Əli İnsanova həbsdə də cinayət işi açıldı

  • 24 avq 2016, 22:23

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində yeni cinayət işi başlanılıb.

 

Bu barədə Report-a onun vəkili Toğrul Babayev bildirib.

T.Babayevin sözlərinə görə, ötən gecə Ə.İnsanovun vəkillərinə Qaradağ rayon Prokurorluğundan zəng edilərək məlumat verilib:

"Hazırda sabiq nazirin cəza çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısında gözləyirik. Lakin bizə Cinayət Məcəlləsinin hansı maddəsi ilə cinayət işinin başlanılması barədə məlumat verilməyib. Prokurorluq əməkdaşları Cəzaçəkmə Müəssisəsinə daxil olsa da, bizə çöldə gözləmə ilə bağlı göstəriş verilib".

 

***

 

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı irəli sürülən yeni ittiham açıqlanıb.

 

Axar.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının üzvü Tofiq Yaqublu özünün Feysbuk səhifəsində yazıb.

 

T.Yaqublunun yazdığına görə, Ə.İnsanov həbsxanada ona müraciət edən məhkumları səhv müalicə etməkdə təqsirləndirilir.

 

Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.

 

***

 

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə ittiham irəli sürülüb.


Report-un xəbərinə görə, sabiq nazir CM-in 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama),  315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.

 

Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarda qeyd olunub ki, Ə.İnsanov avqustun 23-də cəza çəkdiyi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində yerləşən 1 saylı dəstənin yataqxanasında yardımçı otaqda olan ona məxsus zəncirbəndli torbada şübhəli dərman preparatının aşkar olunması ilə əlaqədar xidməti vəzifəsini yerinə yetirən Penitensiar Xidmətin Əməliyyat Rejim İdarəsinin Əməliyyat Şöbəsinin böyük ispektoru, ədliyyə mayoru Anar Məmmədov tərəfindən 13 saylı Cəzaçəkmə müəssisəsinin inzibati binasının 2-ci mərtəbəsində xidməti otaqda protokol tərtib olunmasına etiraz edərək qəflətən protokolu Anar Məmmədovun əlindən alaraq cırıb, ona mane olmaq istəyən hakimiyyət nümayəndəsi Anar Məmmədova qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edərək əlləri ilə boğaz nahiyyəsindən tutub boğub, əynində olan xüsusi geyim formasının yaxasını cırıb, paqonunu qoparıb, hüquqa zidd hərəkətlərini davam etdirərək Anar Məmmədovu itələyib, nəticədə sonuncunun başının ənsə nahiyəsi qapıya dəyib.


Bundan başqa o, satış məqsədi olmadan psixotrop maddə hesab edilən tərkibində diazepanın təsiredici maddəsinin ümumi miqdarı 2.47 qram olan ümumi sayı 142 ədəd dərman həblərini qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib 13 saylı Cəzaçəkmə Müəssisəsində yerləşən 1 saylı dəstənin yataqxanasında yardımçı otaqda olan ona məxsus zəncirbəndli torbada saxlayıb, gəzdirilməsi, daşınması və ya istifadə edilməsi qadağan olunmuş güclü təsir edən dərman vasitəsi hesab edilən təsiredici maddəsinin miqdarı 3 qram olan 60 ədəd ağ-göy rəngli tramadol dərman kapsullarını saxlayıb.


Ə.İnsanov qərarla tanış olub. O, bu ittihamlarla özünü təqsirli bilməyərək qərarı imzalamaqdan imtina edib.


Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə
əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

Demokratik.Az

Oxşar xəbərlər