Goranboy sakini prezidentə səsləndi: "VEMTAS" proqramı balalarımı çörəksiz qoyub"

  • 25 apr 2022, 20:32
Goranboy rayonunun Baxçakürd kəndində yaşayan bir ailə maddi sıxıntılardan əziyyət çəkir. Beş azyaşlı övladını dolandıra bilməyən atanın sözlərinə görə, heç cür ailəsinin maddi ehtiyaclarını, uşaqlarının sağlam böyüməsi və təhsil almalarını təmin edə bilmir. Kənddəki işsizlik, ailənin mal-qaraya belə sahib olmaması şikayətçi Vəliyev Vamiq Natiq oğlunu çörəklə ağır imtahana çəkir, üzləşdiyi durumu daha da dərinləşdirir.
Vamiq Vəliyevin Demokratik.TV-yə müraciətinə görə, ailənin ehtiyac meyarı ödənilməsə də, dövlət tərəfindən aztəminatlı ailələr üçün nəzərdə tutulmuş ünvanlı sosial yardım təyinatından yararlana bilmir. Əvvəllər bir neçə il sözügedən yardımı almağı bacaran kənd sakinlərinin müraciətləri son illərdə VEMTAS tərəfindən düzgün qiymətləndirilmir, müxtəlif bəhanələrlə şikayətçinin istəyi rədd edilir. Şikayətinə isə nə yerli qurumlardan, nə də yuxarılardan bir haray yoxdur. Çəkilişdən də göründüyü kimi, bir qarın ac, bir qarın tox yaşayan ailə normal şəraiti olmayan birotaqlı küməyə sığınıblar. Mənzil-məişət şəraitinin acınacaqlı olması, şəraitsizlik də ailədəki azyaşlıların sağlam böyüməsini və normal təhsil almalarını əngəlləyir. Vamiq Vəliyev ölkə rəhbərliyindən kömək istəyir. Hətta, ata qeyd edir ki, dövlət ona olmasa da, ac uşaqlarına sahib çıxmalıdır.  
Kənd sakini olan Şərifov Namiq Xəlil oğlu da VEMTAS proqramını robot adlandıraraq müraciətlərə biganə yanaşıldığını dilə gətirdi.  İnanırıq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, şəxsən cənab nazir Sahil Babayev yeməyə çörək belə tapmayan zavallı vətəndaşın müraciətinə həssaslıqla yanaşıb ailə ilə maraqlanacaq...
Oxşar xəbərlər