Göygöl rayonunda GENERALLARIN “NÜFUZ SAVAŞI” (birinci yazı)
OLİQARXİYANIN ARİF SEYİDOV FİQURU - KATALİZATOR, AVANTÜRİST VƏ İŞĞALÇI MƏMURUN ÇİZİLMİŞ PORTRETİ - (birinci yazı)
Azərbaycan hakimiyyətində hər məmurun öz yeri, öz çəkisi var. Ancaq ifadəm kobud səslənsə də bu hakimiyyəti təmsil edən nisbətən aşağı ranqlı məmurlar bəzən yüksək çinli məmurların rolunu oynamaqdan çəkinmir, mahiyyət etibarilə isə sonda yeni məmur qalmaqallarına yol açırlar. Onsuz da iri klanlar arasındakı mövcud ”nüfuz savaşları"nda birbaşa katalizator rolunu oynayırlar.
Bir çox təfəkkür sahibləri Azərbaycanda Oliqarxların savaşının bitmək üzrə olduğunu düşünsələr də mən bu fikirdən xeyli uzağam. Yəni məncə hansısa fövqəl qüvvənin digəri üzərində qazandığı "zəfərlərə” də daimi qələbə demək ən azı ağılsızlıqdır. Digər tərəfdən, Azərbaycanda kifayət qədər geniş nüfuza və xüsusi cəkiyə malik səxslər var ki, həqiqətdə mövcud hakimiyyəti onlarsız düşünmək mümkün deyil. Bunlardan Prezidentin icra aparatının rəhbəri cənab Ramiz Mehdiyev, Daxili İşlər naziri cənab Ramil Usubov, Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərov, Prezidentin mühafizəkarı cənab Bəylər Eyyubov, Ədliyyə naziri cənab Fikrət Məmmədov, parlamentin spikeri cənab Oqtay Əsədov, Baş prokuror Zakir Qaralov, və bu qəbildən bir çoxları ilk yada düşən simalardır. Adiçəkilənlər arasında da kəskin "qütbləşmə” hələ mərhum Heydər Əliyev hakimiyyətinin ilk illərindən mətbuat vasitəsilə tirajlanırdı. Bu qütbləşmə isə normaldır və normal da qəbul edilir. Əvvəldə də qeyd etdiyimiz kimi, kiçik məmurların harada yer alacaqlarını və bütövlükdə onların fəaliyyət profillərini elə qütbləşmə təyin edir (müəyyən istisnalar olmaqla). Hazırki şəraitdə Oliqarxların ən kəskin mübarizəsi ölkədə bölüşdürdürdükləri əraziyə nəzarət mexanizmlərinin daha da möhkəmləndirilməsi üzərində qurulub. İlk öncə isə onların hər biri birinci şəxsə daha sadiq olduğunu hələ də isbat etməyə çalışmaqdadır.
Oliqarxların mübarizəsi bölgələrdə daha çox hiss olunur
Paytaxt Bakıdan fərqli olaraq ölkənin əksər bölgələrində bu hal xüsusilə sezilməkdədir. Tez-tez oliqarxiya savaşlarının poliqonuna çevrilən Qərb bölgəsi də bir neçə klan arasında bölüşdürülüb desək yəqin ki, doğru olar. Bölgənin Şəmkir, Qazax, Gədəbəy rayonlarına ötən ilədək sabiq Vergilər Naziri Fazil Məmmədov nəzarət edirdisə, Tovuz və Ağstafa rayonu hələ də General Ramiz Zeynalovun nüfuz dairəsindədir. Gəncə şəhəri, Daşkəsən və Göygöl rayonu isə tam əminliklə deyə bilərik ki, Bəylər Eyyubovun şəxsi kurasiyasında, nəzarətində, diqqətindədir. Son 10 ilə nəzər salsaq təkcə Göygöl rayonunda baş verənlərdən anlarıq ki, bölgənin əksər rayonlarında məsələ çox ciddidir.
Göygölün hazırki icra başçısı A.Seyidovun başçi təyınatından az öncə, yəni əvvəlki icra başçısı V.Hacıyevin (hazırki İmişli İcra Hakimiyyətinin başçısı-red) dövründə rayonunun nazir kuratoru Kəmaləddin Heydərov olub. Məhz həmin illərdə K.Heydərov rayonda bir sıra xeyriyyə və quruculuq işlərilə məşğul olub. Rayon məscidinin inşaasında yaxından iştirak edib, bir çox işsiz gəncin işlə təmin olmasına da şərait yaradıb. O, özünün maliyyə imkanlarını rayonun sürətlə abadlaşdırılmasına yönəldib. Fövqəlnazirin həmin illərdə tez-tez rayona gəlişi, gördüyü müsbət işlər yaddaşlarda qalıb. Sakinlər hələ də danışırlar ki, rayona qayğıkeşlik indiyədək K.Heydərovda olsa idi o, bu rayonda daha çox xariqələr yaradardı. Göygöl indiki halından daha gözəl şəkil alardı.
