Baş qərargah rəisi"nişangah"da?-Nəciməddin Sadıqova qarşı narazlıq böyüyür

  • 03 noy, 12:58
  • baxış sayı: 503
Sabiq müdafiə naziri Səfər Əbiyevin dönəmində Silahlı Qüvvələrdə rüşvət və korrupsiya hallarının pik nöqtəyə çatdığı heç kimə sirr deyildir. Əsgər ölümlərinin artması, ciddi qanun pozuntuları, ordudakı korrupsiya və rüşvətxorluq hallarının aradan qaldırılması üçün Ali Baş Komandan, Prezident İlham Əliyev kəskin qərar verərək S.Əbiyevi ordu sıralarından kənarlaşdırdı.

Bunun ardınca ölkə başçısı yeni təyin olunan Müdafiə naziri Zakir Həsənova xüsusi tapşırıq verərək, Milli Ordunu rüşvət və korrupsiyaya meylli şəxslərdən təmizləməyi tapşırdı. Z.Həsənovun təyinantının ilk ilində bu istiqamətdə xüsusi islahat həyata keçirildi və döyüş yolu keçmiş, ordudakı zabit-gizir kontingentinin rəğbətini qazanmış, eləcə də ictimai rəydə müsbət imici olan şəxslərin rəhbərliyə cəlb olunması xətti qabarıq şəkildə özünü büruzə verdi. Lakin kadr siyasətində hələ də qalan bəzi nöqsanlar son dövrlər ciddi problemlərə yol açıb. Buna əsas səbəbi kimi Müdafiə nazirinin müavini, baş qərargah rəisi Nəcməddin Sadıkovun olduğu göstərilir.

Yüksək rütbəli zabitlərdən biri "Reytinq"ə deyib ki, Nəcməddin Sadıkovun apardığı kadr siyasəti ciddi narazılıq yaradır. Onun sözlərinə görə, hazırda ən böyük narahatlıq onun bütün sahələr üzrə özünə yaxın adamları təyin etdirməsidir.

Mənbəmiz təəssüflə qeyd edib ki, S.Əbiyevin istefaya göndərilməsindən sonra həyata keçirilən uğurlu kadr siyasəti artıq N.Sadıkov tərəfindən iflic edilib: "Sadıkovun ən böyük düşməni döyüş yolu keçən, xüsusən də zabit-gizir kontingenti tərəfindən sevilən generallardır. Əgər onun davranışlarına diqqət etsəniz görərsiniz ki, milli düşüncəli, vətənpərvər, döyüş yolu keçən şəxslərin ordu rəhbərliyində yuxarı pillələrə qalxmasına imkan verməyib. Hazırda ətrafındakıların tərcümeyi-halına baxın - əksəriyyəti rüşvətə meylli şəxslərdir. Bu günlərdə Nəcməddin Sadıkovun "sağ əli" sayılan yüksək rütbəli zabitlə bağlı yayılan informasiya da buna əyani sübutdur".

Məldumat üçün bildirək ki, iki gün öncə Nəcməddin Sadıkovun ən yaxın adamlarından hesab olunan Koordinasiya İdarəsinin rəisi, polkovnik Elxan Məcidova məxsus olduğu iddia edilən və Şüvəlanda bir hektar ərazidə inşa edilən, dəyəri milyonlarla ölçülən bağ evinin tikintisini əks etdirən foto və video yayıldı. Həmin foto və videoda bağ evində işləyənlərin hamısı hərbi geyimdədir və söhbət əsnasında hansı hərbi hissədə xidmət keçdiklərini, nə qədər xidmət etdiklərini deyirlər. Bəlli olub ki, bir müddət öncə tikintidə yıxılan əsgərin birinin qıçı sınıb və o, 3 ay hərbi hospitalda yatıb. Cənub bölgəsindən olan həmin əsgərin sağalaraq hərbi xidmətini davam etdirdiyi də iddia olunur. Şəkildəki villanın giriş qapısı üzərindəki daşda oyma ilə "EM", yəni Elxan Məcidov yazılıb. Xəbər yayımlandıqdan sonra Müdafiə Nazirliyi həmin foto və video materiallarla bağlı araşdırmaya başlayıb. Ancaq N.Sadıkovun nəzarət imkanlarının böyük olduğunu nəzərə alsaq, bu araşdırmanın hər hansı ciddi nəticə verməyəci şübhəsizdir. Burada maraqlı məsələ həm də, hansısa idarə rəisinin bu qədər vəsaitə necə sahib çıxmasıdır.

