Yay-qış vaxtına keçid ləğv oluna bilər

  • 11 mart 2016, 20:48
AMEA Rəyasət Heyətində Azərbaycan ərazisində yay-qış vaxtına keçid məsələsinin müzakirəsinə həsr olunmuş  iclas keçirilib.

AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edərək bir neçə il öncə respublikada yay-qış vaxtına keçirilməsinə son qoyulması ilə bağlı qərar qəbul olunduğunu xatırladaraq 78 ölkədə vaxt keçidinin baş verdiyini, 161 ölkədə isə heç bir dəyişikliyin olmadığını diqqətə çatdırıb. O, Azərbaycan ərazisinin ölçü vahidinin "km”lə olmasının da bu məsələyə təsir etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Elçin Babayev 2010-cu ildə Azərbaycan ərazisində yay-qış vaxtına keçidin iqtisadi, sosial-psixoloji və siyasi faktorlarından danışıb. Vaxt dəyişikliyi zamanı qonşu ölkələr arasında problemlərin yarandığını, yol qəzalarının artdığını, təyyarələrdə gecikmələrin müşahidə olunduğunu diqqətə çatdıran E.Babayev deyib ki, Avropanın əksər ölkələrində, o cümlədən Afrika, Cənub-Şərqi Asiya ölkələrində bu kimi keçidlər həyata keçirilmir.

Vaxt dəyişikliyi zamanı İKT sahəsində də müəyyən uyğunsuzluqların yarandığını bildirən alim Azərbaycan kimi kiçik ərazisi olan bir dövlətdə cari vaxtın saxlanılmasının məqsədəuyğun olduğunu qeyd edib.

Həmçinin, Zoologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərov da çıxış edərək yay-qış vaxtlarına keçidin bioloji baxımdan o qədər də əhəmiyyət daşımadığını deyib və bu məsələ ilə əlaqədar astronomik vaxt faktorunun əsas götürüldüyünü vurğulayıb.

Bundan başqa, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Azərbaycan ərazisində yay-qış vaxtlarına keçid məsələsi ilə bağlı bir neçə dəfə müzakirələrin aparıldığını, lakin konkret nəticəyə gəlinmədiyini bildirib. Azərbaycanın şimaldan-cənuba cəmi 4 dərəcə, qərbdən də şərqə 5 dərəcə dəyişdiyini qeyd edərək, bu faktın nəzərə alınmasının vacibliyini önə çəkib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə hazırki vaxtın saxlanılmasının məqsədəuyğun olduğunu, bunun iqtisadi, o cümlədən mənəvi-psixoloji baxımdan böyük əhəmiyyət daşıdığını söyləyib.

Tədbirdə çıxış edən Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək bildirib ki, Azərbaycanda çox sayda monitorinq sistemləri var ki, bu sistemlər qrenviç vaxtı ilə işləyir. Onun sözlərinə görə, monitorinq sistemlərinin işində problemlərin yaranmaması üçün  cari vaxtı saxlamaq lazımdır.

Sonda AMEA prezidenti A.Əlizadə də cari vaxt hesabını saxlamağın məqsəduyğun olduğunu vurğulayaraq, qəbul edilən qərarların elmi cəhətdən əsaslandırılması və bu barədə məlumatın AR Prezidentinin Adminstrasiyasına göndərilməsi barədə tapşırıq verib. 

lent.az
Oxşar xəbərlər