Əziz Əzizov Binə qəsəbəsində "evcik-evcik" oynayır - yüksəkgərginliyin də altında evlər tikilir

  • 13 may 2022, 23:06
Xəzər rayonunun Binə qəsəbəsində yüksəkgərginlikli elektrik xətlərinin altında çoxsaylı evlər tikilib. Yerli sakinlərin məlumatına görə, bu qanunsuzluq hələ də bəzi işbazlar tərəfindən "uğurla" davam etdirilir.
"Demokratik.Az"-a daxil olan məlumata görə, sözügedən qəsəbədəki qanunsuz tikililər əsasən əkin təyinatlı torpaq sahələri üzərində müşahidə edilir. Eləcə də, son illərdə birmərtəbəli ev tikmək istəyənlərdən 1500 manat alınırsa, ikimərtəbəli evlərin inşası üçün Suraxanı icra hakimiyyəti adından vətəndaşlardan 3000-4000 manat arasında rüşvət toplanır. Pulu verənlər harda istəyirsə tikintisini edir, verməyənlər isə daşı-daş üstünə qoya bilmirlər. Ərazidə tuğyan edən qanunsuz tikintilərdə diqqət çəkən məsələ vətəndaşların əlində olan sənədlərlə də bağlıdır. Binə qəsəbəsinin əkin torpaqlarının əksəriyyəti Abşeron rayonu İHB tərəfindən vətəndaşların istifadəsinə və mülkiyyətinə verilsə də, əraziyə inzibati nəzarətçiliyi Suraxanı rayonu edir.

İstədiyi tikintiyə şərait yaradan, istəmədiyinin də üstünə şığıyan Suraxanı İHB-nin başbilənlərinə isə sual edən yoxdur ki, heç bir sərəncam hüququ olmayan İHB əslində nə işlərlə məşğuldur? Axı necə olur ki, Xəzər rayonuna aid Binə qəsəbəsindəki Abşeronun mülkiyyətində olan torpaq sahələrində məhz Suraxanı icra hakimiyyətinin diqtəsilə daşlar əkilir, ya da əlində sənədi-sübutu olan hansısa vətəndaşın ev tikmək istəyi rüşvət vermir deyə qursağında qalır? Axı, nə baş verir?

Qanunsuz tikintilərin durmadan artması, "Azərişıq" və "Azərenerji" ASC-nin maraqlarının ziddinə yüksəkgərginlikli elektrik xətlərinin altında belə göbələk kimi yayılması Suraxanı icra hakimiyyətinin tamamilə cəzasızlıq mühitində olmasını göstərir.  

Onu da bildirək ki, Suraxanı İHB-yə 2019-cu ildən bu yana Əziz Əzizov rəhbərlik edir. Adıçəkilənin başçı təyinatından sonra isə Abşeron İHB tərəfindən vətəndaşlara paylanmış Kənd Təsərrüfatı təyinatlı torpaq sahələri üzərində qanunsuz tikililərin sayı artıb. Bu işlərə "nəzarət" məqsədilə Əzizovun "anti-tikinti dəstəsi" də mövcuddur. Görünür, 100 hektarlarla əkin torpaqlarının sot-sot satılaraq küçə massivlərinin yaradılması, qanunsuz tikintilərin davam etdirilməsi Əziz Əzizovun və digərlərinin də "qara kassa" mənbəyidir. Yoxsa, cənab Əzizov özbaşınalığı şişirtməz, bu vurhavura DUR deyərdi!...
Demokratik.Az
Oxşar xəbərlər