Kəmaləddin Heydərov tikinti bumunun başlanacağının anonsunu verdi

  • 17 fev 2016, 09:03

Nazirin tikinti sektorunda fəaliyyət göstərən sahibkarlarla görüşündə verdiyi açıqlamalar yeni mərhələnin startı hesab edilir 

 

Fevralın 16-da fövqəladə hallar naziri Kəmaləddin Heydərov tikinti sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüb. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 26-da keçirdiyi iclasda verilən tapşırıqların icra ediləcəyini bildirən K.Heydərov qeyd edib ki, görüşdə məqsəd respublikada tikinti işlərinin sürətləndirilməsi və mövcud problemlərin aradan qaldırılmasıdır. 

Azərbaycanda son illər aparılan tikinti-quruculuq işlərindən söz açan nazir tikinti işləri ilə bağlı layihə-sənədləşmə işlərinin sürətləndirilməsi üçün yaxın vaxtlarda Fövqəladə Hallar Nazirliyində sahibkarların elektron imza vasitəsilə daxil olacağı onlayn elektron sistemin istifadəyə veriləcəyini, bu sistemin tikinti sahəsində "vahid pəncərə” rolunu oynayacağını nəzərə çatdırıb.

İctimai nəzarətin əhəmiyyətini vurğulayan fövqəladə hallar naziri gələcəkdə tikinti şirkətlərinin nümayəndələrinin də iştirakı ilə FHN yanında İctimai Şura yaradılacağını, İctimai Şuranın sahibkarların problemlərinin həllində əhəmiyyətli rol oynayacağını vurğulayıb. 

K.Heydərov onu da qeyd edib ki, əvvəllər yerli icra strukturları tərəfindən yol verilən neqativ halların qarşısı bundan sonra alınacaq, heç bir süni maneə olmayacaq.
Görüşdə sahibkarların suallarını cavablandıran K.Heydərov elektrik enerjisi, su, kanalizasiya və digər məsələlərlə bağlı texniki şərtlərin verilməsi sahəsində problemlərin mərhələ-mərhələ aradan qaldırılacağını, texniki şərtlərin verilməsinin asanlaşdırılacağını söyləyib. 

O, Fövqəladə Hallar Nazirliyinin sahibkarlara hər zaman dəstək verəcəyini vurğulayıb.
Fövqəladə hallar naziri həmçinin bildirib ki, Bakının doqquz mikrorayonundakı 5, 7 və 9 mərtəbəli köhnə binaların sökülməsi, yerində yeni binaların tikilməsi üçün konsepsiya hazırlanıb. Konsepsiyaya əsasən bu binaların sakinlərinin yeni binalara köçürülməsi, həmin binaların yerində yenilərinin tikilməsi nəzərdə tutulur: "Yeni tikilən binalardakı əlavə sahələr hesabına tikinti şirkətləri xərclərini təmin edə, gəlir də götürə biləcəklər. Fövqəladə Hallar Nazirliyi də bu sahədə tikinti şirkətlərinə dəstək verəcək”.



Deputat Fəzail Ağamalı "Yeni Müsavat”a bildirib ki, prezidentin başlatdığı iqtisadi islahatlarda tikinti sektorunun inkişafı ön yerləri tutur. Kəmaləddin Heydərovun keçirdiyi görüş, görüşdə səsləndirdiyi fikirlər də bu islahatlara başlanmasının bir göstəricisidir: "Cənab prezident bəyan edib ki, tikinti sektoru inkişaf etdirilməlidir, Bakıda və regionlarda yeni tikinti işləri başlanmalıdır. Bu, həm yeni müasir binaların inşası, həm də yeni iş yerlərinin qurulmasına xidmət eləyən tezisdir. Bununla bağlı Kəmaləddin Heydərovun keçirdiyi toplantı prezidentin göstərişinin həyata keçirilməsinə start verilməsidir. Bundan az öncə Kəmaləddin Heydərovun Salyanda mənim də iştirakımla yerli sahibkarlarla, əhali ilə keçirdiyi görüşdə də ölkə prezidentinin yanvar ayında keçirdiyi müşavirələrdə verdiyi tapşırıqlar, imzaladığı sərəncam və fərmanlarda qarşıya qoyulan tələblər iştirakçıların diqqətinə çatdırıldı. Fevralın 16-da Bakıda tikinti şirkətlərinin rəhbərləri ilə görüşdə də məhz ölkə prezidentinin islahatlarının mahiyyətinə detalları ilə aydınlıq gətirilib və bu islahatların tikinti sektorunu da öz əhatəsinə alacağı bəyan edilib. Unutmaq olmaz ki, Kəmaləddin Heydərov sözünün sahibi olan nazirlərdən biridir. Onun söylədiyi fikirlərin arxasında konkret əməllər dayanır. Ona görə əminəm ki, artıq Azərbaycanın paytaxtında və bölgələrində tikinti ilə bağlı hər hansı problemlər yaşanmayacaq. Tikinti şirkətləri buyurub əl-qollarını çırmalasınlar və işə başlasınlar. Bununla da həm ölkəmiz abadlaşsın, həm də yeni iş yerləri açılsın. Əminəm ki, bütün bunlar olacaq”.

Keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov isə "Yeni Müsavat”a açıqlamasında tikinti şirkətlərinə bütün imkanların yaradılacağı barədə fövqəladə hallar nazirinin vədini pozitiv addım adlandırdı. F.Yusifovun sözlərinə görə, tikinti şirkətlərinə imkanlar yaradılması ölkə prezidentinin son aylarda sahibkarlığın inkişafı üçün atdığı addımların tərkib hissəsi sayılmalıdır: "Tikinti şirkətlərinə şərait yaradılması, bürokratik maneələrin, süni əngəllərin aradan qaldırılması nəticə etibarilə tikinti sektorunun yenidən ayağa qalxmasına təkan ola bilər. Tikintinin canlanması iqtisadiyyatın canlanması, yeni iş yerlərinin yaranması deməkdir. Tikintinin canlanması ölkədə tikinti materiallarının istehsalı, ölkəyə idxalı və satışı ilə məşğul olan şirkətlərin də dirçəlməsi, bu sektorda da yeni iş yerlərinin yaranması demək olacaq. Süni maneələr olmadan, eyni zamanda normal qiymətlərlə alınan materiallarla inşa edilmiş binalarda mənzillərin maya dəyərinin aşağı olması evlərin satışına da müsbət təsirini göstərə bilər. Eyni zamanda mənzillərin çoxalması təklifinin çoxalması demək olacaq. Bu amil də qiymətlərin aşağı düşməsinə təsir edəcək”. 

Etibar SEYİDAĞA
Oxşar xəbərlər