Kazinolar yenidən açılır?

  • 27 yan 2016, 17:33

Vüqar Bayramov: "Ölkəmizdə kazinoların fəaliyyət göstərməsi turizmin inkişafından daha çox, çirkli pulların yuyulması ilə müşayiət olunacaq”

Son zamanlar  neftin qiymətinin kəskin aşağı düşməsi və manatın devalvasiyaya uğraması fonunda Azərbaycanda yaşanan böhran büdcəni doldurmaq  üçün əlavə gəlir mənbələri axtarmağı vacib edir. Bu mənada bir sıra ekspertlər düşünür ki, ölkəmizdə kazinoların fəaliyyətinə yaşıl işıq yandırılmalıdır.  Onların rəyinə görə kazinoların fəaliyyəti fonunda büdcəyə əlavə gəlirlər gələcək, bu həm də ölkəmizdə turizmin inkişafına öz töhvəsini verəcəkdir. Belə ki, qonşu Gürcüstanda turistləri ölkəyə cəlb edən formalardan bir də məhz kazinoların fəaliyyət göstərməsidir. Bu fonda görəsən, Azərbaycanda da kazinoların fəaliyyətinə icazə verilə bilərmi?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Yenicag.az-a açıqlamasında kazinoların ölkəmizdə fəaliyyət göstərməsinin bu obyektlərdə çirkli pulların yuyulmasına gətirib çıxaracağını bildirdi: "Azərbaycanda kazinoların bərpasına ehtiyac yoxdur, bu arzuolunan deyil. Kazinolar bərpa edilmədən də Azərbaycanda turizmi inkişaf etdirmək mümkündür. Bu da ölkəmizin turizm potensialının olması ilə bağlıdır.  Ona görə də turizmin inkişafı üçün bu potensialın ortaya qoyulmasına ehtiyac vardır.  Kazino oyunu isə əslində qumarxanadır. Qumarxana olduğuna görə belə yerlərin fəaliyyət göstərməsi milli dəyərlərimiz baxımından qəbul edilən deyil.  Kazinoların fəaliyyətinin bərpa edilməsi çirkli pulların yuyulmasına gətirib çıxara bilər. Xüsusən qeyri-qanuni yollarla pul qazanmış şəxslər həmin pulları rəsmiləşdirilən zaman onu məhz kazinoda udduqlarını göstərə bilərlər. Kazinolar bir sıra ölkələrdə ona görə fəaliyyət göstərir ki, qanunsuz və çirkli yollarla qazanılan pulları yumaq mümkün olsun. O baxımdan ölkəmizdə kazinoların fəaliyyət göstərməsi turizmin inkişafından daha çox, çirkli pulların yuyulması ilə müşayiət olunacaq. Gürcüstanda kazinolar fəaliyyət göstərir və belə oyunlarda maraqlı olan xarici turist məhz bu ölkəyə gələcək. Burada turizmin ucuz olması da ora daha çox turistin gəlməsinə təsir edir. Ona görə də kazinolar olmadan da Azərbaycanda turizmi inkişaf etdirmək lazımdır.  Bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsi,  turizmin inkişafı ilə bağlı liberallaşdırma və qiymətlərin tənzimlənməsi, dövlətin dəstək mexanizmlərinin işə salınması kimi addımlarla da ölkəmizdə kazinolar olmadan belə inkişaf etmiş turizm sektoruna malik olmaq mümkün olacaq”.

 Demokratik.Az