Göygöl xəstəxanasında növbəti Vasif Əliyev DƏRƏBƏYLİYİ - laboratoriyanı da dağıtdı

  • 09 iyun 2022, 21:33
TƏBİB Göygölə yerləşdirdiyi "60 minlik" bacarıqsız direktorundan bərk-bərk yapışıb. Nöqsanlar kortəbii üsullarla elə hey malalanır ki, hər gün bir yenisi gün işığına çıxır.
"Demokratik.Az" yazdıqca müəyyən nöqsanların aradan qaldırılmasına cəhdlər sevindirici olsa da, idarəetmədən və rəsmiləşdirmə mədəniyyətindən xəbərsiz olan Vasif Əliyev özbaşınalığı nümunəvi tandemə - dərəbəyliyə çevrilir. Adam indi də xəstəxananın laboratoriyasını dünən gecədən səhərəcən restovrasiya adı ilə dağıtdırıb.

Aldığımız məlumata görə, bir neçə gün əvvəl yanına 5-6 nəfər götürüb laboratoriya müdiri Zeynalabdin Əliyevin döyülüb söyülməsinə səbəb olan direktorun saytımızda növbəti İFŞASINDAN və müraciətlərimizdən sonra, şükür ki, TƏBİB xəstəxanada pasientlərin müayinəsi üçün daha sivil laboratoriya qurulmasının vacibliyini anlayıb. Bu məqsədlə, "yuxarı" Vasif Əliyevə laboratoriyanın içinin restovrasiyasına göstəriş verib. Bəri başdan deyək ki, əgər, bu addımla Vasif Əliyevin rüşvət müqabilində vətəndaşları Gəncədəki "İstanbul NS" kimi digər ünvanlara analizlərə göndərməsinin kökü birdəfəlik kəsiləcəksə, təqdir edirik. Bizlər də bunu istəyirik. Lakin, belə bir göstərişin verilməsi zamanı görüləcək işlərin layihə-smeta sənədləri necə, hazırlanıbmı? Bir xəstəxananın laborator şəraitini dağıdıb yenidən qurulmasına nə qədər vəsait ayrılıb, görüləcək təmir işləri hansısa şirkətə və hansısa fiziki şəxsə həvalə edilibmi? Yoxsa, bu işləri Vasif Əliyev özü bihudəmi görür?  

Demokratik.Az xatırladır ki, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB 2019-cu ildən Göygöl MRX PHŞ-ni təhvil aldıqdan sonra, əslində ilkin vəziyyətində də müasir xəstəxana tələblərinə cavab verən, müvafiq layihə və dövlət sifarişi əsasında tikilən binada öz istədiyi plan-uyğunlaşdırılma işləri apartdırıb. Məsələn, qəbul şöbəsinin girişində əlil arabaları ilə də rahat giriş üçün yerlər quraşdırılıb, xəstəxananın qazon örtüyü və 100-dən çox meyvə ağacı sıradan çıxarılaraq maşınların pərakəndə dayanacaq yerləri qurulub. Xəstəxananın şöbələrində müəyyən (əslində lazımsız) rekonstruksiya-inşa işləri görülüb, hələ də görülməkdədir. Bununla yəqin ki, 100 minlərlə pul vəsaitinin öz xeyirlərinə silinməsinə nail olunub. Qarşı tərəf bəlkə də etdiklərinin izahında tələb və zərurətlərin olduğunu daha təfsilatlı nağıllarla ortaya ata,əsaslandıra da bilər. Ancaq mənim dərdim görülən işlərə ağız büzmək deyil, baş verən proseslərdə aşkar dərəbəyliyi, hüquqsuzluğu, hesab-kitabsız dağıdıcılığı oxucu diqqətinə çatdırmaqdır.

Şəkillərdən göründüyü kimi, direktor öz dədə mülkü kimi istədiyi vaxt xəstəxananın istənilən otağını dağıdırsa, görülən işlərə də xəstəxana kollektivinin çəkic-baltasını cəlb edirsə, kimsəyə də niyyət açıqlanmırsa, bunun adı dərəbəylikdir. Əgər, dövlət mülkiyyətindəki binada hər hansı iş üzrə direktor əlini çirmələyib ustalıq-proraflıq-memarlıq edirsə, bu həm də korrupsiyadır.

İnanırıq ki, V.Əliyevin növbəti dağıdıcılıq qabiliyyətsizliyi xəstəxananın laborator şəraiti və analiz imkanları ilə birlikdə araşdırılacaq.

Osman Nərimanoğlu
Demokratik.Az 
Oxşar xəbərlər