Demokratik TV
«Oğlumu aldadaraq hiylə ilə evdən çıxarıblar»
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə zərərçəkən şəxsin hüquqi varisi qismində Rasim Əliyevin anası Teyfurə Əliyeva çıxış edib.

Mərhumun anasının sözlərinə görə, videogörüntülərdə də Rasimin necə döyüldüyü açıq-aşkar təsvir olunur: "Bu görüntülərə baxmaq üçün nə hüquqşünas olmaq lazımdır, nə də psixoloq. Təqsirləndirilənlərin vəkilləri ancaq günahı həkimlərin üstünə, ya da başqa yerə çəkirlər. Səbəb nədir? Onlar Rasimi döyməsəydilər, oğlum xəstəxanaya düşməyəcəkdi axı. Ancaq demirəm ki, həkimlər də günahsızdır, yox. Burada həm həkimlər həm də təqsirləndirilənlər günahkardır və buna görə də hamı öz cəzasını almalıdır".
Zərərçəkən şəxsin hüquqi varisi sonda bir daha bu işin planlı şəkildə Cavid Hüseynovun və Elşən İsmayılovun törətdiklərini vurğulayıb: "Bu Cavidin və Elşənin planlaşdırdığı bir iş idi. Ancaq buna görə nə özləri, nə də valideynləri günah hissi daşımaq istəmirlər. Düşünmürlər ki, bir insanın həyatına son qoyulub. Peşmançılıq hissi belə keçirmirlər. Buna misal kimi keçən dəfə Elşənin "Yaxşı etmişəm öldürmüşəm" deməsi bir daha sübut edir ki, bu iş planlaşdırılmış şəkildə həyata keçirilib".
Daha sonra replika hüququndan istifadə edən vəkillər Rasim Əliyevin ölümünün birbaşa həkim səhlənkarlığı olduğunu deyiblər. Onlar hakimdən hökm çıxarılarkən yüngülləşdirici halların nəzərə alınmasını xahiş ediblər. Həmçinin qeyd ediblər ki, proses zamanı müdafiə tərəfin qaldırdığı vəsatətlər qəbul edilməyib. Sonda ittiham olunan şəxslərə son söz üçün vaxt verilib, onlar isə hazır olmadıqlarını bildiriblər. Proses martın 17-də davam etdiriləcək.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Elşən İsmayılovun 14 il, Arif Əliyevin 14 il, Camal Məmmədovun 12 il, Kənan Mədətov və Samir Mustafayevin isə 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Jurnalist Rasim Əliyev avqustun 8-də Bayıl qəsəbəsində bir qrup şəxs tərəfindən döyüldükdən sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avqustun 9-da gecə xəstəxanada vəfat edib. Bu cinayət işilə əlaqədar altı nəfər həbs olunub. Təqsirləndirilən şəxslər Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunurlar. Digər təqsirləndirilənlər Elşən İsmayılov və Arif Əliyev isə hadisə yerindən mərhum jurnalistin telefonu və pul kisəsinin götürülmələri ilə əlaqədar həm də CM-nin 177-ci (oğurluq) maddəsilə ittiham olunurlar.
Cavid Hüseynova Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İstintaqın sonunda isə Cavid Hüseynovun işi ayrılaraq ayrıca icraata verilib və hazırda Səbail rayon məhkəməsində baxılır.
Zərərçəkmiş tərəf və təqsirləndirilənlər cinayət işinə Rasimi müayinə edilən həkimlərin də cəlb olunmasını tələb etsələr də, bu barədə olan vəsatətlər təmin edilməyib.
Rəşad VAQİFOĞLU
