Azərbaycanda 1.5 milyardlıq problemli kredit var

  • 08 avq 2016, 22:37
Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il iyulun 1-nə 1 539,8 mln. manat təşkil edib. Bu, nominal həcmin yeni tarixi rekorda çatması deməkdir. Sonuncu rekord isə iyunun 1-də qeydə alınıb. Bizimyol.info Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, iyunun 1-nə olan analoji göstərici ilə müqayisədə problemli kreditlərin həcmi 25,6 mln. manat və ya 1,69%, 2016-cı ilin əvvəli ilə müqayisədə isə 31,3 mln. manat və ya 2,07% artıb.

Vaxtı keçmiş kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi 8,35% təşkil edib və aylıq müqayisədə 0,03 faiz bəndi, yarımillik müqayisədə isə 1,41 faiz bəndi artıb.

 

Manatla verilən vaxtı keçmiş kreditlər iyulun 1-nə 779 mln. manat təşkil edib ki, bu da iyunun 1-nə nisbətən 1,3 mln. manat və ya 0,17% çoxdur. İlin əvvəli ilə müqayisədə isə manatla vaxtı keçmiş kreditlər 61,2 mln. manat və ya 7,28% azalıb. Bu kreditlərin manatla məcmu kreditlərdə payı son bir ayda 0,1 faiz bəndi artıb, ilin əvvəlindən 0,49 faiz bəndi artaraq 8,13%-ə çatıb.

Milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin iyulun 1-nə həcmi iyunun 1-nə nəzərən 3,6 mln. manat və ya 1,8% azalaraq 196 mln. manat təşkil edib. İlin əvvəlindən isə azalma 72,2 mln. manat və ya 26,92% olub. Milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin xüsusi çəkisi 13,93% təşkil edib. Bir ay əvvəl bu göstərici 14,31%, ilin əvvəlində isə 15,1% olub.

Manatla uzunmüddətli kreditlərdə problemli kreditlərin həcmi isə iyulun 1-nə 583 mln. manat təşkil edib. Bu, iyun ayının 1-nə olan göstəricidən 4,9 mln. manat və ya 0,84% artıqdır. İlin əvvəli ilə müqayisədə isə manatla uzunmüddətli problemli kreditlər iyulun 1-nə 11 mln. manat və ya 1,92% artım göstərib. Manatla uzunmüddətli kreditlərin strukturunda isə problemli kreditlərin payı iyulun 1-nə 7,14%, iyunun 1-nə 6,98%, ilin əvvəlində 6,2% təşkil edib.

Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi iyulun 1-nə 760,8 mln. manat təşkil edib. Bu, iyunun 1-nə nisbətən 24,3 mln. manat və ya 3,29%, cari ilin əvvəli ilə müqayisədə isə 92,5 mln. manat və ya 13,84% çoxdur.

Xarici valyutada problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi iyulun 1-nə 8,58%, keçən ayın əvvəlində 8,64%, ilin əvvəlində isə 6,2% olub.

Xarici valyutada vaxtı keçmiş qısamüddətli kreditlərin həcmi iyulun 1-nə 322,6 mln. manat təşkil edib ki, bu da iyunun 1-nə olan göstəricidən 8,6 mln. manat və ya 2,59% azdır. İlin əvvəli ilə müqayisədə isə bu göstərici 17,8 mln. manat və ya 5,83% çoxdur. Xarici valyutada qısamüddətli kreditlərdə vaxtı keçmiş kreditlərin payı iyulun 1-nə 12,16% olub. Qeyd edək ki, keçən ay bu göstərici 13,26%, ilin əvvəlində isə 8,6% olub.

