Əsir erməni geri qaytarıldı
- 12 noy 2015, 14:01
"Beynəlxalq sərhəddi 8 noyabr 2015-ci il tarixdə keçən mülki erməni vətəndaşı bu gün, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb. Bu günkü təhvilvermə Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə baş verib”.
Bu haqda modern.az saytına komitənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. O, bildirib ki, BQXK neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq Azərbaycan və Ermənistan hakimiyyət orqanları ilə birgə bu repatriasiynının keçirilməsinə yardımçı olub: "Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri bu qadına baş çəkərkən o, geri dönmək arzusunu bildirib. Təşkilatın nümayəndələri həmçinin onun Ermənistandakı ailə üzvləri ilə də əlaqə saxlayıb”. Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir. Qeyd edək ki, Noyemberyan rayonunun Şavarşavan kənd sakini, 1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyan noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozub.