Demokratik TV
Göygöl Xəstəxanasının direktoru rüşvət aldı və laboratoriya müdirini döydü - CİNAYƏT İŞİ açıldı


Beləliklə, xəstəxanadakı dava olayına keçək;

Dava zamanı otağın qapısı direktorun göstərişilə koridordan bağlanıb və Simral adlı nəzarətçi davanı durdurmağa çalışan işçilərin otağa girməsini dayandırıb. Lakin, şöbənin xanım işçiləri Təqiqət Ağayeva və Ceyran Məmmədova israrlı cəhddən sonra otağa daxil olaraq direktoru və qoçuluq edən İlkini birtəhər koridora çıxara biliblər. Dava zamanı laboratoriya otağındakı tibbi ləvazimatlar, qoruyucu kamera, ventilyator, mikroskop, petri, karon və şüşəli əşyalar sındırılaraq yararsız vəziyyətə salınıb. Otağın döşəməsi şüşə qırıqları ilə dolub, rəngli maye sabunu yerlə bir olub. Xadimə işləyən Ceyran Məmmədovanın dava əsnasında Vasif Əliyevə; "Səni pul alıb direktor qoyana lənət, sən özünü apara bilmirsən. Get ərizəni yaz, rədd ol bu xəstəxanadan, canımız qurtarsın səndən.." sözləri xəstəxananın koridorlarında artıq trend olub.
Olayla bağlı Demokratik Az-a danışan Zeynalabdin Əliyevin bildirdiyinə görə, davaya səbəb onun xəstəxanada pasientlərdən yığılan və tələb edilən rüşvət faktlarına etiraz etməsi ilə əlaqədar olub. Laboratoriya müdiri deyir ki, əməliyyat öncəsi xəstələr laboratoriyada analizlər verdikdə onlardan rüşvət istənildiyini öyrənib. Eləcə də pullu xəstələrin müxtəlif müayinələr üçün Vasif Əliyev tərəfindən "Gəncə İstanbul NS" klinikasına göndərilməsinə, pasientlərin əlavə xərcə salınmasına, xəstəxanada müasir laborator şərait ola-ola kənara göndərişlərin özbaşınalıq olduğuna etiraz edib. Çoxsaylı xəstələri rüşvət verməməyə, aldanmamağa çağırıb. Nəticədə, özü də cərrahlıq edən direktor tamah məqsədilə və öz rüşvət mexanizmini qorumaq hikkəsilə sözügedən biabırçılığa imza atıb.

Zeynalabdinin bildirdiyinə görə, dava günü cərrahların əməliyyat üçün tanıdığı daha bir pasientdən də 250 manat rüşvət aldıqlarını öyrənib. Pasientə görə öz cibinin pulu ilə reaksinlər alıb öz işini gördükdən sonra, İlkin həkimdən xəstənin pulunun geri qaytarılmasını xahiş edib. İlkin etiraz etdikdə, xəstəyə əməliyyat xərclərinin İcbari Tibbi Sığorta tərəfindən ödənildiyini söyləyərək şikayət üçün direktor Vasif Əliyevin yanına göndərib. Məhz bundan sonra Vasif Əliyev Z.Əliyevə zəng edərək: "sən kimsən ki, xəstələri öyrədirsən, bizim pul işimizə qarışırsan axı.."-deyib və qısa zaman sonra da utanmadan öz qoçuluğunu edib.
Direktorun təşkil etdiyi davanın xəstəxanadakı təhlükəsizlik kameralarına da yansıdığı bildirilir. Baş verənlər isə adi xuliqanlıq, adamdöymə əməli deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə xəstəxana direktorunun Vəzifə səlahiyyətlərini aşma, vəzifədən sui-istifadəsidir. İşin içində rüşvətalma, tabeliyindəkiləri rüşvətə sövqetmə cinayəti var.

Olayda ortaya çıxan ictimai önəmli məsələ Göygöl MRX PHŞ-də hələ də rüşvət və korrupsiyanın mövcudluğunun təsdiqi, direktorun harınlığı və qudurğanlığıdır. Əgər bu səhiyyə ocağında hələ də abırsızcasına, ləyaqətsizcəsinə icbari tibbi sığorta ödəmələrilə əməliyyat olunan, müalicə alan xəstələrdən rüşvət alınırsa, bu hal ciddən araşdırılmalıdır. Əgər, əhali icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində Göygöl MRX PHŞ-də məhz direktor Vasif Əliyevin cərrah bıçağının altında rüşvətlə soyulursa və buna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və digər başbilənlər özləri münbit şərait yaradırlarsa bu özbaşına ünvanda prezident administrasiyası, baş prokurorluq və DTX tərəfindən xüsusi yoxlamanın keçirilməsi məcburidir. Ədalətli araşdırma üçün isə, ümumiyyətlə harınlamış Vasif Əliyev dərhal vəzifəsindən uzaqlaşdırılmalı, onun illərdir toplamış olduğu rüşvətə şəriklilik həvəsi kimsələrdə olmamalıdır. Əgər, Vasif Əliyevin gəlişindən bəri xəstəxanada əməliyyat olunan, övlad dünyaya gətirən şəxslərin bir çoxu obyektiv dindirilsələr rüşvət mexanizmi ifşa edilmiş olar. Son illərdəki mühasibat-uçot sənədləri də diqqətlə vərəqlənsə, dərmanların hara yoxa çıxdığı soruşulsa, korrupsiya deyilsə hansı zərurətlə eyni çarpayı sayı olan xəstəxanada Vasif Əliyevin 100-dən artıq süni ştat yaratmasının səbəbləri öyrənilərsə dövlət səhiyyəsini bunca gözdən salan bir direktorun həbsi sadə iş olar.
Bu olaydan sonra da Vasif Əliyev öz direktor toxunulmazlığını qoruya biləcəksə, rəzil hadisə harınlamış direktorla dostluq edən rayon prokurorumuz İlqar Hacızadə tərəfindən malalanacaqsa, bəri başdan deyirəm - Vasifkimilərə züy tutanlara, ona tumar çəkənlərə sadəcə AR OLSUN!
Osman Nərimanoğlu
Demokratik.Az
Davadan sonra çəkilmiş bəzi şəkilləri təqdim edirik:




