Avropa Yenidənqurma və İnkişaf Bankı Gəncəyə 10 milyon avro sərmayə ayırıb

  • 13 may 2022, 15:31
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gəncəyə 10 milyon avro sərmayə ayırıb.
Demokratik.Az xəbər verir ki, bu barədə Gəncə şəhər İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) vitse-prezidenti Yurgen Rigterink, Azərbaycanın Maliyyə naziri Samir Şərifov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov arasında imzalanan sazişlərdə, AYİB şəhərin bərk məişət tullantılarının toplanması infrastrukturunun yaxşılaşdırılmasına sərmayə qoyuluşunu öhdəsinə götürüb. Layihə Gəncənin AYİB-nin “Yaşıl Şəhərlər” (EBRD Green Cities) proqramına cəlb edilməsinin bir hissəsidir və şəhərin “Yaşıl Şəhər” Tədbirlər Planının inkişafına təkan verəcək.

10 milyon avroluq kredit tullantıların ağıllı toplanması və marşrutun optimallaşdırılması sistemlərinin tətbiqinə sərf olunacaq. Yeni konteyner növləri, mövcud tullantı parkının təkmilləşdirilməsi və daha “Yaşıl” nəqliyyat vasitələrinin tətbiqi şəhərin kommunal xidmətlərində karbon izinin əhəmiyyətli dərəcədə azalmasına imkan verəcək. Bugünkü razılaşma müasir regional sanitar poliqonun tikintisi ilə bərk məişət tullantılarının təkmilləşdirilməsinin başa çatdırılmasına yönəlmiş növbəti layihəyə yol açacaq.

Tullantıların toplanması xidmətlərinin əhatə dairəsinin artırılması və genişləndirilməsi tullantıların nəzarətsiz yandırılmasını minimuma endirəcək, eyni zamanda əhalinin sağlamlığının və ümumi ətraf mühitin yaxşılaşmasına imkan verəcək.

5 milyard avro dəyərində olan AYİB "Yaşıl Şəhərlər" proqramı üzv şəhərlərə xüsusi olaraq “Yaşıl Şəhər” Tədbirlər Planı hazırlamaq və hər bir şəhərin şəhər problemlərini həll etmək üçün məqsədyönlü sərmayələr etməklə, ən aktual ekoloji problemlərini müəyyən etmək, prioritetləşdirmək və həll etmək üçün dəstək verir. Gəncə şəhəri bu proqrama 2020-ci ildə qoşulub.

Qeyd edək ki, Gəncə Azərbaycanda AYİB-in "Yaşıl Şəhərlər" şəhər dayanıqlılıq proqramına qoşulan ilk şəhərdir.
Oxşar xəbərlər