Göygöl rayonunun Mollacəlilli kəndində Şəhidlər üçün abidə kompleksinin açılışı olub - FOTO+VİDEO

  • 27 may 2022, 15:12
Bugün Göygöl rayonunun Mollacəlilli kəndində şəhidlərin əziz xatirəsinin şərəfinə inşa edilmiş abidə-xatirə kompleksinin açılışı olub. Açılış tədbirində rayon İcra Hakimiyyəti rəsmiləri, hüquq mühafizə orqanlarının yerli nümayəndələri və kənd sakinləri iştirak ediblər.
 
Demokratik.Az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan icra başçısı əvəzi Turani Əliyev 44 GÜNLÜK ZƏFƏR SAVAŞINI xatırladaraq Qarabağ döyüşlərində şəhid olmuş Göygöl şəhidlərini, eləcə də Mollacəlilli kəndindən olan şəhidləri xüsusi hörmətlə anıb. Şəhidlərə rəhmət, qazilərimizə allahdan şəfalar diləyib. Abidənin açılışında əməyi olan hər kəsə təşəkkürünü bildirərək sabahkı 28 may - "Respublika Günü" münasibətilə də hər kəsi təbrik edib.

Tədbirdə kənd sakinlərinin nitqi dinlənilib, məktəblilərin oxuduğu vətənpərvərlik şeirləri maraqla qarşılanıb. 

Daha sonra T.Əliyev abidənin açılışını edib, digər qonaqlarla birgə abidənin önünə gül dəstələri düzülüb, yaşıllıq əraziyə dekorativ ağaclar əkilib.
Bildirək ki, abidə-xatirə kompleksində Mollacəlillidən olan 6 şəhidin şəkli yerləşdirilib, bayraq dirəyi quraşdırılaraq üçrəngli bayrağımız asılıb.

Açılışla əlaqədar Mollacəlilli kəndinin yeni icra nümayəndəsi Məmmədov Ələddin Saləddin oğlu saytımıza bildirib ki, kənddə bu cür vətənpərvər tədbirlərin keçirilməsi, şəhidlərimizə rəğbət hissinin aşılanması olduqca vacibdir. Və ölkə prezidenti cənab İlham Əliyevin və yerli icra hakimiyyətinin tövsiyyə və tapşırığı əsasında sözügedən xatirə-abidə kompleksinin ucaldılması kənd sakinlərində də məmnunluq hissi yaradıb.

Kənd sakinləri də son aylarda kənddə vüsət alan abadlıq-quruculuq işləri üçün həm öz adlarından, həm də kənddəki şəhid ailələri adından yeni icra nümayəndəsinə və rayon rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Osman Nərimanoğlu
Demokratik.Az

Oxşar xəbərlər