Səlim Müslümov Balakəndə ev payladı - FOTOLAR

  • 24 iyun 2016, 15:21
Balakən rayonunda Qarabağ müharibəsi əlillərinə yeni fərdi yaşayış evləri verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı işləri Balakən rayonunda davam etdirilib. 
Nazirliyin sifarişi əsasında rayonda inşa olunan fərdi yaşayış evlərindən tikintisi başa çatmış 2 ev, növbədə olan Qarabağ müharibəsi əlillərinə, Rəhimov Aydəmir Ağabəy oğluna və Layıcov Ceyhun Əsədulla oğluna təqdim olunub. 
Tədbirdə Əmək və Əhalinin Sosial müdafiəsi naziri Səlim Müslümov, Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, əlil ictimai birliklərinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. 


S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərindən bəhs edib, mənzillə təmin edilənlərin sayının ildən-ilə artdığını diqqətə çatdırıb. 
S.Müslümov nazirlik tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə keçən il əvvəlki illə müqayisədə 61,5 faiz çox, yəni 281 mənzil verildiyini qeyd edib: "Cari il ərzində də ötən illə müqayisədə daha çox şəxsin mənzillə təmin edilməsi nəzərdə tutulur. Bu ilin ötən dövründə Beyləqan rayonunda 54 mənzili yaşayış binası, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir edilmiş 53 mənzil, 20-dən artıq rayonda 96 ədəd fərdi yaşayış evi, ümumilikdə 203 ədəd mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub”.

Sonda evlə təmin olunan Qarabağ müharibəsi əlilləri A.Rəhimov və C.Layıcov onların rifah halının yaxşılaşdırılması yönündə aparılan mühüm işlərə, hazırda isə yeni mənzillərlə təmin olunduqlarına görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
 
Demokratik.Az
Oxşar xəbərlər