Dövlət qurumlarında kütləvi ixtisarlar

  • 21 yan 2016, 08:23

«Azərenerji»dən 3000 adamın çıxarılması gözlənilir; «Azəryolservis»də isə bütün işçilərin ərizələri alınıb

"Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (ASC) kütləvi ixtisarların aparıldığı və ixtisara düşən işçilərə kompensasiya ödənilməməsi ilə bağlı məlumatlar yayılıb. "Azərenerji” ASC-dən aldığımız məlumata görə, son bir həftədə qurumun mühafizə sistemindən 900 nəfər, texniki heyətdən 250 nəfər işdən çıxarılıb. Ümumilikdən son həftədə işdən çıxarılanların sayı 1150 nəfər olub.

Lakin fevralın 1-ə daha böyük rəqəmin açıqlanacağı gözlənilir. Söhbət işçilərin sayının 3000-ə qədər azaldılmasından gedir. Qeyd edək ki, "Azərişıq” "Azərnerji”dən ayrılanadan əvvəl qurumda 16 min adam işləyirdi. Ayrılandan sonra 8000 işçi qalıb. Hələlik hansı sahələrdə çalışanların ixtisar ediləcəyini açıqlanmır. Qurum rəhbərliyi narazılığın artmasından narahatdır.

Onu da qeyd edək ki, "Azərenerji”də çalışanlar dekabr ayının maaşını almayıb.

"Azəryolservis” ASC-də kütləvi ixtisarlar başlayıb. Saleh Məmmədov "Azəryolservis”in sədri vəzifəsinə təsdiqlənəndən sonra bu quruma daxil olan 115-dən artıq idarənin bütün işçilərindən işdən çıxmaları barədə ərizə alınıb. Qurumdakı mənbələrin verdiyi məlumata görə, bu, kütləvi ixtisar gözləntisi ilə bağlıdır. Artıq açıq deyilir ki, hökumət qurumda çalışanların üçdə ikisinin işdən azad edilməsi təklif edib. Bundan sonra qurumların sayı 40-dan az olacaq. Bu da onunla əsaslandırılır ki, qarşıdakı illərdə büdcədə yol lahiyələrinə əvvəlki qədər pul ayrılmayacaq. Ərizələrin bəribaşdan alınması isə kütləvi ixtisarlara görə yarana biləcək narazılığa hesablanıb.

Oxşar xəbərlər