Yeni dərsliklərin ictimai müzakirəsi keçirilir

  • 09 fev 2016, 08:58
Təhsil Nazirliyi yeni dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə start verib. Artıq neçə ildir ki, ölkənin ümumi təhsil məktəbləri üçün yeni təhsil proqramları əsasında tərtib edilmiş dərsliklər istifadəyə verilir. Dərsliklər istifadəyə verildikdən sonra onların məzmununda müəyyən problemlər aşkarlanır ki, bu zaman dərsliklər artıq tam tirajla çap olunduğundan nöqsanların aradan qaldırılması müəyyən çətinliklərlə müşayiət olunur.

2016-2017-ci tədris ilində ölkənin ümumi təhsil məktəblərində ilk dəfə olaraq yeni təhsil proqramları əsasında hazırlanmış 9-cu sinif dərslikləri istifadəyə veriləcəkdir. Çapa verilməzdən öncə, ictimai rəy öyrənilməklə dərsliklərin təkmilləşdirilməsi məqsədilə onların layihələrinin www.e-resurs.edu.az saytının əsas səhifəsinə yerləşdirilməsinə başlanılıb. Yaxın müddətdə bütün dərslik layihələrinin sayta yerləşdirilməsi nəzərdə tutulur. Sayta daxil olaraq, "Bütün siyahı” düyməsini basdıqda yerləşdirilən bütün dərslik layihələri ilə tanış olmaq mümkündür.

Ətraflı tanış olmaq istədiyiniz dərslik layihəsini seçərək onu onlayn oxumaqla bərabər, PDF variantını da kompüterə yükləyə bilərsiniz. Rəy, təklif və iradları xüsusi ayrılmış sahəyə yazmaqla, yaxud [email protected] elektron poçtuna göndərməklə bildirmək olar.

Təhsil Nazirliyi geniş ictimaiyyəti - sahə mütəxəssislərini, müəllimləri, valideynləri, bir sözlə, bütün vətəndaşları dərslik layihələrinin təkmilləşdirilməsində, rəy, təklif və iradların bizə göndərilməsində fəal olmağa dəvət edir.
 
Ramid