deyə Qriqoryan qeyd edib. 

Göründüyü kimi, əslində düşmən tərəfin 4 günlük aprel döyüşlərində rüsvayçı məğlubiyyətindən sonra hərbi paritet yaratmaq planı faktiki, fiasko olub. Belə bir pariteti yaratmağa Ermənistanın iqtisadi imkanları da yol vermir. Demək, sülh anlaşmasını özünə sərfəli vaxta qədər uzatmağa çalışan düşmənin Azərbaycanla hərbi ritorika ilə, təhdidlə danışmaq şansı şifrin yanındadır. Əksinə, işğalçı Azərbaycandan növbəti və daha sanballı hərbi yumruq gözləməsinə ciddi əsaslar var.

***

"Ermənistan hakimiyyəti anlayır ki, növbəti hərbi toqquşma qaçılmazdır”. Bu barədə politoloq Elxan Şahinoğlu yazıb. O, Ermənistan hakimiyyətinin indi də yeni bir hiyləyə əl atdığını bildirib: "Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan bildirib ki, Azərbaycan Dağlıq Qarabağın separatçı liderləri ilə danışıqlara ”hansısa sonrakı mərhələdə deyil, məhz indi başlamalıdır". Vaxtilə hakimiyyətdə təmsil olunan Demokrat Partiyanın lideri Aram Sərkisyan da eyni sözləri deyib. Görünür, İrəvanda qapalı şəkildə yüksək səviyyədə toplantı keçirilib, müharibə təhlükəsinin qarşısının alınması yolları haqqında müzakirə açıblar və yeganə "ağıllarına” gələn "danışıqlarda Dağlıq Qarabağ da iştirak etsin” fikri olub".

Politoloq İrəvanın bununla iki məqsəd güddüyünü deyib: "Birincisi, guya İrəvan Dağlıq Qarabağın əvəzinə qərar verə bilməz, hətta onlar hipotetik olaraq danışıqlar prosesində Bakı ilə nəyəsə razılaşsalar, Xankəndinin ”yox" cavabı həlledici olacaq. İrəvan Dağlıq Qarabağdakı separatçıları özünün əlaltısı yox, müstəqil oyunçu kimi bizə və beynəlxalq aləmə sırımaq istəyir. İrəvanın ikinci məqsədi elə həmin beynəlxalq vasitəçilərlə həmrəylik nümayiş etdirməkdir. Çünki təəssüf ki, həmsədrlər, özəlliklə də rusiyalı həmsədr tez-tez danışıqlar prosesinə Xankəndinin də qoşulmasını önə çəkir".
Politoloqa görə, Azərbaycan ordusunun başladığı təlimlər bəlkə də öz tarixinin ən böyük hərbi təlimləridir və həm İrəvana, həm onun dəstəkçisi Moskvaya, həm də Qərbə ciddi mesaj olmalıdır: "O mənada ki, sizin başınız İraq və Suriyaya qarışıb, ancaq Cənubi Qafqazda da müharibə təhlükəsi realdır. Ya bunun qarşısını almaq üçün Ermənistan hakimiyyətinə təzyiq edib danışıqlar yolu ilə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirməlisiniz, ya da toqquşma qaçılmazdır”.

Ümid edək ki, Bakının budəfəki hərbi mesajları havada qalmayacaq və Qarabağ konflikti həmsədr dövlətlərin də köklü maraqlarını təhdid edən növbəti, daha qanlı fazaya adlamayacaq. Bundan ötrü isə tək şərt - vasitəçilərin, nəhayət, Ermənistana işğalçı kimi yanaşmasıdır.

Oxşar xəbərlər