Milli Məclisdə Rusiyaya etirazlar

  • 16 apr 2016, 08:38
Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. Gündəliyin müzakirəsindən öncə deputatlar ayın əvvəlində Dağlıq Qarabağda, qoşunların təmas xəttində baş verən hadisələrə, həmçinin gündəmdə olan digər məsələlərə münasibət bildiriblər. 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bir sıra mətbuat orqanları və xəbər saytları dövlətin apardığı siyasət, deputatlar, Milli Məclis barədə həqiqətə uyğun olmayan məlumatlar yayır. Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı yaxşı fikirlər səsləndirsə də, müəyyən tənqidi fikirlər də yer alır. Bəzi mətbuat orqanları isə yaxşı fikirləri yazmır, qərəzli fikirləri başlığa çıxarırlar. "Xaricdə olan ayrı-ayrı QHT-lərin fikirləri dövlətin fikri kimi təqdim edilir. Bunlar hamısı qərəzlidir və ermənilərə xidmət edən insanların əməlləridir. Azərbaycan xalqı aprel hadisələrində göstərdi ki, həmrəydi, ölkənin Ali Baş Komandanı ordusu ilə birlikdədir. Milli Məclisin deputatları aktiv şəkildə bu məsələ haqqında danışdılar. Deputatlarımız şəhidlərimizin dəfnində iştirak etdilər. Bu məsələlərə kölgə salmaq istəyənlər isə həqiqətə uyğun olmayan fikirlər səsləndirirlər. Müvafiq qurumlar bu mətbuat orqanları ilə əlaqədar tədbir görməlidir ki, şər-böhtanla məşğul olmasınlar".

Spiker Oqtay Əsədov isə bildirib ki, ABŞ-ın bir neçə qəzetində Azərbaycanın ərazi bütövlüyü, Ermənistanın işğalçı siyasəti ilə bağlı yazılar dərc olunub: "Bu barədə saytlarda yazı görmədim, amma onlar Qarabağ haqqında Ermənistanın yazdığı məlumatları başlığa çıxarırlar".

Zahid Oruc ermənilərə çağırış etdi

Deputat Zahid Oruc bildirib ki, birinci Qarabağ savaşından fərqli olaraq, Rusiya aprel qarşıdurması zamanı balanslı mövqe ortaya qoyub. O, Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntun da ədalətli mövqeyini xüsusi vurğulayıb. Deputat deyib ki, bu gün ermənilər Rusiyanın son hadisələrdə balanslı və bitərəf mövqe tutumasından qəzəblənib və bu mövqeyə hiddətləniblər. "O zaman soruşuram ki, görəsən bu gün ruslar Dağlıq Qarabağı azad etməyə yardım edib, yoxsa Ermənsitan ərazisini işğal etməyə kömək edib. Bu gün təkcə Rusiya bitərəf olsun və müdaxilə etməsin, bu bizə yetərlidir. Biz öz problemimizi həll edək".

Z.Oruc ermənilərə çağırış edib edərək bildirib ki, onların təhlükəsizliyinin  təminatçısı yalnız Azərbaycan dövləti ola bilər:  "Siz yetər ki, Azərbaycan Konstitusiyasına riayət edib burada yaşamanı qəbul edin,  əlinizdəki silahı Serj Sarkisyana çevirin".

Oqtay Əsədov: Müharibə olsaydı Azərbaycan hara gedib çıxardı, yaxşı bilirsiniz
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da deputatların şəhidlərin dəfnində iştirak etməməsi ilə bağlı bəzi media orqanlarında yanlış məlumatlar yayıldığını söyləyib. "Deyirlər ki, şəhidlərin dəfnində hər kəs iştirak etdi, deputatlar yox. Bu biabırçılıqdır. Deputat həmkarlarım və mən də şəhidlərin dəfn mərasimlərində iştirak etdik. Milli Məclisin üzvləri xalqla birlikdə oldu. Bunu xüsusi kateqoriya kimi ayırmaq düzgün deyil. Bunu yazan saytlara, jurnalistlərə də tənqidi yanaşılmalıdır. Deputat şəhidin qəbri üstündə şəkil çəkib yaymalıdır? Bu cəmiyyəti bölgülərə, təbəqələrə ayırmaqdır. Hansı təbəqədən asılı olmayaraq vətən məsələsinə münasibət Azərbaycan cəmiyyətində dəyişməlidir. Hamı etiraf etdi ki, problem diplomatik və ya hərbi yolla həll olunmalıdır. Amma gündəmə bir məsələ gəldi ki, niyə kasıb uşaqları müharibəyə gedir, varlılarınkı yox. Bu çox təhlükəli tendensiyadır, ziyalılar bunu durdurmaq üçün müəyyən işlər görməlidir". 

Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, deputatlar çıxışlarında son hadisələri müharibə adlandırırlar, amma biz Ermənistanla müharibə aparmamışıq. "3 gün Ermənistan tərəfindən törədilən təxribatlara cavab verilib. Müharibə olsaydı Azərbaycan hara gedib çıxardı, yaxşı bilirsiniz. Azərbaycan əsgərləri və ordusu göstərdi ki, bu məsələni həll etmək iqtidarındayıq. Bu, Ermənistanı sülhə məcbur etmək üçün vacib məqamdır"

Elmira Axundova Rusiya telekanallarına etiraz etdi

Deputat Elmira Axundova son 10 gün ərzində Rusiya informasiya məkanında Azərbaycan əleyhinə aparılan kampaniyaya, xüsusilə də 1-ci və RTR kanallarında gedən məlumatlara öz etirazını bildirib.
"Fikir versəniz, hətta gözlədiyimizdən də artıq dərəcədə Qərb, Şərq ölkələri, hətta İsrail kimi uzaq ölkələr bizi və ərazi bütövlüyümüzü dəstəklədilər, bir sıra vacib bəyanatlar verdilər, sağ olsunlar. Lakin Rusiyanın xüsusilə televiziya və radio məkanı yenə də köhnə avazla oxuyur. Yəni bir dəfə də olsun "separatçı rejim", "işğal olunmuş ərazilər", "Azərbaycanın ərazi bütövlüyü" kimi ədalətli ifadələri işlətmədilər. Əksinə, bizi və nədənsə qardaş Türkiyənin bizə olan haqlı dəstəyini tənqid atəşinə tutdular. Uzun illər Rusiya mətbuatında işləyən bir insan kimi tam məsuliyyətlə deyirəm: bizə qarşı belə ədalətsiz münasibət hətta 90-cı illərin ağır günlərində olmayıb. Hal-hazırda Rusiyanın teleməkanını erməni prodüserləri, jurnalistləri, politoloqları, tarixçiləri, aparıcıları zəbt ediblər. Və əlbəttə ki, hər vəchlə bu silahlı münaqişə barədə haqlı mövqeyimizi Rusiya ictimaiyyətinə çatdırmağa maneçilik törədirlər. Mən heç nəyə təəccüblənmirəm, madam ki, Rusiyanın baş naziri "Vesti-nedeli" verilişində açıq-aşkar deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsi və dondurulması arasında onun seçimi olsaydı, o, dondurulmasına üstünlük verərdi". 

Elmira Axundova Rusiya saytlarında müəyyən qədər fərqli durum müşahidə olunduğunu qeyd edib: "Mən Azərbaycan diasporuna, azərbaycanlı biznes nümayəndələrinə müraciət edirəm. Onları biznes maraqlarını kənara qoyub, vətənpərvər mövqe ortaya qoymağa çağırıram".

O.Əsədovun fikrincə, diaspordan əvvəl Rusiya telekanallarında, mediasında çalışan azərbaycanlı jurnalistlərə müraciət etmək lazımdır: "Məlumdur ki, Rusiya mediasının 30%-i ermənilərin əllərindədir. Onlar da öz işlərini görürlər. Rusiya mediasında azərbaycanlılar azdır? Kökü azərbaycanlı olanlara müraciət edilməlidir ki, ürəklərində Azərbaycanla olsunlar. Təəssüf ki, azərbaycanlı jurnalistlər azərbaycanlı olduqlarını göstərməkdən qorxurlar. Bizim azərbaycanlı jurnalistlər də məqamı gələndə azərbaycanlı kimi sözlərini deməlidirlər". 

 "Vasif Talıbov anası vəfat edən gün ilk olaraq şəhidin dəfninə gedib"

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev bəzi şəhidlərin gizli dəfn olunması, həmin mərasimlərdə millət vəkilləri və dövlət xadimlərinin iştirak etməməsi barədə iddiaların tamamilə əsassız olduğunu deyib: "Bəzi saytlarda oxuyuram ki, hansısa şəhidlər gizlədilir, gizli dəfn olunur və ya deputatlar iştirak etmir. Bu rəzalətdir, bundan böyük alçaqlıq olmaz. Ən azı o dəfndə kimin iştirak etdiyini şəhidin ailəsi, ora qatılan on minlərlə insan görür. Naxçıvanda şəhid leytenant Qalib Orucəliyevin dəfnində iştirak edən zamanı məlum olud ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun anası həmin gün vəfat edib. Amma o şəhidin dəfnində iştirak edir. İnsanlar belə yanlış informasiyalar verməklə heç hara gedə bilməyəcəklər. Müxalifətçilik və düşmənçilik etmək istəyirsənsə başqa məsələ ətrafında et. Bunu şəhidin dəfni üzərində etmə. Cəmiyyət buna münasibətini bildirməlidir".

Deputat bildirib ki, Naxçıvandan seçilən deputatlar şəhid leytenant Qabil Orucəliyevin dəfn mərasimində iştirak ediblər. Şəhidin əmisi bizə dedi ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun anası vəfat edib, ancaq o, ilk olaraq şəhidin dəfninə gəlib. Əli Kərimov kimilərin iddiaları əsassızdır. Bir zaman Avropa Komissiyasının iclasında müharibə əleyhdarı kimi çıxış edən Əli Kərimovun indi müharibə tərəfdarı kimi çıxış etməsi riyakarlıqdır". 

