Lerik icra başçısının 10 milyonluq yol maxinasiyası

  • 02 sen 2016, 12:45
Lerikdə problemlər həllini tapmır ki, tapmır. Görünür icra başçısı Rövşən Bağırov və müavini Cəlil Baxşiyev nə qədər bu vəzifədə qalacaqlarsa, vəziyyət o qədər də acınacaqlı olmaqda davam edəcək.


Bu dəfə Qaynarinfo.Az-a Lerikdən daxil olan şikayət 30 min əhalinin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 36 kilometr olan Noda - Şingədulan - Xanagah avtomobil yolunun bərbad durumu haqqındadır.

İndiyə qədər Azərbaycan Prezidenti İlham Əliyevin üst-üstə 10 milyon manat ayırdığı yolun  əsaslı təmiri 2015-ci ildə başa çatmalı olsa da, tapşırıq yerinə yetirilməyib. Bu da azmış kimi 10 milyon manat qarşılığında bu günə qədər görülən işlər də başdansovdu olub və artıq üstündən bir il keçməsinə baxmayaraq, yol tamamilə sıradan çıxıb.

Qeyd edək ki, yolun tikintisini İcra Hakimiyyətinin sifarişi ilə özünü Almaniyanın "Vertgen” şirkətinin Azərbaycan üzrə təmsilçisi kimi təqdim edn "Yoltikintinəqliyyatservis” MMC tərəfindən həyata keçirilib.

Əvvəl 3 milyon, sonra 7 milyon...

Qeyd edək ki, Prezident İlham Əliyevin 14 sentyabr 2013-cü il tarixli sərəncamı ilə 30 min nəfər əhalinin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə ilkin olaraq 3 milyon manat vəsait ayırdı.

Lakin qısa müddət sonra pullar havaya sovruldu və ciddi bir iş görülmədi. 

19 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə yolun tikintisinə əlavə olaraq, 7,0 (yeddi) milyon manat ayrıldı. Maliyyə vəsaiti isə sərəncamda qeyd olunduğu kimi, Lerik Rayon İcra Hakimiyyətinə ayrılmışdı. Amma bu dəfə də yolun tikintisi başa çatmadı. Əksinə, yol Noda kəndindən Ağçay kəndinə qədər çəkildi və tikinti dayandırıldı. Hətta Ağçay və Şingədulan kəndləri arasındakı uzun bir məsafə (Həmin əraziyə Zenonu kəndi də daxildir və yolun ən bataqlıq hissəsi sayılır) yararsız halda tikildi. Konkret olaraq, həmin əraziyə "şebel” tökülmədi. Asfalt örtük sadəcə torpağın üzərinə, nazik səthdə çəkildi.

Layihəyə əsasən isə yol torpaq yatağı 10 metr, eni 6 metr ikizolaqlı asfalt - beton qarışığından tikilməliydi.

Yolun tikintisinin təxirə salnması əhali arasında ciddi narazılıq yaratdığından yenidən icra başçısının müavini Habil Məlikov açıqlama ilə gündəmə gəldi. O, prezident tərəfindən ayrılan sonuncu 7 milyon manatın rayon İH-nin balansına köçürülmədiyini bildirdi. Hətta Məlkov narazılıq edən sakinlərə vəsaitin köçürülmədiyini ölkədə keçirilən I Avropa Oyunları ilə əlaqələndirdi.

Sakinlər buna inanmadıqlarını, icra başçısının prezidentə yalan danışdığını deyirlər. Onlar hesab edirlər ki, 10 milyon manat vəsaitin mənimsənilməsi faktı mütləq ölkə başçısına çatdırılmalıdır. Həmçinin sakinlər buna görə, icra başçısı Rövşən Bağırov, müavini Cəlil Baxşıyev və Lerikin deputatı İqbal Məmmədovu günahlandırırlar.

Problem mətbuatda işıqlanandan sonra Lerik Rayon İcra Hakimiyyəti əl-ayağa düşdü. Sakinlərin verdiyi məlumata görə, icra başçısı adamlarını kənbəkənd salaraq, əhalini sakitləşdirməyə çalışdı:

"Bizə dedilər ki, yolun qalan hissəsi sadəcə təmizlənəcək, amma asfalt çəkilməyəcək. Prezidentin sonradan ayırdığı 7 milyon manatın da yola sərf edildiyini dedilər. Biz də soruşduq ki, hara sərf olunub? Axı 7 milyon ayrılandan sonra dediniz ki, pul köçürülməyib və ondan sonra yol 1 metr də olsun çəkilmədi. İndi necə olur ki, 7 milyonu xərclədiyinizi deyirsiniz? Yol 2015-ci ildə təhvil verilməli idi, amma 2016-ci ildir, hələ də heç bir irəliləyiş yoxdur”.

Sonda yolun indiki durumunu açıq-aydın əks etdirən fotoları da yazıya əlavə edirik. /QAYNARİNFO
Oxşar xəbərlər