Demokratik TV
«Azərsu»da maaşlar ik aydır verilmir
Eyyub Hüseynov: «"Bütün hallarda bu qərar istehlakçıların həyatına mənfi təsir göstərəcək»
2016-cı il mayın 13-də Tarif (Qiymət) Şurasının qərarı ilə suyun qiyməti qaldırılıb. Bakı, Sumqayıt, Xırdalan və Abşeronda hər kubmetrə görə qiymət 30 qəpikdən 35 qəpiyə, qalan inzibati ərazilərdə 25 qəpikdən 30 qəpiyə qaldırılıb.
Tarif Şurasının məlum qərarı ilə sudan xammal kimi istifadə edən istehlakçı qrupu üzrə suyun istifadə təyinatından asılı olmayaraq 1 kub metr su üçün (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə 8 manat təsdiq edilib. Bu qəraradək xammal 1 kub metr xammal su üçün 12 manat ödənilirdi. İlk baxışdan tarif aşağı salınmış kimi görünür. Amma əslində elə deyil. Belə ki, əvvəlki qərarda, "suyun istifadə təyinatından asılı olmayaraq" ifadəsi yox idi.
Azərbaycanda sudan istifadə tariflərinin artırılması sudan xammal kimi istifadə edən istehsalçıların məhsulların son satış qiymətinə təsir edəcəyi gözlənilir.
Azərbaycanın ən böyük pivə istehsalçısı-"Baltika-Bakı" şirkəti "Azərsu" ASC-yə və İqtisadiyyat Nazirliyinə müraciət edərək suyun qiyməti ilə bağlı Tarif Şurasının qərarına yenidən baxmağa çağırıb. Şirkətin dövlət qurumlarına üvnanladığı məktubda bildirilir ki, əks halda şirkətin məhsullarının qiyməti arta, işçilərinin bir hissəsi ixtisar edilə bilər.
Əməkdaşımız marketlərdə və restoranlarda pivənin qiymətində cüzi də olsa bahalaşmanın şahidi olub. Qiymət artımının digər sahələri də əhatə edəcəyi gözlənilir.
Məsələ ilə bağlı Tarif Şurasından bildirilib ki, Azərbaycanda sudan istifadə tariflərinin artırılması ondan xammal kimi istifadə edən istehsalçıların məhsullarının son satış qiymətinə ciddi təsir etməyəcək: "Emal edilən sudan xammal kimi istifadə etməklə 1 litr içkinin sənaye üsulu ilə istehsalının maya dəyərində suyun xüsusi çəkisi minimal səviyyədə olduğundan tarif dəyişikliyinin qiymətlərə təsiri hiss olunmayacaq dərəcədə aşağıdır".
"Bəzi KİV-də 1 litr pivə istehsalı üçün 5 litr sudan istifadə olunduğu, nəticədə son tarif dəyişikliyindən sonra pivənin qiymətinin ciddi şəkildə artırılması zərurətinin yarandığına dair yer alan məlumatlarla bağlı bildiririk ki, tarif dəyişikliyi bu halda yarım litrlik pivənin qiymətinə təqribən 1 qəpik təsir edir. Kolalı içkilərdə isə bu göstərici orta hesabla 0,08 qəpik təşkil edir", - deyə məlumatda qeyd edilib.
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Bizim Yol"a bildirib ki, sudan xammal kimi istifadə edən istehsalçıların məhsullarının son satış qiymətində bahalaşma qaçılmazdı: "Bütün hallarda bu istehlakçıların həyatına mənfi təsir göstərəcək. Mən tərəfdarıyam ki, istehsalçı məhsulu istədiyi qiymətə satsın. Hökumət də azad və rəqabətli bazar şəraiti yaratmalıdır. Monopoliya aradan götürülməli, kartel sövdələşmələrinə son qoyulmalıdır.
Belə olmadığı halda suyun qiymətinin artması nəticəsində ərzaq məhsullarının 70 faizində qiymət artımı olacaq. Məsələn, sərinləşdirici içkilərin, pivənin, süd məhsullarının, dondurmaların, broyler məhsullarının və çörəyin qiymətinə təsir göstərəcək. Bu məqamda çox istərdim ki, avtomobilyuma məntəqələrində suyun qiyməti daha da artırılsın. Çünki bu biznes sahəsində suyun istifadəsində israfçılığa yol verilir".
Sosioloq Əhməd Qəşəmoğlu "Bizim Yol"a bildirdi ki, o Tarif Şurasının qərarına etiraz edir: "Bunu hansı əsasla ediblər? "Azərsu" ASC-nin bu suala cavabı sadəcə müxtəlif bahanələri səsləndirməkdən ibarət olub. Deyirlər ki, Azərbaycanda su başqa ölkələrdəki qiymətlərdən ucuzdur. Guya suyun qiymətinin artması "Azərsu"da işləyənlərn maaşına təsir göstərəcək, onların əmək haqqı artacaq. Bunlar sadəcə sözlərdir.
Tarif Şurası ağlına nə gəlirsə, araşdırma aparmadan, əsaslandırmadan qiyməti artırırsa, deməli bu təşkilatın fəaliyyətində nöqsanlar var. Bu qurum ciddi elmi əsaslarla işləmir. Tarif Şurası qiyməti artırmazdan öncə kompleks təhlil aparmalı idi. Camaatın əmək haqqı artmayıb, maddi vəziyyəti yaxşı deyil. Su gündə işlənir və qiymət artımı ailə büdcəsinə mənfi təsir göstərir. Onsuz da son aylarda ərzaq məhsulların qiyməti durmadan artırdı".
Qeyd edək ki, "Azərsu" ASC-nin nəzarətçilərindən biri bizimyol.info-ya bildirib ki, iki aydır maaşlarını ala bilmirlər: "Qiymət artımından sonra vəd olunub ki, maaşlar veriləcək. Amma əvvəlcə 30 faizinin ödənilməsi nəzərdə tutulur"-deyə adının yazılmasını istəməyən şəxs bildirdi.
Ramid İBRAHİMOV