Elmi-Tədqiqat Kardiologiya İnstitutu TƏKZİB etdi - demokratik.az niyyətini açıqladı

  • 29 apr 2022, 17:29
Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kordiologiya İnstitutunda əlil olmaq istəyən və ya əlillik üçün təkrar müraciət etmək istəyən vətəndaşlara maddi maraqlar müqabilində heç bir həqiqəti əks etdirməyən sənədlərin verilməsi iddiasına qurum tərəfindən aydınlıq gətirilib. İnstitut mahiyyəti açarkən saytımızda yer alan faktlara münasibətdə yazılan bir sıra halları aşağıdakı kimi TƏKZİB də edir:

SİTAT: "Təəssüf hissi ilə qeyd edirik ki, 24 aprel 2022-ci il tarixində "demokratik.az" internet səhifəsində Akademik C.M.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya Institutu barasində bir sıra həqiqəti əks etdirməyən məlumatlar dərc edilmişdir. Azərbaycan Respublikasının qanunvericilik tələblərini pozmaqla yanaşı, jurnalistika etikasına zidd, birtərəfli və yalan məlumatların dərc edilməsini qınayırıq.

Məlumat üçün bildiririk ki, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən zərərçəkmiş şəxs kimi Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində hal-hazırda istintaqı davam edən şikayətimiz mövcuddur. Akademik C.M.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun sənədlərinin vətəndaşlar və onların əlaqəyə girdiyi kənar şəxslər tərəfinden saxtalaşdırılması faktı institutumuz tərəfindən aşkar edilmiş, dərhal aktlaşdırılaraq müvafiq hüquq-mühafizə orqanlarına göndərilmişdir. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyi və ona tabe müvafiq qurumlar məlumatlandırılmışdır.

"Media haqqında Azərbaycan Respublikası" qanununun 14.1.9 ( böhtan xarakterli), 14.1.11 ( birtərəfli); 14.1.14-cü (qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsi) maddələrinin tələbinin kobud suretdə pozulduğu həmin məlumatların dərc edilməsi, məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə belə aşkar, əminliklə adları qeyd olunmaqla əməkdaşlarımızın işgüzar nüfuzuna xələl gətirilməsi ilə bağlı həmin informasiya resurslarının sahibi və informasiyanı dərc edənlər qanunla məsuliyyət daşıyırlar"-SİTATın sonu.
 
Demokratik.Az saytı olaraq qarşı tərəfin mövqeyinə sayğımızı ifadə edirik. İnstitutla əməkdaşlıq çərçivəsində sözügedən biabırçılığın və saxtakarlıqların ifşa edilməsində əlimizdən gələni etməyə hazır olduğumuzu bildiririk. Təkzib mətnindən də görürük ki, məsələ olduqca ciddidir və institutun adından real saxtakarlıqlar ortadadır. 
Demokratik.Az saytı sözügedən materialı ölkədə saxta əlilliklə bağlı həssaslığı, ictimai önəmini nəzərə alaraq paylaşdığını, instituta qarşı deyil, işbazlara qarşı ictimai qınaq yaratmağa cəhd etdiyini, böhtan atmaq kimi ucuz niyyətlə fəaliyyət göstərmədiyini bəyan edir. 
İnanırıq ki, sözügedən cinayət işi üzrə Biləsuvardan Bakıya uzanan saxtakar şəbəkə tam ifşa edilməklə cəzalandırılacaqdır.

Demokratik.Az
Oxşar xəbərlər