Xəzər dənizi mühasirəyə alınıb?

  • 13 apr 2016, 08:25

Xəzər sahilinə elə sədd çəkiblər ki, sanki düşməndən qorunmaq üçün istehkam qurublar. Hər hasarın o tayında da alınmaz qala. Dənizi öz mal mülkü kimi özəlləşdirənlər onun xalqa məxsusluğunu unudublar.

Xəzərdən gələn neft sərvəti bitdi, bu sahəni qeyri-neft sektoruna çevirmək üçün turizmi inkişaf etdirməliyik. Bu barədə çox danışılır, daha çox turist cəlb edək və sair. Gəlin özümüzü bir anlıq qoyaq o turistin yerinə. Bakını dənizə görə tanıyırlar, amma real tanışlıq imkanları varmı?

Bəzi özünü xan hesab edən kəslər saraylarını dənizin içində tikiblər, amma nə özləri geri çəkilir, nə hasarlarını geri çəkirlər. Görəsən dənizinmi geri çəkilməsini gözləyirlər...

Əcnəbi sahilə yaxınlaşsa,kilometrlərlə uzanan hündür hasarların o tayında gizlədilmiş dənizi görə biləcəkmi? Çətin. Bakının, Abşeronun sahillərində keçilməz səddlər yaradılıb. Nəinki əcnəbi yerli camaat da Xəzər hövzəsindən istirahət üçün yararlana bilmir.

Mərkəzə ən yaxın çimərlik Şıx çimərliyidir. Deməli insanların daha çox üz tuta bilcəyi yer bu istirahət yeridir, lakin bura üz tutanlar dənizə dəmir barmaqlıqlardan baxmağa məcburdurlar.

Xəzərin hasarlaması prosesi davam edir. Kimlərsə, texnikanı işə salıb, özünə şərait yaradır. Peşimansan yaxınlaşmağa, nəzarətçilər qırğı kimi başının üstünü alır. Kənar yerlər isə obyekt kimi fəaliyyət göstərir. Hərə bir şlaqbaum qoyub, giriş pulludur. Fərqi yoxdur, sən içəridə o xidmətlərdən yararlanacaqsan, ya yox!

Pulsuz çimərlik yox səviyyəsndə, infrastruktur sıfır. Dincəlmək istəsəniz, sizə yaxınlaşıb deyəcəklər ki, buranın sahibi var. Gəlin, problemə digər bir mənzərədən nəzər salaq, vəziyyəti dənizdən müşahidə etmək imkanı əldə etdik. Budur Bakının sahil mənzərəsi.

100 metrlərlə hündürlüyü olan hasarlar, villalar, saraylar, necə ki qurudan dəniz görünmürdü, dənizdən Bakımız görünmür. Dəbdəbəli villaları görəndə ağız açıq qalır. Di gəl ki, bir açıq keçid qoyublar ki, insanlar sahilə yaxınlaşa bilsin, yox təbii ki. 

Hələ mərhum prezident Heydər Əliyev 20 il əvvəl Xəzərin hasarlanmasının, zəbt olunmasının qarşısını almaq üçün sərəncam imzalamışdı, 150-200 metrlik zolaq müəyyənləşmişdi. Təəssüf ki, torpaqlar qanunsuz zəbt olundu və ya yerli icra hakmiyyətləri, bələdiyyələr torpaqları sataraq, bugünkü şəraiti yaratdılar.

Milli Məclisdə Xəzərin mühafiə zolağı müəyyən edilməsinə bir qədər də dırnaqraarsı humanist yanaşdılar. Mühafizə zolağı 20-50 metrədək azaldıldı. Bu məsələ bəzi deputatların ciddi narazılığa səbəb olmuşdu. Lakin qanun keçdi.

Sahili çəpərləyənlərə qarşı böyük məbləğdə cərimələr müəyyən edildi. Lakin qanunun geriyə qüvvəsi yoxdu. Yəni tutulan , hasarlanan ərazilər sökülməyəcək, cərimə bundan sonra qanunu pozanlara şamil edilir. 

Rəvayətə görə 12-ci əsrdə hökmdar qız qalasını dənizin içində tikmişdi. Vaxt keçdi, dəniz geri çəkildi, qala yerini tutdu. İndi bəzi özünü xan hesab edən kəslər saraylarını dənizin içində tikiblər, amma nə özləri geri çəkilir, nə hasarlarını geri çəkirlər. Görəsən dənizinmi geri çəkilməsini gözləyirlər...

 Demokratik.Az

Oxşar xəbərlər