Demokratik TV
Mərkəzi Bank bazara 100 milyon dollar çıxardı

Dekabrın 29-da keçirilən hərracda Mərkəzi Bank kommersiya banklarının sifariş və qiymət təklifləri əsasında 100 milyon ABŞ dolları həcmində valyuta kütləsi satıb. Nəticədə Mərkəzi Bank kommersiya banklarının dollara olan cari tələbatının 50 faizini (dekabrın 28-də- 46 faizini) ödəyib.
Ekspert Vüqar Bayramov isə məsələ ilə bağlı bildirib ki, manatın dollara nisbətən məzənnəsinin 50 faiz aşağı salınması ilə bağlı Mərkəzi Bankın son addımı ötən həftə sonu Bakıda və eləcə də rayonlarda uzun illərdən sonra yenidən "qara bazar” formalaşdırıb: "Üzən valyuta siyasətinə keçdiyini bəyan edərək devalvasiyaya gedən Mərkəzi Bankın manatı kəskin dəyərsizləşdirməsi milli valyutaya olan inamın tamamilə sarsılmasına səbəb olub. Vətəndaşlar manatın yeni və daha kəskin devalvasiyasından ehtiyatlanaraq əllərindəki pullarını kütləvi şəkildə dollara dəyişməyə çalışırlar. Mərkəzi Bankın ötən həftəsonu bazarda olmaması isə dollara olan tələbin ödənilməsinə imkan vermədi. Ötən həftənin iş günlərində 300 milyon dollara intervensiya edən adıçəkilən bank bazardan çəkiləcəyi halda manatın kəskin dəyər itirəcəyini proqnozlaşdırmaq çətin deyil".

Qeyd edək ki, manatın ucuzlaşması dollarla olan kreditlərin ödənməsini daha da çətinləşdirib. Artıq kreditlərin 1 milyard 301,9 milyon manatının ödəmə vaxtı keçib. "Marja”nın xəbərinə görə, bankların müştəriləri devalvasiyaya görə, artan borclarını ödəmək imkanlarının olmadığını bildirirlər. Məlumata görə, kreditlərin xeyli hissəsi tək şəxsiyyət vasitəsi ilə verilən kreditlərdir. Əhali gözləmə mövqeyindədir. Cəmiyyətdə yayılmış söz-söhbətlərə görə, Mərkəzi Bank dolların qalxması nəticəsində vətəndaşların artan kredit yükünü ödəyə bilər. Digər bir iddiaya görə, banklar borcları köhnə məzənə ilə qəbul edə bilərlər. Bu səbəblərdən də, pulu olan bir çox borclular da borcunu qaytarmağa tələsmirlər.
Digər bir məlumata görə, banklar da ödəməni gecikdirən müştəriləri ilə əlaqə saxlamağa da tələsmirlər. Borcların vaxtında ödənilməməsinin bankların maliyyə vəziyyətini daha da pisləşdirəcəyi gözlənilir. Noyabrın 1-nə olan məlumata görə, ölkədə kredit qoyuluşları 18 milyard 566.4 milyon manatdır. O cümlədən ev təsərrüfatlarına (istehlak kreditləri) 7 milyard 557,1 milyon manat kredit verilib. Cəmi 18 milyard 566.4 milyon manat olan kreditlərin 11 milyard 281,7 milyon manatı milli valyutada, 7 milyard 284,7 milyon manatı xarici valyutada olub. Kreditlərin 1 milyard 301,9 milyon manatının ödəmə vaxtı keçib. Noyabrın əvvəlində 1 dollar 1,05 manata bərabər idi. Həmin vaxt xarici valyutada olan 7 milyard 284,7 milyon manatlıq kredit 6,85 milyard dollar edirdi. Bu gün 6,85 milyard dollar 10,6 milyard manatdan çoxdur. Beləliklə, manatın dekabrın 21-dəki devalvasiyasından sonra dollardakı borclar manatda ifadədə 3,4 milyard manat artıb.
Röya
