Jurnalisti döyüb öldürənlərin məhkəməsi başladı - Foto

  • 05 yan 2016, 17:55

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı həbs edilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Virtualaz.org saytının xəbərinə görə prosesə hakim Eldar İsmayılov sədrlik edir.

Məhkəmədə iştirak etmək istəyənlərdən yalnız mərhum jurnalistin yaxınları və təqsirləndirilən şəxslərdən bəzilərinin valideynləri prosesə buraxılıblar. Məhkəmə binasının qapısında iştirakçılar və polislər arasında qarşıdurma yaranıb. Bina önündə çoxlu sayda mülkü geyimli asayiş keşikçiləri cəmləşib.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Fariz Namazlı vəsadət qaldırıb. Vəsadətdə istintaqın düzgün aparılmadığını və işin ibtidai istintaqa qaytarılmasını məhkəmədən xahiş edib. Zərərçəkmişin digər nümayəndəsi Əshabəli Mustafayev isə vəsadəti dəstəkləyib və cinayət işinə ədalətli baxılması üçün həkimlərin də məsuliyyətinin müəyyən olunmasının vacibliyini vurğulayıb. Vəkillər Cavid Hüseynovun işinin ayrıca icraata verilməsini düzgün saymayıb.

Fariz Namazlının ikinci vəsadəti əlavə şahidlərin dindirilməsi ilə bağlı olub. Belə ki, Rasim Əliyevin ölüm səbəbinin həkim səhlənkarlığı olub-olmaması ilə bağlı səbəblərin müəyyənləşdirilməsi üçün həkimlər Babək Zeynalov, Arzu Rüstəmova və onu sonuncu dəfə görən Aydın Mahmudov, Mehman Hüseynov və atası Məmmədəli Əliyevin əlavə şahid qismində dindirilməsini xahiş edib. Təqsirləndirilən şəxslərin vəkilləri də bu vəsadətlərin təmin olunmasını istəyiblər.

Məhkəmə müşavirəyə getdikdən sonra Rasim Əliyevin anası üzünü şüşə kabinada əyləşən Arif Əliyev, Elşad İsmayılov və Camal Məmmədova tutub deyib:"Bütün Azərbaycan sizi lənətləyir. Mənim oğlum sizin qarşınıza tək çıxmışdı, amma siz mənim uşağımı tülkü kimi aldatdınız”.

Məhkəmənin növbəti iclası yanvarın 12-nə təyin olunub.

Xatırladaq ki, ann.tv-nin əməkdaşı Rasim Əliyev facebookda futbolçu Cavid Hüseynovu tənqid edən statusuna görə 8 avqust, 2015-ci ildə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və ertəsi gün orada vəfat edib.

Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, "Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə səbəb olmuş futbolçu, "Qəbələ” klubunun kapitanı Cavid Hüseynovun barəsindəki cinayət işi digər təqsirləndirilən şəxslərdən ayrılıb.



 

 
Oxşar xəbərlər