Xarici valyutada vaxtı keçmiş uzunmüddətli kreditlərin həcmi iyulun 1-nə 438,2 mln. manat təşkil edib ki, bu da iyunun 1-nə olan göstəricidən 32.9 mln. manat və ya 8,11% çoxdur. İlin əvvəli ilə müqayisədə bu göstərici 74,7 mln. manat və ya 20,55% artım göstərib. Xarici valyutada uzunmüddətli kreditlərdə problemli kreditlərin payı iyulun 1-nə 7,05%, iyunun 1-nə 6,72%, 2016-ci ilin əvvəlində isə 5% olub.

Əkrəm Həsənov: "Bu statistik göstəricilər xeyli azaldılmış rəqəmlərdir”

Bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov Bizimyol.info saytına açıqlamasında bildirib ki, əslində bu tip məlumatlar və statistika Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən açıqlanmalıdır.  

"Burada məni ən çox təəccübləndirən məsələ bu məlumatların Mərkəzi Bank tərəfindən açıqlanmasıdır. Şünki artıq mart ayından etibarən bank nəzarəti bu quruma aid deyil və AMB yalnız pul siyasətini həyata keçirir. Banklara nəzarət funksiyası və problemli kreditlər məsələsi MBNP-yə aiddir. Ancaq hələ də ənənəyə sadiq qalaraq məlumatları AMB açıqlayır”.

Ekspert bildirir ki, problemli kreditlərin artması gözlənilməz deyil və rəqəmlərin artan xətlə davam edəcəyini əvvəlcədən proqnazlaşdırırdılar. "Həmçinin dəfələrlə onu da vurğulamışıq ki, əslində bu statistik göstəricilər xeyli azaldılmış rəqəmlərdir. Beynəlxalq reytinq agentlikləri də öz hesabatlarında göstərirlər ki, əslində, Azərbaycanda problemli kreditlərin həcmi bir neçə dəfə çoxdur. AMB-nin açıqladığı bu rəqəmlər isə bankların rəsmi etiraf etdikləridir. Vəziyyət artıq o həddədir ki, problemli kreditləri gizlədə bilmirlər və bu rəqəmlər aybaay artır”.

Bankların problemli kreditlərin həcmini necə gizlətməsinə gəlincə, Ə.Həsənov deyir ki, ödəniləməyən bir çox kreditlərin müddətini uzatmaq və s. addımlar atırlar. "Kreditin vaxtını artırmaqla deyirlər ki, orada problem yoxdur, ancaq bütün hallarada o, qaytarılmayan kreditdir. Bunu da ona görə edirlər ki, problemli kreditlərlə bağlı ehtiyat saxlamalıdırlar. Ehtiyat da banklar üçün zərərlidir”.

Problemli kreditlər daha çox sahibkarların ödənişindədir

Ekspert bildirir ki, problem daha çox biznes kreditlərində özünü göstərir. "Burada əhaliyə verilən kreditlərin payı nisbətən azdır. Ehtimal edirəm ki, sahibkarlara verilən kreditlərdəki problemlər get-gedə artır. Son vaxtlar ölkədə iqtisadi vəziyyət pisləşdiyi, bizneslər bağlandığı, qiymətlər artdığı üçün sahibkarların ödəmə qabiliyyəti yoxdur. Xüsusilə də, xarici valyutada, dollarla olan kreditlər üzrə vziyyət daha pisdir. Hamıda müəyyən gözləntilər var idi ki, hökumət müəyyən addımlar atacaq, güzəştlər ediləcək, amma indi hamı görür ki, heç bir kömək yoxdur. Əksinə, dolların məzənnəsi get-gedə artır. Belə olan halda, indiyədək kimsə nəsə ödəyirdisə, indi daha çətin vəziyyət yaranacaq. Hətta bir çoxları ümumiyyətlə ödəniş etməkdən imtina edirlər. Ona görə də bu problem artan xətlə davam edəcək. Çünki bankların özü də dollar kreditləri ilə bağlı ciddi, real güzəştə getmirlər”.

