GÖYGÖLDƏ “QIZIN” İKİ ADAXLISI VAR?

  • 02 okt 2016, 13:54

 

Göygöl rayon Üçtəpə kənd sakini Ələsgərov Çərkəz Əsgər oğlu "Demokratik.Az"-a ilginç müraciət ünvanlayıb.

 Ömrünün 40 ilini pedoqoji fəaliyyətə həsr etmiş, müəllimlik fəaliyyətində gənc nəslin təlim-tərbiyəsində vətənpərvərlik ruhunun aşılanmasına və milli mənəvi dəyərlərimizin təbliğinə xüsusi önəm verdiyini bildirən müraciət müəllifi məktubunda yazır:

Müraciətimizin məğzi ondan ibarətdir ki, daimi yaşayış yerimiz olan Göygöl rayonunun Üçtəpə kəndində ümumilikdə 250 ailənin adına verilmiş torpağa mülkiyyət hüququna dair sənədlərdə,eləcə də evlərimizin, mülklərimizin yeni texniki pasportlarında dədə-baba kəndimiz  Üçtəpənin adı yazılmaq əvəzinə,qonşu Qızılca kəndinin adı qeyd olunmuşdur. Necə ola bilər ki, biz Sovetlər Birliyi dövründə Üçtəpəli idik, Müstəqil Azərbaycanda isə Qızılcalı olduq? Olduqca gülməlidir, belə anlamaq olar ki, bizim kəndin ikimərtəbəli adı olmaqla dünyada analoqu yoxdur. Buna başqa ad vermək olmaz.”

Müraciətdə bildirilir ki, sənədləşmələrdə kəndlərinin adının düzgün yazılmamasının xüsusi səbəbkarları var və məqsəd də illər öncə həyata keçirilmiş yerli Aqrar İslahatlar zamanı maraqlı tərəflərin əlbirliyi ilə Üçtəpə kəndinin örüş yerlərini, pay torpaqlarını və digər təyinatlı torpaq sahələrini sataraq talamağa yönəlibmiş. Yəni söhbət bu yolla kəndin 1000(min)hektara yaxın torpaq sahəsinin saxta yolla sənədləşməsindən gedir.

Deyilənlərlə bağlı yuxarı orqanlara, xüsusilə də aidiyyatı üzrə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dəfələrlə müraciətini xatırladan kənd sakini Çərkəz Ələsgərov yazır ki, ”Bu məsələ ilə birbaşa əlaqəli olan dövlət məmurları kələfin ucunu elə dolaşdırıblar ki, özləri də öz dolaşıqlarından artıq baş aça bilmirlər.”

Bildirək ki,kənd sakinlərinin çoxsaylı şikayət məktubları cavabsız qalmayıb. Hətta DT və XK-nın tanınmış nümayəndəsi Asif Ələsgərov da bir neçə səlahiyyətlinin iştirakı ilə problemli kəndə baxış keçiriblər və tərtib olunmuş Aktda həqiqətən də 250 ailənin torpağa dair hüquqi sənədlərində Üçtəpə deyil, Qızılca kəndi göstərildiyi vurğulanıb. Hətta aktda şikayətçi Çərkəz Ələsgərovdan başqa 250 ailənin də daimi qeydiyyatı və bütün işləri Üçtəpə kəndində olduğundan ərazinin Üçtəpə kəndinin inzibati ərazisinə daxil edilməsi üçün aidiyyatı üzrə müraciət olunması vətəndaşlara tövsiyyə olunub. Belə olan halda isə vətəndaşın yazdığı kimi,ortaya belə bir sual çıxıb. Bəs, 80 ildir sözügedən ərazi Üçtəpənin inzibati ərazisi hesab edilməyibmi?

 Məktubunun sonunda haqlı olaraq Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovu və öncəki sələflərini da səhlənkarlıqda ittiham edən Çərkəz müəllim Üçtəpə kəndində aparılmış bu cür saxta sənədləşməyə qarşı sərt tədbirin vacibliyini bildirir. Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi komissiya yaradılacağını istəyir.

REDAKSİYADAN: Bildirək ki,bu problem əvvəlki icra başçısı Əli Mustafayevin dövründə meydana gəlib və həllini gözləməkdədir. Vətəndaşların doğum və ölüm şəhadətnamələrində,nigah şəhadətnamələrində, eləcə də pasportlarında və əmək kitabçalarında,evlərinin kupçalarında Üçtəpə kəndi yazılsa da kəndi əhatə edən torpaq sahələrinin şəhadətnamələrində qonşu kəndin-Qızılca kəndinin adı yazılıb. Yuxarıda da qeyd etdiyimiz kimi,bu süni problem Yerli Aqrar İslahatlar həyata keçirilən zaman meydana çıxıb...

Çərkəz Ələsgərovun öz təbirincə desək, ”Necə deyərlər,qızın iki adaxlısı var, qız hansına ərə getməlidir məsələsi hələ ki, ortadadır”.

 

Araşdırmalarımız davam edir.

Demokratik.Az

 


Oxşar xəbərlər