Qeyd etmək yerinə düşər ki, hazırda ölkə futbol komandaları sırasında ilk sıralamada olan "Qəbələ" FK-da nazirin qayğısı ilə Göygöl rayonunda formalaşıb, inkişaf edib, ilk adı da məhz "Göygöl" olub. Lakin sonradan futbolçulara arxa çevirməyən Heydərov komandasını Qəbələyə köçürüb.
"Xanların bağında üzüm var"!
Hələ Sovetlər birliyi dönəmində Göygöl (Xanlar) rayonu üzümçülük və şərabçılıqla məşhur olub. Müstəqillik illərində isə üzümçülük infrastrukturu dağıdılaraq sıradan çıxarılıb. Yalnız 2000-ci ildən sonra rayonun real imkanları nəzərə alınaraq, yeni üzüm bağlarının salınmasına başlanıb. Həmin illərdə isə bu kimi məqsədyönlü layihələrdə Kəmaləddin Heydərovun iştirakı qaçılmaz olub və nazir üzüm bağlarının salınmasına girişib. Həmin illərdə nazir şəxsi nəzarətində olan "AQRO-AZƏRİNVEST” MMC-nin fəaliyyətini də genişləndirərək rayonun Hacıməlik yolu ətrafındakı hektarlarla torpaq sahəsində üzüm bağı saldırılıb. Bağda müxtəlif növ üzüm sortları əkdirib. İndiyədək xeyli sayda işsiz rayon sakinləri həmin bağda işləyib yüksək maaş almaqdadır. Məlumata görə, həmin üzüm bağı fövqəlnazirə bir o qədər də vacib əhəmiyyətə malik deyil. Sadəcə orada çalışan insanların dolanışığı xatirinə nazir müəssisənin fəaliyyətinə illərdir ki, süni nəfəs verir.
Demokratik.Az-ın məlumatına görə, hektarlarla ərazinin adıçəkilən MMC-nin mülkiyyətinə verilməsində rayonun sabiq icra başçısı Vilyam Hacıyevin xüsusi təşəbbüsü olub. Və iki məmur arasındakı "isti münasibətlər" kimlərinsə xoşuna gəlməyib. Beləliklə, fövqəlnazirə qarşı rayonda ”nüfuz savaşı” başlayıb.
Bildiyimiz kimi, Gəncə-Göygöl yolunun kənarı da 80-ci illərədək üzüm bağı olub. Müstəqillik illərində nədənsə oralar da dağıdılaraq məhv olub. Həmin ərazini də diqqətindən qaçırmayan fövqəlnazir həmin geniş torpaq sahəsini də özəlləşdirməyə, üzüm bağı salmağa cəhd göstərib. Lakin alınmayıb. Çünki həmin əraziyə sahiblənən Bəylər Eyyubovla aralarında böyük qalmaqal yaşanıb. Nəticədə Heydərov Eyyubovun rayona nüfuzu qarşısında aciz qalıb. Həmin mübahisəli torpaq sahəsində də sonuncuya məxsus "Göygöl Şərab Zavodu"nun ixtiyarına verilməklə geniş üzüm bağı salınıb. Fövqəlnazirin əli Göygöldən üzüldükdən sonra abadlıq-quruculuq maraqlarını Qəbələdə reallaşdırmağa başlayıb. Hazırda Qəbələ ölkəmizin ən dilbər güşələrindəndir və bura fövqəlnazirin abadlıq-quruculuq zövqünün və biznes imperiyasının forpostu sayılır. Qeyri təsadüfdür ki, Qəbələ rayonunun deputatı da fövqəlnazirin atası cənab Fəttah Heydərovdur.
Xatırladım ki, 2005-ci il deputat seçkilərində Göygöl rayonuna deputat seçilən Rövşən Rzayev olub. Eyyubovun yaxın qohumu olduğu deyilən bu deputat düz üç dəfə bu rayondan mandat əldə edərək milli məclisdə əyləşib. O zamanki icra başçısı Vilyam Hacıyev isə icra başçısı kimi cəmi bir il işləyib və 2006- cı ildən Samux rayonuna dəyişdirilib.