Banklarla sahibkarlar arasında danışıqlar nəticə vermir

Hüquqşünas bildirir ki, ona müştərlərinin verdiyi məlumata görə, banklarla sahibkarlar arasında hazırda danışıqlar gedir. "Bu danışıqlar bir neçə aydır davam edir. Banklar sahibkarları məcbur etmək istəyirlər ki, vaxtı uzadaq, amma kreditləri elə dollarla ödəyin. Sahibkarlar isə deyirlər ki, yox, sən krediti ortalama məzənnə ilə milli valyutaya keçir, mən manatla ödəyim. Burada da heç bir razılığa gələ bilmirlər, banklar görürlər ki, heç nəyə nail ola bilmirlər və o kredit aylarla qaytarılmır, işi məhkəməyə verirlər. Bundan sonra öz maliyə hesabatlarında həmin krediti problemli kredit kimi göstərməyə məcbur olurlar. Bu tendensiya getdikcə daha da artacaq”.

Ekspertin sözlərinə görə yaranmış vəziyyətin banklar üçün təhlükəsi ondan ibarətdir ki, problemli kreditlərə görə, bankların vəsaiti azalır. "Bildiyimiz kimi, banklar da krediti öz vəsaiti hesabına deyil, əmanətlər və s. formada başqalarından cəlb etdikləri pullar hesabına verir. Deməli, bank kreditləri yığa bilmirsə, əmanətləri də qaytara bilməyəcək. İl ərzində 10 bank bağlanıb. Bağlanmanın da səbəbi odur ki, problemli kreditlər o həddə çatıb ki, onlar artıq öz borclarını ödəyə bilmirlər. O cümlədən, əmanətləri də qaytara bilmirlər. Digər banklar üçün də bu təhlükə get-gedə artmaqdadır. Yəni eyni səbədən ya bağlanacaqlar, ya da "Bank Standart” və ya Beynəlxalq Bank kimi sağlamlaşdırma üçün onları dövlət öz idarəçiliyinə götürəcək. Bu da böyük banklara aiddir, çünki xırda bankları bağlayırlar. Məsələn, son olaraq 4 bank bağlandı və Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Mərkəzi Bankdan kredit götürməli oldu. Belə bağlanmalar çox olsa ƏSF da əmanətləri qaytara bilməyəcək. Yəni problemli kreditlərin artması bankların çokməsi, bağlanmas, öz müştəriləri qarşısında öhdəliklərini idarə edə bilməməsidir”.

Çıxış yolu nədir?

Ekspert bildirir ki, yeganə çıxış yolu bankların öz gəlirlərindən imtina etməsidir. "Banklar borcalanlara, xüsusən də xarici valyutada kreditlər üzrə ciddi güzəştlərə getməlidirlər ki, o vəsaitlər qismən də olsa qaytarılsın. Bunun üçün isə bank sahibləri banka əlavə vəsaitlər qoymalıdır. Yəni, illərlə qazandıqlarının heç olmasa bir hissəsini banka qaytarsınlar. Bunu isə etmirlər, ona görə də bank sisteminin vəziyyəti günü-gündən pisləşir” - deyə Ə.Həsənov bildirir.

Qeyd edək ki, AMB-nin məlumatında Azərbaycanda ilk dəfə iyun ayında əhalinin bank əmanətlərinin həcminin artığı bildirilir. Belə ki, iyulun 1-nə əmanətlərin məbləği 7 815,6 mln. manat təşkil edib. Bu isə iyunun 1-i ilə müqayisədə 3,3% və yaxud 249,7 mln. manat çoxdur. İlin əvvəlinə nisbətən fiziki şəxslərin müddətli depozitləri 17,5% azalıb, aylıq müqayisədə isə 2,1% artıb. 
Xarici valyutada fiziki şəxslərin əmanətləri son bir ayda 180,1 mln. manat və ya 2,94%, illik müqayisədə isə 824,9 mln. manat və ya 15,07% artaraq iyunun 1-nə 6 298,5 mln. manat təşkil edib.

Rəşad VAQİFOĞLU
Oxşar xəbərlər