Qanunlar dəyişdirildi, cəzalar ağırlaşdırıldı

  • 28 okt 2016, 21:57
Əməliyyat zonasında KİV-in, kommunal qurumların fəaliyyətini hüquq mühafizə orqanı müəyyənləşdirəcək

Fazil Mustafa: «Din insanın içində olmalıdır, hoqqabazlıq göstərmək üçün deyil”

Milli Məclisinin dünən növbəti plenar iclası keçirilib. İlk olaraq Azərbaycanın bir sıra dövlətlərlə imzaladığı beynəlxalq sənədlər ratifikasiya olunub. BMT ilə İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 21-ci Tərəflər Konfransı zamanı imzalanmış Paris Sazişi, İran İslam Respublikası ilə imzalanmış bitki mühafizəsi üzrə Saziş, Azərbaycan-İran-Rusiya prezidentləri arasında imzalanmış bəyannamə ayrı-ayrılıqda səsə qoyularaq təsdiq olunub.

Dini ekstremist fəaliyyətlə məşğul olan dini qurum ləğv ediləcək

Daha sonra "Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edilib və buna müvafiq olaraq Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər müzakirəyə çıxarılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov dəyişikliklərlə bağlı məlumat verib. S. Novruzov bildirib ki, dəyişiklik Azərbaycandan xarici ölkələrə gedib orada din adı altında ayr-ayrı qruplaşmalarda fəaliyyət göstərməyin qarşısını alacaq: "Müstəqillik dövründə Azərbaycandan 3 min nəfər xaricdə dini təhsil alıb. Ölkədə 2166 məscid var ki, bunun da 1600-ü daimi fəaliyyət göstərəndir. Həmin şəxslərdən 200-ü həmin məscidlərdə çalışır. Bu gün Azərbaycanda həm Bakı Dövlət Universitetində, həm də İslam Universitetində dini mütəxəssislər yetişdirilir. Artıq bu proses gedir və davamlı şəkildə aparılacaq".

Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə etiqad etməyə məcbur edən şəxslər 5 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər. Bununla bağlı Cinayət Məcəlləsinin 167-1-ci maddəsinə yeni 4-ü bənd əlavə edilib. 

Layihədə dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə, dini ayin və mərasimlərdə iştirak etməyə, dini təhsil almağa məcbur edən şəxslərin 7000 manatdan 9000 manata qədər cərimələnməsi, 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.
Məcəllənin 214-cü (terrorçuluq) maddəsindəki dəyişikliyə əsasən, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəmnində törədilən əməllərə görə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək. 

Cinayət Məcəlləsinin 279-cu maddəsində edilən dəyişikliyə görə, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəmnində silahlı birləşmələr və ya qruplar yaratma, həmin birləşmə və ya qruplarda iştirak etməyə görə 6 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə tətbiq olunacaq. Bundan başqa, Məcəllənin 283-cü maddəsində də dəyişiklik edilib.

Deputat daha ağır cəzalar təklif edir

Müzakirədə iştirak edən deputat Elmira Axundova bildirib ki, dini radikalizm, dini fanatizmlə əlaqəli bir çox qanunlara dəyişikliyin müzakirəyə çıxarılması günün tələbidir.  Ancaq o, Cinayət Məcəllənin 167-1.1-ci maddəsində nəzərdə tutulmuş  dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində əməllər görə cərimə cəzası deyil, birbaşa azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olduğunu bildirib. Deputat həmçinin bildirib ki, CM-nin 279.1-1.ci maddəsində "dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində silahlı birləşmələr və ya qruplar yaratma, həmin birləşmə və ya qruplarda iştirak etməyə görə cəza olsa da,  həmin birləşmə və ya qrupları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatlarla təchiz etmə, yaxud bu birləşmələrin yaradılmasında birbaşa iştirak etməsə də, daha sonradan həmin birləşmələri maliyyələşdirənlərə qarşı hər hansı sanksiyalar nəzərdə tutulmayıb. "Çox istərdim ki, Cinayət Məcəlləsində bu məsələyə də diqqət ayrılsın və daha ağır cəzalar nəzərdə tutulsun. Çünki bu cür dini radikalizmin kökündə dayanan məhz maliyyə məsələləridir. Biz ilk növbədə bu maliyyə axınının qarşısını almalıyıq”. Deputat 283.1-ci maddədə nəzərdə tutulan əməlləri törədən şəxslərin maliyyələşdirilməsinə görə daha ağır cəzanın tətbiq olunmasını təklif edib. 

Deputat Qənirə Paşayeva "Dini etiqad azadlığı" haqqında qanuna edilən dəyişiklikdən danışarkən bildirib ki, indiyədək Azərbaycanda dini təriqət və məzhəb baxımından heç zaman münaqişə yaşanmayıb.

"Sadəcə bu gün biz dünyada dini pərdə altında öz çirkin məqsədlərini həyata keçirən qüvvələrin şahidi oluruq. Din pərdəsi altında dünyanın bir çox ölkəsi cəhənnəmə çevrilib”. 
Deputat onu da əlavə edib ki, dini ekstremizmin qarşısını almaq üçün öz dini alimlərimizi yetişdiməliyik: "Bu yolla maarifləndirmə işi aparılmalıdır”.

