İlham Əliyev sosial müavinətləri artırdı

  • 25 yan 2016, 19:49
Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla ölkədə sosial müavinətlər artırılıb.

ANS PRESS-in məlumatına görə, artım pensiyaçılara, tələbələrə, ünvanlı sosial yardım alanlara, uşağa qulluq edənlərə şamil edilir.

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Prezidentin Sərəncamına görə Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, 2015-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2016-cı ilin 1 yanvar tarixinə:

- bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması təmin edilsin, 

- fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçirilsin.

İlham Əliyevin tələbələrlə bağlı imzaladığı Sərəncamda "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2013-cü il tarixli 3108 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 988; 2015, № 11, maddə 1339) ilə müəyyən edilmiş təqaüdlərin məbləğinin 2016-cı il fevralın 1-dən 10 faiz artırılması nəzərdə tutulub

Dövlət başçısının ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncamına görə isə Ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan məbləğin artırılması məqsədi ilə cari ilin dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20,0 (iyirmi) milyon manat ayrılması nəzərdə tutulub.

Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında Prezidentin Sərəncamında qərara alınıb ki: 

1. 2016-cı il fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. "Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 avqust tarixli 3082 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 962) 1-ci hissəsi ləğv edilsin.

 

Demokratik.Az

Oxşar xəbərlər