Pərviz Həşimlini 50 manat cərimələdilər

  • 19 avq 2016, 20:59
Generalın xanımı və sürücüsünün hücumu jurnalistin məhkəməsi ilə yekunlaşdı.

Nərimanov rayon Məhkəməsində Gununsesi.info saytının baş redaktoru, sabiq vicdan məhbusu  Pərviz Həşimli ilə milli təhlükəsizlik nazirinin sabiq müavini Hilal Əsədovun sürücüsü Zöhrab Muradov arasında dünən baş vermiş insidentlə bağlı məhkəmə prosesi artıq yekunlaşıb. 

Bu barədə P.Həşimli musavat.com-a açıqlamasında bildirdi. Onun sözlərinə görə, Nərimanov rayon Məhkəməsinin hakimi Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə ona və Z.Muradova 50 AZN məbləğində cərimə cəzası kəsilib. Bu, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin təqdimatına əsasən, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olan protokolla əlaqədar baş verib. 

P.Həşimli sözügedən qərardan yuxarı məhkəmə instansiyasına şikayət edəcək. 

Musavat.com xatırladır ki, avqust ayının 18-də P.Həşimli  Gənclik həndəvərindəki bir yeməkxanadan çıxan vaxt milli təhlükəsizlik nazirinin eks  - müavini Hilal Əsədovun həyat yoldaşı, 14 saylı Uşaq Poliklinikasının müdiri Nüşabə Əsədova və onun sürücüsü ilə qəfil qarşılaşması zamanı insident yaşanıb. N.Əsədova sürücüsünə "mənim poliklinikanın baş həkimliyindən çıxarılmağımla bağlı xəbəri yazan adam budur” deyərək P.Həşimlini nişan verib. Sürücü də Pərvizə yaxınlaşaraq onun yalan məlumat yazdığını deyib. Bu zaman mübahisə uzanıb. P.Həşimli bu baş verənləri telefonun yaddaşına köçürüb. Mübahisənin uzanmasını istəməyən P.Həşimli hadisə yerindən uzaqlaşanda isə sürücü arxadan ona yaxınlaşaraq orda yazılanları silmək üçün mobil telefonunu almağa cəhd edib. İnsidentə polis müdaxilə edib və hər iki tərəf polis bölməsinə gətirilib.
Oxşar xəbərlər