Məlumata görə, V.Hacıyevin rayondan tezliklə çıxarılmasında öz əmisi oğlu, "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyevin də "müstəsna” xidmətləri olub. Görünür ki, Hafiz Hacıyevin fədakarlığında Bəylər Eyyubov klanının tapşırıqları dayanıb. Məqsəd isə yəqin ki, həmin ərəfədə Vilyam Hacıyevin və fövqəlnazirin rayona təsir imkanlarının məhdudlaşdırılması imiş. Bildirək ki, efirdəki sərsəm çıxışları zamanı özünü cəmiyyətə kasıb kimi, yoxsul kimi təqdim edən məşhur siyasətçi həmin illərdə Göygöl-Mollacəlilli yolunun astanasında hektarlarla torpaq sahəsi üzərində "ASR" adlı şirkətinin inkişafı ilə məşğul olub. Prezidentliyə namizəd hazırda həmin şirkətdə maldarlıq təsərrüfatı ilə məşğul olur. H.Hacıyev həftəsonu Göygöldəki evinə gələrək şirkətindəki işlərə şəxsən nəzarət edir.
Deyilənlər "fövqəlnazir zəifdir!” demək deyil
Oliqarxlar arasındakı mübarizə sonucu hansısa birinin son həddə "nüfuz savaşı”ndan uduzaraq çıxması artıq məlumdur. Bunu zaman-zaman nazirlərin timsalında da görürük. Bəlkə bir zamanlar iqtisadiyyatımızı "ağ günə çıxaran” Fərhad Əliyevi, səhiyyəmizin milyarder, "Qərbi azərbaycanlı” klanının başçısı Əli İnsanovu unutmuşuq?. Elə dünən MTN nazirinin minbir fırıldağı ortaya çıxıb və ”ELDARQEYT” qalmaqalı kimi gündəmimizi hələ də zəpt edib. Təbii ki, bütün bunlar uca dövlətimizin onlara verdiyi yetkini, səlahiyyətləri şəxsi maraqları fonunda istifadə etdikləri ucbatından baş verib. Xoşbəxtlikdən bu yazımda adlarını çəkdiyim nüfuzlular dövlətimiz və dövlətçiliyimizin keşiyində ayıq-sayıqlıqları ilə seçilirlər, möhtərəm prezidentimizə sadiqlikləri də danılmazdır. Fövqəlnazir Kəmaləddin Heydərova gəldikdə, hamı artıq bilir ki, bu adın güclülər, inamlı iri məmurlarımızın sırasında özünəməxsus yeri var. Adını çəkərək nə onun şəninə təriflər yağdırmaq, nə də tənqid etməyi düşünmədim. Sadəcə bir neçə vacib məqamlara aydınlıq gətirək.
Mərhum Heydər Əliyevin hələ sağlığında K.Heydərov öz çevik bacarığı ilə seçilirdi. Məsul DGK sədri vəzifəsində çalışarkən məmur əlaqələrini və maliyyə imkanlarını da bacarıqla genişləndirirdi. Özünəməxsus etibarilə seçilən Heydərov vəfalı dostları seçməkdə də yanılmırdı. Gömrük Komitəsində birgə çalışdığı hazırki GK-sədri Aydın Əliyevə həmin postu da məhz o transfer edib. Zamanında yaxın dostlarından hesab olunan Vergilər Naziri Fazil Məmmədovun da karyera yüksəlişini Kəmaləddin Heydərov isminə bağlayanlar az deyil.
Fövqəladə Hallar Nazirliyi sonradan yaranmış olsa da hazırda əsl söz sahibinə çevrilmiş müstəsna səlahiyyətli bir qurumdur. Etiraf olunmalıdır ki, o öz növbəsində bütün işlərinin öhdəsindən lazımınca, layiqincə gəlib. Hazırda ölkənin bir neçə rayonunda iri şirkətlər, gəlirli bir sıra ticari obyektlər, holdinqlər onun ixtiyarındadır. Təbii ki, bəzən digər oliqarxlarla müqayisədə K.Heydərovun hakim siyasi elitada xeyli zəif görünür. Bəlkə onu nüfuzdan salmaq üçün digərləri elə buna çalışır?..Sizcə necə, doğrudanmı K.Heydərov bu qədər zəif görünür???...Bu suallar ətrafında düşünməyə dəyər.
Yuxarıdakı faktlardan da görünür ki, adıçəkilənin çapı da, çevrəsi də olduqca böyükdür. Fövqəlnaziri sevənlər narahat olmaya bilər, çünki o fövqəl gücü ilə elə də zəif deyil...