Bu barədə "Reytinq" qısa araşdırma aparıb. Əldə etdiyimiz məlumata görə, videosu yayılan həmin bağ həqiqətən də Nəcməddin Sadıkovun "sağ əli" sayılan Elxan Məcidova məxsusdur. Müdafiə Naziriliyin yüksək rütbəli əməkdaşının sözlərinə görə, məsələ ictimailəşəndən sonra N.Sadıkov ciddi şəkildə narahat olub və E.Məcidovdan məsələni qapatmasını tələb edib. Amma Elxan Məcidov bu tələbə əməl edə bilməyib.

Məlumatda bildirilir ki, Milli Orduda N.Sadıkovdan narazılıq daha böyükdür: "Onun yeganə problemi Elxan Məcidov deyil. Ətrafına topladığı əksər kadrlar orduya gəlir mənbəyi kimi baxır. Hətta iş o yerə çatıb ki, Nəcməddin Sadıkov törədilən qanunsuzluqları qapalı müşavirələrdə dilə gətirməkdən belə çəkinmir. Hətta bununla bağlı nazirliyin yüksək rütbəli zabitləri arasında lətifə də dolaşır. Deməli, Sadıkov müşavirədə rus dilində çıxış edərək deyib ki, Səfər Əbiyevin vaxtında da müəyyən "əməliyyatlar" həyata keçirirdik, o zaman Əbiyev 30 faiz mənimsəyirdi, amma biz indi 15 faizə işləyirik, onun da 10 faizini elə hərbi hissələrə xərcləyirik. Amma yerdə qalan 5 fizinin aqibəti barədə heç nə demədiyi üçün bu çıxış lətifəyə çevrilib. Bunun özü Sadıkovun özündənrazı və heç kimlə hesablaşmamaq xəttini götürdüyünü göstərir".

İddia edilir ki, hətta son dövrlər N.Sadıkov Müdafiə nazirinin əmrlərinə də etinasız yanaşır: "Onun bu davranışı ətrafındakı zabitlərə də sirayət edib və bizi hallarda onlar da nazirin tapşırıqlarını qulaqardına vururlar. Bu saat Sadıkov və onun komandası daha çox qazanmağa çalışırlar".

Mənbəmiz onu da qeyd edib ki, N.Sadıkovun bu davranışları Z.Həsənovun, eləcə də yuxarıların diqqət mərkəzindədir. Hazırda gözləmə mövqeyi tutulsa da, qısa müddətdə N.Sadıkov və komandası barədə qəti addımlar atılmalıdır: "Azərbaycan müharibə şəraitindədir. Hər zaman Ali Baş Komandanın əmri ilə müharibə başlaya bilər. Ona görə də, döyüş yolu keçmiş, milli ruhlu, rüşvət və korrupsiyaya bulaşmamış şəxslərin önə çəkilməsi vacibdir. Əgər bir idarə rəisi qiyməti milyonlarla manat olan malikanə tikdirirsə və burada əsgər əməyindən istifadə etməkdən çəkinmirsə, o zaman onları himayə edən yüksək çinli zabitin nələrə sahib olduğunu təsəvvür eləmək çətin deyil. Amma məndə olan məlumata görə, artıq Nəcməddin Sıdıkovdan olan narızılıq yuxarıların diqqətindədir. Onun və yaxın ətrafının fəaliyyəti araşdırılır. Yəqin ki, araşdırma başa çatandan sonra qəti qərar veriləcək".
Demokratik.Az
Oxşar xəbərlər