Deputat Musa Qasımlı da bu məsələyə kifayət qədər həssas yanaşmanın tələb olunduğunu deyib. O xüsusilə də xaricdə təhsilə ciddi yanaşma zərurətindən bəhs edib. 

Deputat Zahid Oruc xaricdə təhsil almış 3 min nəfərin də Azərbaycan vətəndaşları olmasını xatırladıb. Eyni zamanda qeyd edib ki, Azərbaycan İslam Universiteti pulsuz təhsil verərsə, bununla bağlı dövlətin dəstəyi olarsa, ölkədə təhsil almağa üstünlük verilər. "Unutmayaq ki, xaricə gedənlər həm də pulsuz təhsil alacaqlarına görə bu seçimi edirlər”.

Milli Məclis sədrinin müavini Bahar Muradova isə qanunun yalnız dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumları əhatə edən bir maddəsinin dəyişdirildiyini deyib və konkret maddə ətrafında danışmağı təklif edib.

Spiker Oqtay Əsədov isə bildirib: "Xahiş edirəm qanun layihəsini düzgün oxuyasınız və biləsiniz ki, konkret nəyi müzakirə edirik. Biz bu qanunu qəbul etmişik və bir maddəyə dəyişiklik edirik. Buna görə bu qədər çıxış etmək olmaz axı”.

Medianın fəaliyyətini əməliyyat keçirən qurum müəyyən edəcək

Qanuna dəyişikliklə əlaqədar, "Dini etiqad azadlığı haqqında”, "Kütləvi informasiya vasitələri haqqında”, "Qaz təchizatı haqqında”, "Elektroenergetika haqqında”, "Su təchizatı haqqında”, Telekommunikasiya haqqında”, "Yol hərəkəti haqqında” qanunlarına dəyişiklik layihələri müzakirəyə çıxarılıb.

"Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik layihəsində isə dini ekstremizm əleyhinə aparılan əməliyyat barədə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilməsi nəzərdə tutulur.

Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib ki, 2015-ci ilin 4 dekabrında qəbul edilən "Dini eksterimizmə qarşı mübarizə haqqında” qanun mühüm əhəmiyyət kəsb edir: "4 qanuna edilən dəyişikliklər bu qanunla əlaqəlidir. "Kütləvi informasiya vasitələri haqqında” qanunun 7 və 11-ci maddələrinə 2 dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, dini eksterimizmə qarşı xüsusi əməliyyatlar keçirilən zaman əməliyyat zonalarında KİV nümayəndələrinin fəaliyyətini əməliyyat keçirən orqan müəyyən edir. Eləcədə müvafiq məlumatların forma və məzmununu əməliyyat aparan orqan müəyyən edir. Burada söhbət "Kütləvi informasiya vasitələri haqqında” qanunun "Dini eksterimizmə qarşı mübarizə haqqında” qanunla uyğunlaşdırılmasından gedir.

Həmçinin "Televiya və radio yayımı haqqında”, "İctimai televiziya və radio yayımı haqqında” və "Telekommunikasiya haqqında” qanunlara dəyişikliklər edilib.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov dəyişiklikləri dəstəkləyib və bildirib ki, burada KİV-in fəaliyyətinin məhdudlaşdırması ilə bağlı deyilənlərin əsası yoxdur. 

Deputat Qüdrət Həsənquliyev isə xüsusi əməliyyatlar aparılan zaman jurnalistlərin sərbəst informasiya əldə etmək, onu dəqiqləşdirmək və araşdırmalar aparmaq hüquqlarının məhdudlaşdırılmamasının vacibliyini vurğulayıb.

Deputat Fazil Mustafa bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bəzi saytlar xaricdən sifariş əsasında fəaliyyət göstərirlər. "Bu gün ölkədə bununla bağlı real təhlükə var. Kimsə Səudiyyə Ərəbistanından, kimsə Türkiyədən, kimsə İrandan təlimat alır.  Burada sifariş almaq məsələsini ortaya çıxarmaq lazımdır. Xaricdən dini əqidə formasında idarə olunan qurumların da idarə olunması qadağan olunmalıdır. Bu gün xeyli sayda idarə olunan KİV orqanları var. Burada media mənsublarının məsuliyyəti məsələsi də nəzərə alınmalıdır. Jurnalistlərin fəaliyyətinə də sanksiyalar tətbiq olunmalıdır. Din insanın içində olmalıdır, hoqqabazlıq göstərmək üçün deyil”.
"Qaz təchizatı haqqında”, "Elektroenergetika haqqında”, "Su təchizatı haqqında”, "Telekommunikasiya haqqında” qanunlardakı dəyişikliyə görə, dini ekstremizim əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında məhkəmə qərarı ilə qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri məhdudlaşdırıla bilər.

Bundan əlavə, "Yol hərəkəti haqqında” qanunun 12-ci maddəsinə əlavələr edilməsi təklifi də müzakirəyə çıxarılıb. Bu qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir. Dəyişiklik layihəsinə əsasən, ölkədə hansı ərazidə dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparılırsa, orada əməliyyatı aparanlara yol hərəkətini müvəqqəti məhdudlaşdırılmaq və ya qadağan etmək səlahiyyəti verilir. Dəyişiklik layihələri səsverməyə qoyularaq qəbul edilib.

Oxşar xəbərlər