Bəylər Eyyubov haqqında da ancaq xoş sözlər deməliyik. Ağsaqqal general dövlət və dövlətçiliyimizin nümunəvi keşikçisi, mərhum prezidentimiz Heydər Əliyevin və hazırki prezidentimiz cənab İlham Əliyevin can güvənliyini layiqincə təmin edib. Öz canını tərəddüd etmədən Əliyevlərə fəda etməyə hər zaman hazır olub.
Təbii ki, yuxarıda qeyd etdiklərim hər iki DÖVLƏT ADAMInın biznes maraqlarındakı qalmaqalları ilə əlaqəlidir.
Göygöl rayonuna Arif Seyidovun başçı təyinatı
2006-cı ilin əvvəllərində V.Hacıyevin Göygöldən Samux rayonuna yerdəyişməsi Arif Seyidovun anidən Göygöl rayonuna başçı təyinatı ilə nəticələndi. Sonuncu əvvəllər bu rayonun Vergi İdarəsinin rəisi vəzifəsində çalışıb. Danışılır ki, Seyidovun püxtələşməsində Göygölün sabiq icra başçısı Əli Mustafayevin az rolu olmayıb. Vergi sahəsində çalışarkən hazırda ömürlük həbsdə olan Şəmsi Hacıyevlə dostluq əlaqəsi qurub və araq maqnatının vergi qaranlıqlarını həll edib. Məsul və bacarıqlı vergi işçisi kimi sabiq nazir Fazil Məmmədovla şəxsi tanışlığı və dostluqları da olub. Hazırki vəzifəyə yiyələnməsi üçün onu ölkə başçısına kimin və ya kimlərin təqdim etməsinin elə də önəmi yoxdur. Ancaq danılmaz faktdır ki, general Bəylər Eyyubov əvvəlcədən Göygölə başçı təyinatı üçün A.Seyidova "yaşıl işıq” yandırıb, ona öz xeyir-duasını verib. Məlumat olaraq qeyd edim ki, Eyyubovun Göygöl rayonuna xüsusi marağının səbəbi ailə üzvlərinin və yaxın qohumlarının bu rayonda yaşamaları olub. Təbii ki, ailə bağları və qohumluq əlaqələri bu rayonda baş verən bütün proseslərə qarşı Bəylər Eyyubovun həssas yanaşmasına gətirib çıxarıb. Bu mənada, general kimin bu rayonda başçı işləyəcəyini və necə işləyəcəyini qeyri-rəsmi təyin etməyə daim maraqlı olub. Məhz bu fikir Arif Seyidovun niyə 10 ildir ki, rayon İHB başçısı işləməyə macal tapması sualına da aydınlıq gətirir. Seyidovun əslən Qərbi Azərbaycanın Vedibasar bölgəsindən olması da onun karyera yüksəlişi üçün təsadüfə oxşamır.
A.Seyidov hələ bu kürsüyə təyinat almazdan əvvəl onun namizədliyi barədə müzakirələr aparılıb. Rayonda şaiyyələr dolaşır ki, Seyidovun Göygölə rəhbər təyinatında general Bəylər Eyyubovun qardaşı oğlu,12 saylı Ərazi Vergilər İdarəsinin rəisi Şahin Eyyubovun xahişi də nəzərə alınıb. Arif Seyidovun özünün Vedibasardan olması isə Eyyubov klanının diqqətini çəkən ilkin səbəbdir. Təsadüf ola bilməz ki, bu gün elə Göygöl xanədanının İHB-də özünə gormalaşdırdığı komandasında öz həmyerliləri kifayət qədərdir və əsas söz sahibi də məhz onlardır. Rayonun torpaq paylanışları da elə vəzifə bölgüsü kimi Seyidovçular arasında bölüşdürülərək əməllicə talanıb. 15 ilə yaxındır ki, Seyidovun dirijorluğu ilə bir marionetkaya çevrilmiş və öz müstəqilliyini tam itirmiş şəhər bələdiyyəsinin sədri Mikayıl Hacıyev perspektiv fond torpağını ata-baba mülkü kimi "varlılara ÇOX, kasıblara YOX" prinsipi ilə xırıd edib. Son illərdə torpaqların satışını yavaşladan Arif Seyidovun "yerli torpaq islahatları ədalətli araşdırılsa müsibətlər rəsmən ortaya çıxa bilər. Seyidovun "torpaq baronu" Mikayıl Hacıyev isə üzə çıxacaq ilk günah keçisidir...(yazının ardı növbəti həftə yayımlanacaq)
Osman Nərimanoğlu
Demokratik.Az