Mətbuat Şurasının səfir mediaya tənqidlərə reaksiya verdi

Ana Vətən Partiyasının sədri Fazil Ağamalı Ali Baş Komandan İlham Əliyevlə birgə olduğunu vurğulayıb və bəzi media orqanlarının fəaliyyətindən narazılığını bildirib: "Mən Mətbuat Şurasının sədrinə müraciət edirəm. Sosial şəbəkələrdə milli maraqlara zidd müzakirələrə son qoyulmalıdır".  
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə bildirib ki, Dağlıq Qarabağda 4 günlük hərbi əməliyyatlar dövründə Azərbaycan mətbuatı bütövlükdə normal fəaliyyət göstərib: "Lakin təəssüf ki, bəzi hallarda bəzi mətbuat orqanları baş verən olaylara kiçik prizmadan yanaşdı". Ə. Amaşov mətbuatda Milli Məclis üzvlərinin fəaliyyəti ilə bağlı yazılara da münasibət bildirib: "Milli Məclislə bağlı yazılar kifayət qədər qərəzli və qeyri-obyektivdir. Mən Mətbuat Şurasının sədri kimi bu məsələni qınayıram. Çalışmalıyıq ki, nəinki Milli Məclis, heç bir qurum barədə neqativ, qərəzli məlumat getməsin".

Əli Məsimli "sosial evlər" üçün aşağı qiymət təklif edir

Deputat Əli Məsimli bildirib ki, son 10 ildə Azərbaycanda sosial ipoteka ilə ev alanların sayı 4 min nəfərdən artıqdır. "Hesab edirəm ki, sosial evlər layihəsi ilə ev alanların sayı sürətlə artacaq. Bunun üçün "ASAN xidmət" kimi, sosial evlər layihəsinin də Azərbaycan modeli yaradılmalıdır. Bunun üçün məqsədli planın hazırlanması, atılacaq addımların müəyyənləşdirilməsi və maliyyələşmə imkanlarının yaradılmasına xüsusi diqqət yetirilməlidir. Sosial evlər layihəsində xarici maliyyə mənbələrindən də istifadə etmək olar".

Ə.Məsimli qeyd edib ki, sosial evlər layihəsinin icrasına başlanan zaman ölkədə ali təhsil müəssisələrinin, sənaye obyektlərinin Bakı şəhərinin kənarına köçürülməsi məsələsi nəzərə alınmalıdır: "Azərbaycanda orta aylıq əmək haqqı 500 manatdan azdır. Büdcə təşkilatlarında çalışanlar 200-300 manat əmək haqqı alır. Regionlarda əhalinin gəliri isə ölkədəki orta aylıq əmək haqqından 1,5-2 dəfə aşağıdır. Bunu nəzərə alaraq sosial evlər layihəsinin icrasına başlanan zaman kirayə haqlarının 100 manat və ya bundan aşağı məbləğdə müəyyən edilməsini təklif edirəm".

Vahid Əhmədov bankirləri parlamentə dəvət edir
Deputat Vahid Əhmədov bildirib ki, Azərbaycanın bank sektorunda çox ciddi problem yaranıb və bu problemlərin həll edilməsi üçün ölkədəki bank rəhbərləri Milli Məclisə çağırılmalıdır. "Banklarda likvidlik problemi var. Kredit portfelində göstəricilər qənaətbəxş deyil. Azərbaycanda əmanətlərin 83%-i dollarda saxlanılır. Əmanətlərin sığortalanması haqqında qanun qəbul etsək də, manatda olan əmanətlərin həcminin artmasını müşahidə etmədik. Əhali banklarda olan 5-10 min manat əmanətini belə geri götürə bilmir. Mən əvvəllər də təklif etmişdim. İndi də təklif edirəm ki, bu məsələ ilə əlaqədar gəlin bankların rəhbərlərini Milli Məclisə dəvət edək. Problemləri müzakirə edək. Bu vəziyyəti aradan qaldırmaq üçün çox ciddi addımlara ehtiyac var. Qısa müddətdə bu istiqamətdə addımlar atılmasa, Azərbaycan iqtisadiyyatında çox ciddi problemlər yaranacaq. Azərbaycan prezidenti tütünçülük, pambıqçılıq və sair sahələrin inkişafı ilə bağlı göstərişlər verib. Bu göstərişlərin yerinə yetirilməsi üçün bank sistemi çevik işləməlidir. Bir daha müraciət edirəm ki, bank rəhbərləri Milli Məclisə dəvət olunsun və problemlər birgə müzakirə olunsun".
Cari məsələlərlə bağlı çıxışlardan sonra gündəlikdəki məsələlər müzakirəyə çıxarılıb. 

Rəşad VAQİFOĞLU
Oxşar xəbərlər