Cahangir Hacıyev qan-qan dedi: "Vecimə deyil"

  • 11 okt 2016, 00:14
Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Azvision.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən "İnter Security" mühafizə şirkətinin rəhbəri İ.Hüseynov son söz deyib. O, çıxışında ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu, heç bir mütəşəkkil dəstənin tərkibində iştirak etmədiyini deyib: `Mənimsəmə fikrimiz olsa idi, bu kreditlərin heç birini ödəməzdik. Barəmdə bəraət hökmünün çıxarılmasını xcahiş edirəm`.

Daha sonra C.Hacıyev də son sözlə çıxış edib. O da barəsində bəraət hökmünün çıxarılmasını istəyib: "İstintaq 1 il 5 aydır, davam edir. İstintaq dövründə mənimsəmə ilə bağlı heç bir fakt sübuta yetirilməyib. 2015-ci ilin aprel ayında bir zənglə istintaqa çağırılmışam. Həmin vaxt xaricdəydim, geri qayıtdım. Mənimsəmədə hansısa formada iştirakım və ya cinayətim olsaydı, qayıtmazdım. Mən Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrində böyük rol oynamışam. Məsələn, Rusiyanın böyük şirkəti olan "Qazprom"la saziş bağlamışam. Sonradan Maliyyə Nazirliyi bu işi pozdu, müqavilə ləğv olundu. Albaniyada olan zavodlar da Beynəlxalq Bankın sərmayələri idi, ancaq Maliyyə Nazirliyi bu işi də pozdu. Buna görə Azərbaycan 350 milyon dollar ziyan etdi. Ümumiyyətlə, mənim gördüyüm işlər göz qabağındadır. Mən buna görə fərəh hissi keçirirəm. Bu cinayət işi başlayandan sonra minlərlə adamın ölkədən çıxışına qadağa qoyulub.

Cinayət işi 21 cilddən ibarətdir, 38 nəfər əleyhimizə ifadə verib, ekspertizalar keçirilib, amma yenə də ortada mənimsəmə ilə bağlı bir sübut yoxdur. Deyirlər ki, mütəşəkkil dəstəsiniz. Burda mənimlə ittiham olunan elə şəxslər var ki, onları mən bir, ya iki dəfə görmüşəm`.

C. Hacıyev çıxışında maliyyə naziri Samir Şərifovu da ittiham edib: `İttihamda qeyd olunan məbləğlərin kimin tərəfindən mənimsənildiyi məlumdur. Bu iş niyə araşdırılmır? İş adamı Bülənt Kara niyə istintaqa çağırılmadı? Cinayətkarlar azadlıqdadır. İstintaqda Ramil Usubov, Zakir Qaralov və maliyyə nazirinin müavini Azər Bayramovla müzakirə aparılıb. Orda Azər Bayramov qeyd etdi ki, pulların hamısı kreditlərə yönəldilib. İstintaqda tələb etdim ki, bankın audit komitəsinin rəhbəri ifadə versin. Amma bu tələbimi də təmin etmədilər.

Prokuror mənə 17 il həbs cəzası istədi. Mənə lap 117 il də verilsə, vecimə deyil. Amma yanımda mənim kimi günahsız olan şəxslərə də 11-14 il həbs cəzası istənilib. Bu, haqsızlıqdır. 21-ci əsrdəyik, internet dövrüdür, insanlar oturub nələrisə araşdıra bilər. Guya mənim milyonlarla pulum, villalarım, təyyarələrim var. Bəzi KİV yazıblar ki, guya mənim İngiltərədə lordlar yaşayan yerdə evim var. Hanı? Mən məhkəmədən xahiş edirəm ki, cinayət işi istintaqa qaytarılsın, bu işi aparan müstəntiq və prokurorlar barəsində xüsusi qərardad verilsin. Ümumiyyətlə, mənimsəmədə əli olan şəxslər həbs edilsin. Bizə isə bəraət verilsin".

Proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Oxşar xəbərlər