Milli Məclisin yeni Aparat rəhbəri Fərid Famil oğlu Hacıyev oldu

  • 17 may 2022, 22:11
Milli Məclisin Aparatı rəhbəri vəzifəsinə yeni təyinat olub.
Demokratik.Az xəbər verir ki, bunula bağlı parlamentin sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Fərid Famil oğlu Hacıyev bu vəzifəyə təyinat alıb.
Qeyd edək ki, Hacıyev Fərid Famil oğlu 1989-cu ildə Bakı şəhərində anadan olub. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğunun təşkili və idarəedilməsi üzrə magistr təhsili alıb.
Fərid Hacıyev 2012-ci ildən Azərbaycan Respublikasının Milli Məclisində fəaliyyət göstərməyə başlayıb. Bu vəzifəyə təyin olunana qədər isə Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.
O, Azərbaycan Respublikasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə təmsil olunub, beynəlxalq təlimlərdə iştirak edib və müvafiq sertifikat alıb. TürkPA ilə əməkdaşlıq çərçivəsində bir neçə model qanunun müəllifidir. Avropa Parlamentinin təşkil etdiyi müxtəlif layihələrdə və tədbirlərdə Milli Məclis Aparatını təmsil edib və parlamentin fəaliyyəti və büdcə nəzarəti mövzularında məruzələrlə çıxış edib. O, Şərq Tərəfdaşlığı ölkələrinin parlamentləri ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən həyata keçirilən "Şərq Tərəfdaşlığında müasir və güclü parlament administrasiyası" layihəsində Parlament Aparatını təmsil edir.
Xatırladaq ki, bundan əvvəl parlamentin Aparatının rəhbəri Səfa Mirzəyev idi.
Oxşar xəbərlər