Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə işindən ayrılan Milli Təhlükəsizlik Naziri (MTN) Eldar Mahmudovun yerinə hələlik kimsə təyin edilməyib.
![]()
Eldar Mahmudovun yaxınlarda işdən çıxarılacağı ilə bağlı son vaxtlar siyasi dəhlizlərdə söyləntilər dolaşırdı. Bunun əsas səbəbi kimi də sabiq nazirin qudası, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin başçılığı altındakı bir qrupun ölkənin bank və maliyyə sektorunu çökdürməyə yönəlik əməlləri idi. Bu qrup ölkənin milli təhlükəsizliyi etibar edilmiş nazirə - Eldar Mahmudova ən yaxın kadrlar idi və onun bu cinayətlər barədə prezidentə məlumat belə verməməsi çoxsaylı suallar doğururdu.
"Yeni Müsavat"ın yazarları, prezidentin son çıxışlarına dayanaraq, bu yaxınlarda hakim komandada ciddi dəyişikliklərin olacağını yazmışdılar. Bu, prezidentin də özünün bilavasitə dediyi kimi, cəzalandırma prosesidir və davamı olacaq.
İddialara görə, hazırda haqqında daha çox danışılan nazir Ziya Məmmədov da Eldar Mahmudovla eyni qrupda təmsil olunur.
Başqa bir versiyaya görə isə, Eldar Mahmudov Qərb yönümlü məmurlardan olmaqla, ABŞ və İsrail xüsusi xidmət rəhbərləri ilə əməkdaşlıq içərisində idi. Son vaxtlar ölkənin siyasi kursunun Rusiyaya yaxınlaşması bu cür mühüm postda Qərblə iç-içə olan birisinin qalmasını mümkün etməyib.
*****
Lakin bütün bu versiyaların tam tərsini iddia edənlər də var. Hətta bir sıra iddialara görə, Eldar Mahmudov prezidentin ən etibar etdiyi şəxsdir, özünə bağlıdır və yaxın günlərdə ölkənin baş naziri təyin ediləcək.
Hətta tanınmış və məlumatlı ekspertlərdən biri musavat.com-un poçtuna "Prezident Eldar Mahmudovu gələn həftənin birinci günü baş nazir postuna təqdim edəcək", kimi cəsarətli iddia da yollayıb. Orada deyilir ki, E. Mahmudov heç bir qrupa aid deyil, oliqarx sayılmır, prezidentə ən sadiq və güvənilir kadrlardandır; onun bu cür vurulması mümkünsüzdür - İlham Əliyev oliqarxiyanı zəiflədir və YAP ağırlıqlı hökumət qurur. Məhz belə bir məqamda baş nazir postu yenilənməlidir. Bu posta da E. Mahmudovdan layiqli kadr ola bilməz".
Lakin musavat.com bu versiyanın mümkünlüyünü sorduqda, bir sıra ekspertlər onu istehza ilə qarşıladılar. Əksəriyyətin fikrincə, baş nazir olacaq bir kadrı bu cür vurmazlar. Həm də protokola görə, öncə baş nazir təqdimatı-təyinatı baş verməli, daha sonra indiki vəzifəsindən azad olunmasına dair əmr imzalanmalı idi.
Bir sözlə,əksəriyyət iddia edir ki, Eldar Mahmudov üçün yolun və karyerasının sonu gəlib.
Hətta, irəliləyən saatlarda E. Mahmudovun saxlanması barədə xəbərlər də yayılmağa başladı.
Eldar Mahmudov kimdir?
O 1956-cı ildə Bakı şəhərində alim ailəsində anadan olmuşdur. 1978-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1980 - 2004-cü illərdə daxili işlər orqanlarında xidmət etmişdir. Bu dövrdə mütəşəkkil cinayətkarlıqla mübarizə, cinayət-axtarış strukturlarında çalışmışdır.
1993-cü ildə Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilmiş, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsinə irəli çəkilmişdir.
1993 - 2003-cü illərdə İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat - Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləmişdir. 2004-cü ilin əvvəlindən isə Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Mötəbər beynəlxalq qurumların işində, o cümlədən dünyanın bir çox ölkələrində korrupsiyaya, terrorizmə, insan alverinə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələlərinə həsr olunmuş konfranslarda, seminarlarda Azərbaycan Respublikasını təmsil etmişdir. Çoxsaylı beynəlxalq hüquqi sənədlərin, o cümlədən Korrupsiya ilə mübarizə haqqında BMT Konvensiyasının hazırlanmasında bilavasitə iştirak etmişdir.
Əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə və müsbət göstəricilərinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2004-cü il tarixli 320 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri təyin olunmuş və general-mayor hərbi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 16 mart 2005-ci il tarixli Sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudova general-leytenant hərbi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27 mart 2014-ci il tarixli Sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudova general-polkovnik hərbi rütbəsi verilmişdir.
Ailəlidir, üç övladı vardır.
Demokratik.Az