Dörd ailə «Azəravtoyol»dan şikayətlənir

  • 11 mart 2016, 09:09
Nərimanov rayonu Xəlil Rza Ulutürk küçəsi ev 32-də yaşayan Əliyev İlqar Kərim oğlu üzləşdiyi problemlə bağlı "Bizim Yol”a müraciət edib. Müraciətdə bildirilir ki, ailəsi "Azəravtoyol»” ASC-nin təzyiqləri, məhrumiyyətləri altında yaşamağa məcbur qalıb: "Ziya Bünyadov prospektinə paralel yolun çəkilməsi ilə əlaqədar bizim yaşadığımız küçədəki bütün evlər plana düşüb. Təzminatın məbləği ümumilikdə 17 min 540 manat müəyyən edildi. Lakin, hazırda həmin qiymətə yaşadığım ərazidə və onun ətraf ərazilərində mənzil almaq mümkün deyil». 

 

İ.Əliyev bildirib ki, bir neçə aydır onlara verilən qaz, elektrik enerjisi, su xətləri kəsilib, sakinlər bütün zəruri ehtiyaclardan məhrum edilib: "Bütün bunlar nəzərə alınmadan üstəlik qurum bizi məhkəməyə verməklə evimizdən çıxarılmağımıza qərar verib.  Bu problemlə ümumilikdə 6 ailə qarşılaşıb”.

İ.Əliyevin tələbi odur ki, evlərinin müqabilində evlərinin yerləşdiyi ərazinin yaxınlığında  eyni şəraitli, eyni ölçülü mənzillə təmin edilsin.

"Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirir ki, təzminatın miqdarı ilə razılaşmayan ailələrin sayı 6 deyil, 4-dür: « Gənclik meydanından Koroğlu metrosunadək Ziya Bünyadov prospektinə paralel 7 km uzunluğunda 6 zolağlı yeni avtomobil yolunun tikintisi nəzərdə tutulub. Həmin layihənin icrası "Azəravtoyol” ASC-yə həvalə edilib. Həmin evlər qiymətləndirilib, alqı-satqı razılaşdırılıb və Maliyyə Nazirliyi tərəfindən onlara təzminat ödənilib. Təzminat 2015-ci ilin noyabr ayında həmin şəxslərin şəxsi bank hesabına köçürülüb. Onlar təzminatın məbləğinin az olmasında narazı olaraq bankdan təzminatı hələ ki götürməyiblər. Və evdən çıxmırlar. Evlərini tərk etməyən şəxslərlə bağlı isə məhkəməyə müraciət edilib”. 

A.Nəcəfli bildirdi ki, həmin ərazidə yol tikintisi işləri aparıldığı üçün kommunikasiya xəttləri yenilənir və bu səbəbdən ərazidə qazın, işığın və suyun verilməsi dayandırılıb. 

Oxşar xəbərlər